AZE | RUS | ENG |

Stepan Şaumyan haqqında həqiqətlər

Stepan Şaumyan haqqında həqiqətlər
Qabil ƏLİYEV
Tarix elmləri doktoru, professor


Azərbaycanın müasir dövr tarixinin görkəmli araşdırıcısı, tarix elmləri doktoru, Bakı Dövlət Universiteti Slavyan ölkələri tarixi kafedrasının professoru E.R.İsmayılovun Bakı kommunarların başçısı S.Şaumyanın həyat və fəaliyyətinin araşdırılmasına həsr edilmiş əsəri Vətən tarixşünaslığına qiymətli töhfədir. Monoqrafiya ciddi elmi tədqiqatın nəticəsi olmaqla bərabər, geniş oxucu kütləsinin rahatlıqla oxuyacağı anlaşıqlı bir dillə qələmə alınmışdır.

Əsərlə tanışlıq göstərir ki, tarixin dərin qatına gömülmüş, haqqında yazılanları artıq gərəksiz çap məhsulu kimi kitab rəfinin bir küncünə qoyduğumuz şəxsiyyətlər haqqında elm adamlarını, bütövlükdə ictimaiyyəti maraqlandıran kitab yazmaq olar. Bizim günlərdə ictimaiyyət tərəfindən birmənalı şəkildə mənfi qiymətləndirilən, Azərbaycan tarixində ən qanlı hadisələrdən birinə – 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı soyqırıma rəvac vermiş bir şəxsin siyasi tərcümeyi-halını qələmə almaq son dərəcə məsuliyyətli, həm də riskli bir addımdır. Məsuliyyətlidir, ona görə ki, bütün hallarda elmi obyektivliyi qorumaq, azərbaycanlı oxucunun gözlədiyi mənfi epitetləri işlətmədən dövrün tam mənzərəsini yaratmaq, baş verən hadisələrin, xüsusən müsəlman-türk əhalisinə qarşı kütləvi qətl və qarətlərin səbəb və nəticələrini soyuqqanlı şəkildə şərh etmək, həm də bu zaman qeyri-azərbaycanlı auditoriyanın da müəllifin gəldiyi qənaəti anlayışla qarşılamasına nail olmaq gərəkdir. Risklidir, ona görə ki, hər hansı bir yalnış ifadə oxucuda əsərə və müəllifinə qarşı neqativ münasibət yarada, onun obyektivliyinə şübhə ilə yanaşmasına səbəb ola bilər. Bütün bu həssas məqamları nəzərə alan müəllif son dərəcə diqqətli davranış, hər ifadəni bir tezisi yüksək peşəkarlıqla qələmə almışdır.

Monoqrafiyada ilkin mənbələrə çoxsaylı istinadlar diqqəti cəlb edir. Həm də qeyd etmək lazımdır ki, həmin mənbələrin əhəmiyyətli bir hissəsi elmi dövriyyəyə ilk dəfə müəllif tərəfindən gətirilir. E.R.İsmayılov irəli sürdüyü hər bir yeni fikri, tezisi arxiv materialları, memuar ədəbiyyatı, məktub və digər sənədlərdən gətirilən geniş sitatlarla sübuta yetirməyə çalışmış və əksər hallarda buna tam müvəffəq olmuşdur. Ümumiyyətlə, arxiv materiallarından geniş istifadə edilməsi monoqra-fiyaya akademik ciddilik vermişdir. Tədqiqatın miqyası haqqında çoxlu sayda arxiv materiallarından, o cümlədən RF arxivlərinin fondlarında saxlanılan sənədlərdən geniş istifadə edilməsi aydın təsəvvür yaradır. Əsərin əhəmiyyətini artıran mühüm məqamlardan biri də müəllif tərəfindən 1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında erməni bolşevik-daşnak dəstələrinin qətl və qarətləri haqqında faktlara geniş yer verilməsi, yeni materialların elmi dövriyyəyə gətirilməsidir.

Müəllifin böyük məharəti Azərbaycan-Ermənistan münaqişəsinin davam etdiyi, torpaqlarımızın 20 faizinin işğal edildiyi və anti-erməni ovqatını şərtləndirən çoxlu digər amillərin mövcud olduğu bir zamanda S.Şaumyanın şəxsiyyətinə və fəaliyyətinə obyektiv qiymət verməyi bacarmasıdır. Eldar müəllim öz «qəhrəmanının» faciəsini, bolşevik partiyasının, sosialist ideologiyasının aparıcı simalarından birini məhvə aparan səbəbləri tutarlı arqumentlərlə əsaslandırmış və oxucularını aydın və dəqiq mülahizələri ilə inandıra bilmişdir.

Monoqrafiyanın ilk bölmələrində S.Şaumyanın uşaqlıq və gənclik dövrü, Tiflis mühiti, təhsil alması, inqilabi fəaliyyətə başlaması müxtəlif mənbələrdən əldə edilmiş faktik material əsasında obyektiv şərh edilmişdir. Müəllif XIX əsrin yarısında və XX əsrin ilk onilliklərində erməni meşşan təbəqəsi içərisində təhsilə böyük maraq oyandığını xüsusi qeyd etmiş və bunun da erməni ailəsinin öz övladına yaxşı savad verməklə cəmiyyətin yuxarı təbəqəsinə nüfuz etmək şansı qazandırmaq istəyi ilə bağlı olduğunu göstərmişdir. Eldar müəllim «qəhrəmanının» həyat və fəaliyyəti haqqında sovet dövründə yazılmış əsərlərdəki faktlara da öz münasibətini bildirmiş, xüsusən gənc Stepanın 16 yaşında ikən gizli şagird təşkilatı yaratması, inqilabi mövzularda mühazirələr oxuması haqqında məlumatların gerçək olmadığını, onun elə o zaman yazdığı məktublardan gətirdiyi geniş sitatlarla sübut etmişdir. Monoqrafiya müəllifi gənc Stepanın bu illərdə erməni cəmiyyətində millətçiliyin güclənməsi fonunda familiyasının sonluğunu dəyişməsi, valideyninin verdiyi Şaumovu Şaumyanla əvəz etməsi motivlərinə də aydınlıq gətirmişdir.

E.İsmayılov yalnız S.Şaumyanın siyasi bioqrafiyasına aid faktları ardıcıl şərh etməklə kifayətlənməmiş, XX əsrin ilk onilliklərində bütövlükdə Rusiya imperiyasında, Qafqaz regionunda baş verən mürəkkəb ictimai-siyasi prosesləri də səriştə ilə təhlil etmiş, «qəhrəmanının» hər bir konkret hadisəyə münasibətini və bu münasibəti şərtləndirən amilləri aydınlaşdırmağa çalışmışdır.

Bu baxımdan, müəllifin 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətl və qarətlərin səbəbləri haqqında S.Şaumyanın fikirlərinə geniş yer verməsi təqdirəlayiqdir. Çünki, 1918-ci ilin yazında Bakı quberniyasında azərbaycanlıların kütləvi qətlinə rəvac vermiş siyasi xadimin 1905-ci ildə başlanmış erməni-azərbaycanlı qırğınlarına münasibəti xüsusi maraq doğuran məsələlərdəndir. Eldar müəllim “qəhrəmanının” bu hadisələrlə bağlı yazılarını diqqətlə araşdıraraq qeyd etmişdir ki, Şaumyan qırğınların baş verməsinin əsas günahkarının çar mütləqiyyəti olduğunu elan etmiş, erməni və azərbaycanlı ziyalıların – «öz millətlərinin burjua-millətçi ideoloqlarının təsiri altında olan erməni-tatar (azərbaycanlı – Q.Ə.) kütlələrinin şüursuzluğunun erməni-tatar toqquşmaları üçün zəmin» hazırladığını bildirmişdir. Müəllif oxucuların sosial-demokrat Şaumyanın bu hadisədən çarizmə qarşı mübarizədə təbliğat məqsədilə istifadə etməsinə, erməni siyasətçisi Şaumyanın isə qırğının əsil səbəbkarı olan Daşnaksutün partiyasının mənfur rolunu tam açıqlığı ilə qeyd etməməsinə diqqət yetirmələrini zəruri saymışdır.

Doğrudan da, XX yüzillyin başlanğıcında erməni cəmiyyətində Rusiya hakimiyyətinə qarşı narazılıq kəskin surətdə artmışdı. Erməni məktəblərində erməni tarixi və ədəbiyyatı fənlərinin tədrisinin dayandırılması, dini seminariyaların qapadılması, Eçmiədzin kilsəsinə aid əmlakın müsadirə edilib hərraca çıxarılması və s. tədbirlər Daşnaksutün partiyasının hökumət nümayəndələri əleyhinə terrorçu fəaliyyəti genişləndirməsinə şərait yaratdı. Bu, Rusiya imperiyası miqyasında terrorizm dalğasının əvvəlki illərlə müqayisə edilməyəcək miqyasda artması ilə bir dövrə təsadüf edirdi.

XX əsrin ilk illərində bir-birinin ardınca Xalq maarif nazirinin, iki Daxili işlər nazirinin, çar ailəsi üzvünün, bir neçə qubernator, şəhər rəisi, məhkəmə hakimi və yüksək rütbəli hərbçinin öldürülməsi hökumət dairələrində qorxu və vahimə yaratmışdı. Daşnakların da Qafqazda bir neçə səs-küylü sui-qəsd aktları gerçəkləşdirmələri yerli hakimiyyət nümayəndələrinin ermənilərə münasibətdə daha çox üzgörənlik etmələrinə, 1905-ci ilin ilk aylarında bütün Rusiyada «Rədd olsun mütləqiyyət!» şüarı ilə etiraz çıxışları kütləvi miqyas aldıqda isə daşnakları azərbaycanlılara qarşı kütləvi qətl və qarətlərə şirnikləndirmələrinə səbəb oldu. İnqilab başlandıqdan sonra, çar hakimiyyəti üçün xalq kütlələrinin diqqətini başqa səmtə, həmişə həssas məsələ olmuş millətlərarası münaqişələrə yönəltmək həyati əhəmiyyət kəsb etdiyi bir zamanda, yerli hakimiyyət nümayəndələri ilə daşnakların işbirliyi azərbaycanlı əhali üçün yeni-yeni fəlakətlərə yol açdı.

Ona görə də, S.Şaumyanın isə öz publisist yazılarında millətlərarası qırğında daha çox «cəhalət içində olan tatarları» günahlandırması, mütəşəkkil milli, siyasi təşkilatlar yaratmış erməni burjuaziyası ilə, bu istiqamətdə ilk addımlarını atan azərbaycanlı ziyalılarının və burjua nümayəndələrinin hadisələrə təsir imkanlarını eyniləşdirməsi o dövrün reallıqlarına, real qüvvələr nisbətinə uyğun deyildi. Eldar müəllim bütün bunları konkret faktlarla qeyd etmişdir.

Monoqrafiyada S.Şaumyanın ayrı-ayrı dövrlərdə daşnak nümayəndələrinə fərqli münasibəti, 1918-ci ilin yazında onlarla iş birliyinə girməsi səbəbləri diqqətlə araşdırılmışdır. Əsərdə həmçinin bolşeviklərlə daşnaklar arasındakı ideoloji ziddiyyətlər, onların Bakıda hakimiyyəti ələ keçirmək və mövqelərini möhkəmlətmək üçün atdıqları addımlar, eləcə də erməni siyasi xadiminin bolşevik platformasına sadiq qalmaqla, daşnaklarının qatı millətçi baxışlarına baxmayaraq, bu iki qüvvəni bir araya gətirmək cəhdləri və bu yolda uğursuzluğa düçar olması səriştə ilə şərh edilmişdir.

Əsərdə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin erməni bolşevik-daşnak qüvvələrinin etdikləri əməllərə görə faşistlərlə bərabər tutulması maraqlı müqayisədir. Doğrudan da A.Hitler və onun rəhbərlik etdiyi Nasional-sosialist partiyası üzvləri yalnız etnik mənsubiyyətinə görə yəhudiləri kütləvi şəkildə qırdıqları kimi, S.Şaumyan və onun rəhbərlik etdiyi Bakı bolşevik təşkilatı da daşnak-larla və Erməni Milli Şurası üzvləri ilə ittifaqda Bakıdakı türk-müsəlman əhalisini etnik-dini mənsubiyyətinə görə düşmən elan edib kütləvi məhv etməyə başlamışdı. Həm də bu zaman S.Şaumyan və onun komandası faşist qəddarlığı, faşist metodları ilə hərəkət etmişdi.

Əsərdə Bakı Xalq Komissarları Sovetinin yarandığı dövrdə ictimai-siyasi vəziyyət diqqətlə araşdırılmışdır. Müəllif S.Şaumyanın rəhbərlik etdiyi Bakı XKS-nin idarəçilik sistemini, yerli müsəlman əhaliyə qarşı yeritdiyi ayrıseçkilik, bir çox hallarda isə açıq düşmənçilik siyasəti ətraflı təhlil etmişdir. S.Şaumyanın azərbaycanlı əhalini geridə qalmış, idarə işlərini bacarmayan, savadsız kütlə sayması, Mərkəzi Rusiyadakı bolşevik nümayəndələrindən fərqli milli siyasət yeritməsini konkret faktlarla qeyd edilmişdir.

Eldar İsmayılov Bakıda Sovet hakimiyyətinin anti-azərbaycan siyasətini şərh edərkən bir məsələni xüsusi vurğulamışdır. Məhz Bakı Soveti rəhbərliyinin anti-azərbaycan siyasətinin, türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımın Azərbaycanda sovet rejiminin sosial dayağının zəifləməsinə gətirib çıxardığını bildirmişdir.

Müəllif S.Şaumyanın bolşeviklər adından daşnak-sağ eser-menşevik blokunu ikiüzlülükdə, yalançılıqda, Sovet hakimiyyətinə xəyanətdə günahlandırmasının doğru olmadığını bildirmişdir. Eyni zamanda, bolşevik rejiminə müxalifətçi mövqedən çıxış edən partiya xadimlərinin də bolşeviklər haqqında fikirlərinin eyni ilə neqativ olmasını əsaslı saymışdır. Bolşeviklər partiyasının 1918-ci ilin başlanğıcında Ümumrusiya parlamentini – Müəssislər Məclisini qovmasını, Sovetlərin rolunu heçə endirərək adi danışıq yerinə çevirməsini, digər partiyaların, siyasi xadimlərin rəyi ilə qətiyyən hesablaşmadığını qeyd edən müəllif, S.Şaumyanın siyasi rəqiblərinin xalq hakimiyyəti prinsiplərindən imtina etməkdə günahlandırılmasına haqqı olmadığını bildirmişdir.

Müəllif «Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı» adlı sənədlər toplusunun birinci cildində (Bakı: Çaşıoğlu, 2009) çap olunmuş S.Şaumyanla bağlı sənədlərə də münasibətini bildirmişdir. Məsələ burasındadır ki həmin sənədlərdə 1918-ci il 20 sentyabrdan – Bakı XKS üzvləri güllələndikdən sonra Stepan Şaumyanın sağ qalması öz əksini tapmışdır. Eldar müəllim həmin məlumatları diqqətlə araşdırmış və güllələnmə olayından sonra Stepan Şaumyanın adının Krasno-vodsk həbsxanasında ərzaq payı alanlar sırasında qalması haqqında məlumata aydınlıq gətirmişdir. Onun fikrincə, Bakıda Sovet hakimiyyəti qurmuş bolşevikləri və onların yardımçılarını güllələməyə məhkum edənlərin Stepan Şaumyanı sağ saxlamaları heç bir məntiqə sığmır, onun adının həbsxanada ərzaq payı alanlar sırasında qalması faktı isə adi bir yanlışlıqdır, həbsxana nəzarətçisi Suren (Stepan Şaumyanın oğlu) adını səhvən Stepan yazmışdır.

S.Şaumyanın ingilislər tərəfindən Hindistana aparılması haqqında fikirlərə müəllifin münasibəti də maraqlıdır. Eldar müəllim son dərəcə korrekt və eyni zamanda birmənalı şəkildə S.Şaumyanın Hindistana aparılmadığını, ingilislərin də buna xüsusi cəhd etmədiklərini elə həmin fikirləri irəli sürənlərin əsaslandıqları sənədlər əsasında sübut etmişdir. Müəllif bu məsələnin şərhi zamanı da öz opponentlərinin arqumentlərinə qarşı çox həssaslıqla yanaşmış, eyni zamanda öz mülahizələrini son dərəcə məntiqli bir şəkildə əsaslandırmışdır.

Bütövlükdə E.R.İsmayılovun monoqrafiyasında Vətən tarixinin çox mühüm, həm elmi, həm də ictimai maraq doğuran problemlərindən biri haqqında dolğun və bir çox məqamlarda unikal məlumatlar verilmişdir. Oxucu bu əsəri vərəqləməklə XX əsrin ilk onilliklərində baş verən dramatik hadisələrə, 1918-ci ildə cərəyan etmiş ictimai-siyasi proseslərə yeni, fərqli bir baxışla tanış olmaq imkanı qazanmışdır. Hesab edirəm ki, istedadlı tarixçinin qələmindən çıxmış bu yeni əsər həm mütəxəssislər üçün, həm də Azərbaycanın və Qafqazın müasir tarixi ilə maraqlanan hər kəs üçün faydalı olacaqdır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112