AZE | RUS | ENG |


Vətəni atıb xaricə qaçmağın asan yolu

Vətəni atıb xaricə qaçmağın asan yolu
Tələbə yoldaşları deyir ki, İlkin Rüstəmzadə adlı «facebook ulduzu»nun siyasi çağırışlar etməkdə bir məqsədi var – xaricdə sığınacaq almaq

«Onun nə istədiyini nə tələbə yoldaşları, nə müəllimlər, nə də rektorun özü indiyədək müəyyənləşdirə bilməyib» - son vaxtlar sosial şəbəkənin «yein ulduz»una çevrilmiş İlkin Rüstəmzadə haqqında Azərbaycan Dövlət İqtisad Universitetində söhbətləşdiyimiz hər kəs belə dedi. Hansı şüar altında keçirilməsindən asılı olmayaraq, öz «facebook» səhifəsində öz təbiri ilə desək «uşaqları» küçələrə çağıran İ.Rüstəmzadə özü də uşaqdı; Bakı şəhər 17 saylı orta məktəbin məzunudur, hazırda İqtisad Universitetinin informatika idarəetmə fakültəsinin 4-cü kursunda oxuyur.

Onun statusları özünün radikal tonu, dövlətçilik, xalq, eyni zamanda dini-mənəvi dəyərlərə qarşı yönəlməsi ilə başqalarından fərqlənir. Bəlkə də bunun nəticəsidir ki, sosial şəbəkənin «yeni ulduz»u hətta «massonlar»dan tutmuş, müxalifətə qədər bir çox dairələrin onu öz tərəflərinə çəkmək istədiklərini etiraf edir. Özünü qiymətə mindirmək üçün statuslarının radikallıq tonunu daha da artırır və hətta etiraf edir ki, «İmam haqqı məni heç kim mailiyyələşdirmir. Elə bir şey olsa niyə ortalığa düşməliyəm ki? Sakitcə oturub pivəmi içərəm…» Qeyd edək ki, oxşar çağırışlarla çıxış edən ənənəvi müxalifət təmsilçilərinin sosial şəbəkələrdə yaratdıqları müxtəlif qruplardakı davakarlığı artıq adi hala çevrilib. Təəssüflər olsun ki, radikal qanadın əlində vasitəyə çevrilmiş bu qisim gənclər elə internet üzərində də özlərini küçədəki kimi aparırlar, savadsızlıq, təhsilə dıranqarası yanaşma özünü yazdıqları yarımçıq və söyüş dolu cümlələrdə açıq şəkildə göstərir. Çox təəssüflər olsun ki, bu fonda yetişən gənc nəsil kitabxanalardan daha çox, polis məntəqələrini, məhkəmələri gəzirlər. Beləliklə də, təhsildən uzaq düşmüş sözün həqiqi mənasında qara kütlə formalaşmaqdadır.

Siyasi çağırışları ilə az vaxtda «şöhrət» qazanmış, tələbə yaşıdlarını təhsil ocaqlarından, parta arxasından küçələrə səsləyən İ.Rüstəmzadə qaraguruh fəallığı ərzində kitab-dəftərə də vaxt ayıra bilirmi? Maraq bizi Dövlət İqtisad Universitetinin «İstiqlaliyyət» küçəsində yerləşən əsas korpusuna apardı.

«Beş barmağın beşi də eyni deyil”

Onun özü ilə görüşüb “azadlıq” çağırışlarını öz dilindən eşidə bilməsək də, təhsil ocağının digər tələbələri və müəllimləri ilə söhbətləşdik. Öyrəndik ki, İlkin universitetin metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən korpusunda təhsil alır.

“Son vaxtlar ölkəmizdə sabit durumu pozmaq istəyən qüvvələrin fəallaşması göz qabağındadır. Binə hadisələri, İsmayıllı hadisələri buna misaldır. Müxtəlif dairələr aksiyalara gəncləri cəlb etmək məqsədilə addımlar atırlar” – deyə təhsil ocağından bildirdilər. Müəllimlərdən biri dedi ki, «beş barmağın beşi də eyni deyil. İnstitutda 18 min tələbə oxuyur. Ola bilsin ki, onlardan bir-ikisi bu və ya digər qüvvənin təsiri altına düşə bilər. Ancaq bu, bizim universitetin, burada təhsil alanların mövqeyini əks etdirmir. Ola bilər ki, sosial şəbəkələrdə belə çağırışlar olsun”- deyə bildirdilər.

Tələbələrin sözlərinə görə, universitetin, Tələbə Gənclər Təşkilatının rəhbərliyi dəfələrlə İlkinlə danışıqlar aparıblar. Deyilənlərə görə, onun nə istədiyini nə tələbə yoldaşları, nə müəllimlər, nə də rektorun özü indiyədək müəyyənləşdirə bilməyib.

Hər şeyi inkar etmək

Universitetin “Karyera mərkəzi”ndə söhbətləşdiyim tələbələr bu gün ölkəmizdə gənclər üçün həyata keçirilən dövlət siyasətindən razılıqlarını bildirməklə yanaşı, gənclərin, o cümlədən, öz tələbə həmkarlarının müxtəlif qanunsuz aksiyalarda iştirakını pislədilər. Onlar İlkinin «Facebook» çağırışlarında universitetlə bağlı narazılıqları səsləndirmədiyini, ümumilikdə ölkədə gedən proseslərlə bağlı radikal ovqatlı fikirlər işlətdiyini dedilər

Nərgiz Hüseynova adlı tələbə «İlkin hər şeydən narazıdır. Ümumiyyətlə, həyatdan narazıdır. Onun dərslərdən narazılığı yoxdur. Çünki imtahanlarda qeyri-şəffaf bir situasiya ilə qarşılaşmayıb. Ola bilsin, İlkin Rüstəmzadənin hansısa psixoloji problemləri var»- deyə qeyd etdi.

3-cü kurs tələbəsi Xəzər Qaraoğlu “Gənclərin müxtəlif şüarlar səsləndirməsinə normal yanaşıram, ancaq söhbət ondan gedir ki, ölkənin əldə etdiyi inkişaf prosesini və bilavasitə gənclər üçün yaradılan bu şəraiti inkar etmək qeyri-mümkündür. Çünki bunu artıq biz yox, xarici ölkələrin tələbələri də qeyd edirlər. Mən o cür gəncləri daha çox biliyə, savada səsləyirəm. Azərbaycan gəncliyini öz biliyini, savadını daha çox ölkənin inkişafına yönəltməyi məsləhət görürəm. Daha çox bu sferada fəaliyyət göstərsinlər”- deyə bildirdi.

Hətta müəllimlərdən biri onu Turgenyevin “Atalar və oğullar”ındakı Bazarovla eyniləşdirdi: «Hər şeyi inkar etmək, hər şeyə qara eynəkdə baxmaq, müsbət proseslərə münasibət bildirməmək, yalnız tənqid etmək».

Cavidan Qasımov adlı digər bir tələbənin isə fikri belə oldu: «Əl-qolla, hay-küylə, mitinqlərlə ümumi məxrəcə gəlmək olmaz. Hər kəsin öz fikri ola bilər. Ancaq bunun bir yolu var: qarşılıqlı anlaşma. Nəyisə inkar etməklə problemi aradan qaldırmaq mümkün deyil. Problemsiz cəmiyyət, ölkə, hətta, ailə də yoxdur. Problemi aradan qaldırmaq üçün yollar tapılmalıdır. Ancaq sosial şəbəkələrdə səslənib bütün cəmiyyəti tənqid etmək problemin həllində çıxış yolu ola bilməz».

Ola bilsin ki, aksiyalarda da iştirak edir...

Tələbə həmkarlarının dediyinə görə, İ.Rüstəmzadə institutda keçirilən müxtəlif tədbirlərə dəvət alsa da, heç birində iştirak etmir. Universitetdə onun keçirilən icazəsiz aksiyalarda iştirakını da istisna etmədilər: «Əgər belə çağırışlar edirsə, ola bilsin ki, aksiyalarda da iştirak edir».

Düzdür institutda inkar etmirlər ki, yanlış yola düşən, təsir altında olan tələbələrlə gündəlik iş aparmaq lazımdır: “90-cı illəri görməyən gənclərə o illərdə nələrin baş verdiyini öyrətməliyik. Onlara həmin hadisələri izah etmək, müqayisə etmək lazımdır. Axı, biz xaosdan, anarxiyadan çıxıb 20 il ərzində bu zirvəyə gəlib çıxmışıq. Biz sabitliyi pozmaq istəyən qüvvələrin qarşısını almalıyıq”.

Maraqlıdır, görəsən, təhsil ocağında İlkin Rüstəmzadə əqidəli gənclər yetişəndə ona tərəfdar olan, çağırışlarına səs verən çoxmu tələbələr tapılır? Tələbə-həmkarlarının dediyinə görə, bu cür tələbələr çox az saydadır: «Bura təhsil müəssisəsidir. Burada siyasi yönümlü fəaliyyət yoxdur. Bizdə tələbələrin ictimai fəallığında, irəliyə çəkilməsində onların siyasi yönümü əsas deyil. Onların siyasi yönümü asudə vaxtlarında ola bilər, dərs vaxtı yox».

Universitetin qarşısında yığışan tələbələrlə söhbətimizdən isə məlum oldu ki, İ.Rüstəmzadənin sosial şəbəkələrdəki çağırışı əbəs deyil: «Onun icazəsiz aksiyalara çağırış etməsinin, özü də bilərəkdən polislə toqquşmaya getməsinin bir məqsədi var - xarici ölkələrdən birində siyasi sığınacaq alaraq Azərbaycanı tərk eləmək. İcazəsiz aksiyalara qatılan, başını “dubinka”ların zərbəsi altına verib fotolar çəkdirməklə siyasi sığınacaq almaq istəyi İ.Rüstəmzadənin təhsil almaq, savadlı mütəxəssis olmaq istəyini artıq üstələyib. O, da özünü qanunsuz aksiyalarda polisin dəyənəyi altına atıb, əzablı üz cizgiləri ilə kameralara fon verib, sonradan Azərbaycandan sivişib çıxmış sələflərinin izi ilə gedir. Belə nümunələr təəssüf ki, yetərincədir…

Amma təbii ki, bu “nümunəyə” çevrilmək istəyi hər hansı təhsil ocağının divarları arasından səslənməməlidir. Bir halda ki, universitetin özündə də bildirirlər ki, biz demokratik ölkədə yaşayırıq və hər kəs öz fikrini söyləyə bilər: “Sən müəllimlərə, tələbə yoldaşlarına qarşı müxalifətdə ola bilərsən, amma dövlətə qarşı, ümumilikdə xalqa qarşı müxalifətdə olmağın axırı ancaq vətəni atıb qaçmaqdır…”.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7071
GBP 1 İngilis funt sterlinqi 2.2356
TRY 1 Türk lirəsi 0.4823
KWD 1 Küveyt dinarı 5.6352
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 1.9984
CHF 1 İsveçrə frankı 1.7899
USD 1 ABŞ dolları 1.7010