AZE | RUS | ENG |


Tələbəliyimi xatırladan qəzet

Tələbəliyimi xatırladan qəzet
“Jurnalist” tədris qəzeti gələcək jurnalistlərin ilk təcrübə ocağına çevrilib


Qarşımda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində buraxılan “Jurnalist” tədris qəzetinin bir necə sayı var. Tələbəliyimi, gəncliyimi mənə xatırladan, mənim üçün ən əziz və doğma olan qəzet. Tələbə adına layiq olduqdan sonra ilk yazım və mənim haqqımda “Uğur olsun, Qərənfil” (Bax: “Jurnalist” qəzeti, 8 dekabr 1987-ci il) adlı ilk oçerk də məhz bu qəzetdə çap edilib.
Təməli 1966-cı ildə qoyulan “Jurnalist”in bu gün də işıq üzü görməsi sələflərin yolunun şərəflə, uğurla davam etdirməsinə bir nümunədir. Bir az ürkək, bir az da “inqlabçı” ruhu duyduğum “Jurnalist”in bir necə sayını oxudum. Yenicə söz dünyasına qədəm qoyanların hiss-həyəcanını, emosiyasını, sevincini, kədərini, uğurunu duydum. Müxtəlif məzmunda və müxtəlif janrda olan yazılarda bu günümüzdən və sabahımızdan söhbət açılır.
Qədim yunan filosofu Sokrat söyləyirdi ki, “Dünyada hər şeyə qiymət qoymaq olar, yalnız müəllimin əsərinə qiymət qoymaqdan başqa”. Məncə də bu gün müəllim yoldaşlarımın köməyi ilə ərsəyə gələn tədris qəzeti olan “Jurnalist”ə ancaq ən yüksək qiyməti vermək olar. Çünki, hələ “söz səltənətinin ədədi, əbədi sahiblərinin” başa vurduqları yolun astanasındadırlar bu gənc yazarlarımız.
“Söz həmişə sahibinin kimliyini bəyan edir” deyimilə onların söz dünyasına səyahət etdim. “Uzun, incə bir yol” sərlövhəli məqalədə Almaz Məmmədova bütün insanları xeyirxahlığa səsləyərək əsil İnsan olmağa çağırır. Müşfik Şükürlü isə bu xeyirxahlığın “əvəzində” onu “...yolun sonunda işıqlı bir günəş gözləyir-uğur adlı işıqlarını üzünə səpmək üçün” deyə bütün kainata İnsanlıq, xeyirxahlıq sevgisi arzulayır.
“Jurnalist”in 17 fevral 2015-ci il tarixli sayı diqqətimi daha çox cəlb etdi. Həcmi kiçik olsa da, çox böyük mətləblərdən, ağrılı-acılı dünyamızdan, “insan ruhunun qidası” adlandırdığımız “müasir” bayağı musiqimizdən, “xar-xur olsun xaraba dolsun” deyə hər gün “həzm” etdiyimiz qidadan, gələcəyimiz olan uşaqların “asan yolla” pul əldə etmək üçün küçəyə atılmasından və daha neçə-neçə sosial-iqtisadi problemlərdən söhbət açılır bu sayda.
Daşqın Əzizin “İmzanla tanın” sərlövhəli məqaləsində fakültədə keçiriləcək növbəti “Mənim imzam” müsabiqəsindən bəhs edilir. O, üzünü tələbə yoldaşlarına tutaraq deyir: “Əgər sən də gözəl foto çəkə, maraqlı yazı yaza və ya süjet hazırlaya bilirsənsə, “Mənim imzam” layihəsinə qatıl!”
Yeri gəlmişkən onu da qeyd edim ki, hazırda fakültədə “Tələbədən-tələbəyə- 2”-yə layihəsinə start verilib. Bu BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin təşəbbüsü ilə həyata keçirilir və burada onlayın media üzrə jurnalist, media menecer olmaq istəyənlər üçün 3 aylıq pulsuz təcrübə proqramı elan edilib. “Tələbədən-tələbəyə” layihəsini bitirən şəxslərə sertifikatlar da təqdim olunacaq.
“6 yaşlı qəhrəmanım” sərlövhəli yazını oxuduqca çox təsirləndim və hər gün küçədə rastlaşdığım mənzərələr gözümün qarşısında canlandı. Aysel Xansoy küçədə dilənən uşaqların acı taleyindən ürək ağrısı ilə söz açaraq hər kəsi, xüsusən də cibi zəngin, “qəlbi yoxsul olan”ları onlara qarşı mərhəmətli olmağa səsləyir.
Könül Kərimlinin “Dilənməklə, yoxsa zəhmətlə pul qazanmaq” sərlövhəli məqaləsi də bu mövzudadır. Özlərini şikəst kimi göstərən və yaxud körpəsinin, yaxınının xəstə olduğunu bəhanə edərək əl açıb dilənənləri öz halal zəhməti ilə “çörək pulu” qazanmağa səsləyir. “Əl açmaq, dilənmək, yoxsa öz halal zəhmətinlə qazanmaq, bunu həmin insanların “vicdanına” buraxır müəllif.
“Anlaya bilmədiyimiz müasirlik, yoxsa...” sərlövhəli məqalədə Rizvan Yardımlı çox haqlı olaraq klassiklərin fikir və mülahizələrinə istinad edərək insanları daha kamil və aqil olmaq üçün elmə, təhsilə çağırır. Əlbəttə mükəmməl biliyə sahib olmaq üçün sağlam olmaq əsas şərtlərdən biridir. “Sağlam bədəndə sağlam ruh olar” deyimi boşa deyilməyib ki. Çinarə İsmayılova düzgün qidalanma rejimindən söhbət açır və sağlam olmaq üçün alimlərimizin dəyərli fikirləri ilə bir daha bizi tanış edir.
“Ağlama, balacam...”, “Bağışla, sevirəm deyə bilmirəm” sərlövhəli məqalələr isə milli musiqimizə və onun bu gün bəzi “musiqiçilərimiz” tərəfindən məhv edilməsinə həsr edilib. “Hər kəsin həyatında onun ruhunu əla alan, qəlbinin tellərinə toxunan mahnısı, musiqisi var” söyləyən müəllif Niftulla Qüdrətoğlu Şəbnəm Cavadzadənin “özünə hörmət edən bir insan musiqi zövqünü bu tipli jarqonların və söyüşlərin üstünlük təşkil etdiyi mahnılarla korlamamalıdır” fikrilə tamamilə şərik olaraq, yaşıdlarını da buna səsləyir.
“Arzuların sahili”ni oxuduqca bir daha əmin oldum ki, bu dünyada yalnız və yalnız arzuların əsiriyik. “Sizi bilmirəm, amma mən arzularımın sahilinə doğru üzürəm. Gəmim dalğaların hücumuna məruz qalsa da, soyuq, boran, tufan olsa da, mən sahilə çatacam”. Necə gözəl əzimli və vüqarlı bir arzu. Hər bir gənci Almaz Akif kimi belə inadkarcasına arzularına qovuşmaq uğrunda mübarizəyə çağırıram.
Təbii ki, “Jurnalist”in belə oxunaqlı və maraqlı olmasında, onun ərsəyə gəlməsində, qəzetin baş redaktoru “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının, gənc müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül xanım Niftəliyevanın ölcüyəgəlməz dərəcədə əməyi var. Hər bir tələbənin yazısı ilə saatlarla məşğul olmaq, ona vaxt ayırmaq, dərsdən sonra oturub bu yazıları çapa hazırlamaq ondan irəli gəlir ki, Könül xanım peşəsinin və tələbələrinin vurğunudur. Bu işdə ona yardımçı olan bacarıqlı və istedadlı tələbələrimizdən redaktor Maral Türksoya, məsul katib Niftulla Qüdrətoğluna və redaksiya heyətinə yalnız çox sağ olun demək qalır.
Bu heç də sirr deyil ki, hər kəs öz zəhmətinin qiymətləndirməsini görəndə daha şövqlə, əzmlə çalışır. Fakültəmizdə də “Tələbədən-tələbəyə” və “İmzanla tanın!” layihələrinin qaliblərinin mükafatlandırılması üçün fakültənin dekanı, filologiya elmləri doktoru, prof. Şamil Vəliyev və “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nın müdri, filologiya elmləri doktoru, prof. Cahangir Məmmədli bu xeyirxah missiyanı öz üzərlərinə götürmüşlər. Bu işdə onlara bir necə dəfə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov və “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas kömək edib.
Əziz tələbələrim! Siz də bol-bol oxucu sevgisi, tanınmış imza sahibi olmaq və daha çox qonorar almaq arzu edən müəlliməniz

Qərənfil Dünyamin qızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025