AZE | RUS | ENG |


Tamaşaçısız teatr kimə lazımdır? Fotolar

Tamaşaçısız teatr kimə lazımdır? Fotolar
Şri-Lankadan qayıdan Gənc Tamaşaçılar Teatrının direktoru tamaşaçı qıtlığı kimi problemləri olmadığını deyir


Ötən həftə Gənc Tamaşaçılar Teatrı Kolomboda keçirilən Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda teatr Patrik Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunub. Festivaldan dönən teatrın direktoru, əməkdar artisti, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov “Kaspi”yə müsahibəsində ilk öncə səfər barədə təəssüratlarını danışdı:

Azərbaycan teatrında bir ilk

- Şri-Lankanın paytaxtı Kolomboda ikinci ildir ki, Beynəlxalq Monotamaşalar Festivalı keçirilir. Bu il bizim teatr da o festivala dəvət aldı. Biz orada beş nəfərlik heyətlə, alman yazarı Patrik Züskindin “Kontrabas” tamaşası ilə iştirak etdik. Tamaşanın quruluşçu rejissoru mərhum rejissor, xalq artisti İrina Perlovadır. Şövqi Hüseynovun ifasında nümayiş etdirilən tamaşa 55 dəqiqə davam edir. Onu da qeyd edim ki, bu tamaşa İran, Moldova, Ukrayna, Belarus, Sankt-Peterburq və Rusiyanın bir sıra şəhərlərində keçirilən Beynəlxalq Teatr festivallarında ən böyük mükafata layiq görülüb. Festival çərçivəsində “British consul”da və Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetində çıxışım oldu. Beynəlxalq konfransda “Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı – 140”, “Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış etdim. Çıxışım çox böyük maraqla qarşılandı. Qatıldığımız festivalda müxtəlif ölkələrdən 7 teatr iştirak edirdi. Belə ki, Avstriya, Azərbaycan, Səudiyyə Ərəbistanı, Hindistan, Nepal, Şri-Lankanın özünün iki kollektivi də iştirakçılar sırasında idi. Festivalın açılış günü Beynəlxalq Teatr Gününə təsadüf edirdi. Aprelin 4-də festivalın bağlanışı oldu. Şri-Lankalıların və orada iştirak edən digər ölkələrin nümayəndələrinin Azərbaycan teatrı haqqında bilgiləri çox az idi. Demək olar ki, yox dərəcəsində idi. Festival iştirakçılarına Azərbaycan teatrının tarixindən, bugünkü fəaliyyətindən danışdıq.

Orada biz üç tamaşa nümayiş etdirdik - iki tamaşanı “British consul”-un, birini isə Şərq Universitetinin səhnəsində. Festival təşkilatçıları təsəvvür edə bilmirdilər ki, bir aktyor psixoloji dramı səhnədə necə canlandıra bilər. Tamaşanın sonunda alqış sədalarından tamaşaçıların səhnə əsərini çox bəyəndikləri hiss olunurdu. Bu tamaşa əsasında Şri-Lankalılar Azərbaycan teatrı haqqında geniş məlumat əldə etmiş oldular. Festivalda xüsusi nominasiyalar yox idi. Festivalda iştirak edən ölkələrə diplom, büst və kollektivin hər bir üzvünə sertifikat verildi.

- Adətən festivala gedən zaman teatr truppaları yeni mövzu, ideyalarla geri dönürlər.

- Tədbir əsnasında hindistanlı professor tamaşamızın Hindistanda keçiriləcək festivallarda iştirak etməsi üçün oranın Mədəniyyət Nazirliyi ilə danışacağını söylədi. Bundan əlavə, festivala Avstriyadan iki təmsilçisi gəlmişdi. Rejissor Karen, o həm də aktrisa kimi fəaliyyət göstərir. Onun yoldaşı isə prodüserdir və tamaşanın bütün texniki məsələlərini həyata keçirirdi. Onlar festivalda kuklalarla proyeksiyanın çox gözəl bir sintezini nümayiş etdirdilər. Tamaşa böyüklər üçün nəzərdə tutulmuşdu. Avstriyalıların teatrı ötən il Azərbaycanda Beynəlxalq Kukla Festivalında iştirak etmişdi və Azərbaycan haqqında geniş məlumatları var. Onları bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək ikinci böyük Beynəlxalq Kukla Teatrları festivalına dəvət etdim. Gələn il üçün biz orada seyr etdiyimiz tamaşanı gördüyümüz proyekt şəklində teatrımızda nümayiş etdirəcəyik. Bu, Azərbaycan teatrı üçün bir ilk olacaq. Burada kukla tamaşalarının elementlərindən istifadə olunur, aktyorların siması görünür, ekranda da görüntülər meydana gəlir. Tamaşa zamanı canlı aktyorla ekrandakı aktyorun dialoqu gedirdi. XXI əsr teatr proseslərində bu kimi texniki vasitələrdən istifadə etmək çox maraqlı alına bilər. Tamaşanın dövlət sifarişi əsasında Mədəniyyət və Turizm Nazirliyinin də dəstəyi ilə hazırlanması nəzərdə tutulub. Azərbaycan teatrında hələ bu eksperiment indiyə kimi olmayıb. Biz onlarla müəyyən razılıqlara gəldik. Tamaşanın ədəbi materialı biz tərəfdən veriləcək. İstəyirəm ki, ədəbi material ya Şərq, ya da Azərbaycan mövzusu olsun. İndi biz pyeslər üzərində seçim edirik. Avstriya tərəfdən isə həmin o texniki vasitələr gətiriləcək. Tamaşa bizim aktyorlarla hazırlanacaq, Avstriyadan gətirilən texnika isə bizim teatrda qalacaq.

- Bildiyim qədər, bu il Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Teatr Festivalı keçiriləcək. Buna hazırlıq gedirmi?

- İlin əvvəlində belə bir festivalın iyun ayında keçirilməsi nəzərdə tutulmuşdu. Beynəlxalq Kukla Teatrının keçirilməsi ilə əlaqədar həmin festivalı gələn ilə saxlamaq qərara alındı. Bu il ASSİTEJ-in xətti ilə beynəlxalq layihə həyata keçirəcəyik. Layihənin məktəblər arasında həyata keçirilməsi nəzərdə tutulub. Layihənin adı “Mən teatr haqqında danışmaq istəyirəm” adlanır. Artıq layihə əsasında Səbail rayonunda yerləşən məktəblərdən başlamışıq. Birinci mərhələ başa çatıb. 357 şagirddən 37-si ikinci tura keçib. İkinci tur bizim teatrda baş tutacaq. İkinci turun qalibləri mükafatlandırılacaq. Biz bunu ulu öndərimizin 90 illik yubileyi, Azərbaycan Peşəkar Milli Teatrının 140 illiyi və Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyi ilə bağlı əlaqələndirmişik. Aprelin sonu yekun turu həyata keçiriləcək.

İl ərzində bizim yeni səfərlərimiz nəzərdə tutulub. Sentyabrın 28-i Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacağıq. Orada 3 tamaşa oynayacağıq. “Kontrabas” tamaşası onların xahişi ilə nümayiş etdiriləcək. Orada kiçik səhnənin açılış mərasimi də nəzərdə tutulub. Açılış mərasimi isə sözügedən tamaşa ilə olacaq. Biz orada iki tamaşanı nümayiş etdirməyi nəzərdə tuturuq. Ancaq onlar “Kontrabas” tamaşasını Sankt-Peterburqda və Brest şəhərində görüblər və bizdən də çox xahiş etdilər ki, bu tamaşanı onların teatrında nümayiş etdirək.

- ASSİTEJ-in gələcəyə dair planları nələrdən ibarətdir?

- ASSİTEJ-in həm prezidenti, həm də baş katibi olan İvisa Simiçlə bizim razılaşmamız var. Bu gündən etibarən teatrımızda Aleksey Tolstoyun “Qızıl açar” əsərinin məşqləri başlayacaq. 40-45 gün ərzində tamaşa hazır olacaq. Bu da ASSİTEJ-lə bizim birgə layihəmizə daxildir. Baş katibin ixtisası rejissor olduğuna görə bizim təklifimizi qəbul etdi. Tamaşanın rəssamı olan Dinka Ceriçeviç də onunla birgə gələcək. Tamaşanın bəstəkarı Xorvatiyadan olacaq. Güman edirəm ki, çox maraqlı bir tamaşa alınacaq. May ayının axırlarına yaxın Çelyabinsk şəhərində yerləşən Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Tatyana Şevçenko bizim teatrda “Balaca və Karlson” tamaşasını hazırlayacaq. Bu tamaşa 25 il bundan qabaq teatrın səhnəsində rus bölməsində hazırlanıb. O zaman da bu tamaşaya çox böyük maraq olub. Bu tamaşadakı obraz tamaşaçılara tanış bir qəhrəmandır. Mövsümün bağlanışına qədər bu tamaşaları hazırlamağı düşünürük. Teatrın quruluşçu rejissoru Cənnət Səlimova “Markolfa” adlı bir əsər üzərində işləyir, tamaşa “İtalyansayağı xoşbəxtlik” adlanacaq. Bu tamaşa da mövsümün bağlanışına kimi təhvil veriləcək. Gələn il isə Abdulla Şaiqin “Danışan gəlincik” əsərinə quruluş verəcəyik, bir də Əli Əmirlinin “Hasarın o tayında” əsərinə müraciət etməyi düşünürük.

Tamaşaçı istənilən halda haqlıdır

- Teatrın repertuarında Əli Əmirlinin dramaturgiyasına daha çox müraciət edirsiniz. Bu nədən qaynaqlanır?

- Bu fikirlə razı deyiləm. Mənə elə gəlir ki, teatrımız gənc dramaturqlara daha çox müraciət edir. Kamran Ağababayevin “Xəzər şahzadəsinin nağılı” tamaşasında gənc bir dramaturqa müraciət etmişdik. Hansı ki, bu əsər Kamranın ilk işi olub. Bundan əvvəlki illərdə Rəvan Tohidoğlunun “İncəbel və div” əsərini səhnələşdirdik. Əli Əmirliyə də ilk dəfə 1988-ci ildə dramaturq kimi bizim teatr müraciət edib. Onun ilk səhnə əsəri olan “Ərizə” tamaşasını məhz biz təqdim etmişik. Demək olar ki, teatrın bu seçimi çox uğurlu oldu. Ondan sonrakı illərdə digər teatrlar, xüsusən Gənclər Teatrı, daha sonrakı illərdə Akademik Milli Dram Teatrı və bölgə teatrları Əli Əmirlinin repertuarına müraciət etdilər. Bu gün də Əli Əmirli Azərbaycanda ən məhsuldar, tanınmış dramaturqlardan biridir. Hazırda repertuarımızda yerli və Avropa dramaturqlarına, klassiklərinə müraciət olunur. Tamaşaçı cəhətdən heç bir problemimiz yoxdur. Əgər azad kassadan 100-150 nəfər tamaşaçı öz istəyi ilə bilet alıb tamaşaya gəlirsə, bu artıq teatrın uğurudur. Bəzi insanlar deyir ki, teatrlarda tamaşaçı qıtlığı var. Bu fikirlərlə razı deyiləm. Bunu o insanlar səsləndirir ki, onlar teatra getmirlər və ondan-bundan eşidib mənasız şəkildə danışırlar. Teatra bir dəfə gələn tamaşaçı ikinci dəfə yenə gəlir.

- Ötən ay repertuarınızda “Pələng ili” tamaşasına rast gəlmişdim. Ancaq deyəsən indi onu repertuardan çıxarmısınız?

- Həmin tamaşa repertuardan çıxarılmayıb. Onu teatrda cəmi iki dəfə nümayiş etdirmişik. Firuz Mustafanın yeni bir tamaşasıdır. İkinci dəfədir ki, Firuz Mustafaya müraciət edirik. O tamaşanın gələn ay oynanılması nəzərdə tutulub. Onun da öz tamaşaçısı var. Burada söhbət üç dostun istirahət zamanı çətin anda iç üzlərinin açılmasından gedir. Həyat rahat olanda hər kəs bir-biri ilə mehriban dost olur, ancaq bir balaca çətinlik olan zaman, kənardan pələngin səsi gələn kimi, bütün sifətlər açılır.

- Teatrınızda “Rəy” jurnalı 3-cü ildir ki, fəaliyyət göstərir. O jurnalın tamaşaların hazırlanmasında nə kimi rolu var?

- Tamaşaçılar orada öz fikirlərini bölüşürlər. O fikirlər bizim üçün çox vacibdir. Növbəti tamaşanı hazırlayarkən o fikirlərə istinad edirik. Onlar həmin jurnalda teatrımız haqqında çox müsbət fikirlər səsləndirirlər. Bu da onu göstərir ki, biz düz yoldayıq. Tamaşaçı istənilən halda haqlıdır. Gözəl tamaşa hazırlamaq üçün teatrlara hər cür şərait yaradılıb. Bircə qolu çırmalayıb işə başlamaq qalır. Son dönəmlər təhsil idarələrində şagirdlərə biletlərin satılmasına qadağa qoyulub. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Gənclər bütün teatrlara üz tutmalıdır. Kukla Teatrına gəlməyən azyaşlı uşaqlar sonra bizim teatra gəlməyəcəklər. Kukla Teatrı tamaşaçını bizim üçün yetişdirir. Biz isə tamaşaçını Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı üçün yetişdiririk. Bunlar hamısı bir-biri ilə əlaqəli şəkildə bağlıdır. Bizim repertuarda yer alan dramaturqların əksəriyyətini şagirdlərin dərsliklərində görmək mümkündür. Şagirdlərə bilet satılmasına qadağa qoymaqla onların mənəvi cəhətdən zənginləşməsinin qarşısı alınır. Necə ola bilər ki, dərslikdə Mirzə Fətəli Axundzadəyə uzun müddət vaxt ayrılsın, bizim teatrda Axundzadənin 4 komediyası oynanılsın və həmin şagirdlər o tamaşaya baxmasın? O tamaşaya baxmaqla komediyaların süjet xətti onların yaddaşlarına həkk olunacaq. Yaxud da Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərini oxumayan şagird tamaşaya baxmaqla əsərdən xəbərdar olacaq. Ən azından biz məktəblilərin bədii anlamının formalaşmasına yardımçı oluruq.

Gələn həftə Bəhram Osmanovun quruluşunda İsveç dramaturqu Lars Nurenin “Müharibə” tamaşasının premyerası gerçəkləşəcək. Torpaqlarının 20 faizi işğal altında olan ölkəni şagirdləri üçün bu tamaşanı izləmək mütləqdir. Tamaşaçısız teatr kimə lazımdır? Tamaşaçı pisi yaxşıdan seçir.


Xəyalə RəisFotolar"> Fotolar"> Fotolar"> Fotolar">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202