Separatçılar və fərarilərin arxasında gizlənmiş korrupsioner

Separatçılar və fərarilərin arxasında gizlənmiş korrupsioner

Siyasət
03 May 2013, 08:44 2498
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev indi də qaçıb gizləndiyi Avropa ölkələrində Azərbaycana qarşı geniş miqyasda qarayaxma kampaniyasına başlayıb. Bir vaxtlar milli maraqlarımıza xəyanət edərək ölkədən qaçmış separatçı və fərariləri maliyyələşdirib Azərbaycanın imicini ləkələməyə çalışan korrupsioner rektor bu dəfə xəyanətkar olmaqla yanaşı, həm də özünün antimilli simasını nümayiş etdirir. Bu barədə “Təzadlar” qəzeti diqqət cəlb edən araşdırma yazısı verib. Həmin məqaləni diqqətinizə çatdırırıq.

Ordan başlayım ki, 2013-cü il 6 aprel tarixində İsveçrənin Bazel şəhərində Avropada yaşayan azərbaycanlıların iştirakı ilə “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatının təsis konfransı keçirilib. Konfransda Avropanın 7 ölkəsindən 85 nümayəndə iştirak etmişdir. Eyni zamanda Rusiya, Kanada və Ukraynadan iştirakçılar skype vasitəsilə konfransın işinə qatılmışlar. Bakıdan isə keçmiş dövlət katibi, ALP-nin sabiq sədri Lalə Şövkət Hacıyeva və bəzi digər siyasi, ictimai təşkilatların təmsilçiləri konfrans iştirakçılarını telefonla canlı bağlantıda təbrik etmişlər. Yeni qurulan təşkilatın təsisçiləri Azərbaycanda insan haqları, demokratik təsisatların inkişaf etdirilməsi kimi ideyaları müdafiə etdiklərini bildirmişlər. Əslində, bu qurumda kimlərin təmsil olunduğu mühüm amillərdən biri hesab olunmalıdır.

“OMON”a qarşı fərarilik edən...

1993-ci ildə OMON, yəni Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) kimi tanınmış hərbi birlikdə işləmiş və Zəngilan uğrunda ermənilərə qarşı döyüş əməliyyatlarında fərarilik etmiş Qabil Rzayevin bu əməli o zaman komandiri olmuş mərhum DİN müavini Rövşən Cavadovun qəzəbinə səbəb olmuşdu. Rövşən Cavadov səngərdə fərarilik etmiş hər hansı bir döyüşçünü qətiyyən əfv etməzdi. Buna görə də Qabil Rzayevin dərhal həbs olunaraq onun yanına gətirilməsi əmrini vermişdi. Rzayev döyüş yoldaşını səngərdə tək qoyub qaçdığını və buna görə güllələnəcəyini dərk etdiyi üçün komandirinin ayaqlarına düşərək göz yaşları içində onun bağışlanılmasını yalvarmışdır. Cavadovun etibar etdiyi yaxın ətrafı onun bu dəfə əfv olunmasını rica edirlər.

“Gizli şəkildə “Talış Muğan Respublikası”nın konstitusiyasını yazırdı...”

...Elşad Abdullayevin ətrafında həm də Ataxan Əbilov adlı birisi var və o, məhz bu dövrdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim işləməklə yanaşı, gizli şəkildə “Talış Muğan Respublikası”nın konstitusiyasını yazırdı. Onun hazırlamış olduğu bu sənəd əsasında Azərbaycanın cənub bölgələrində böyük bir təbliğat şəbəkəsi də qurulmuşdu: “Bizlər talış xalqı olaraq öz dövlətimizi qurmalıyıq və Qarabağ uğrunda döyüşlərə qatılmağımızın heç bir mənası yoxdur, qoy türklər öz torpaqları uğrunda mübarizə aparsınlar. Çünki talışlar və ermənilər eyni kökə, yəni ari irqinə məxsusdurlar”.

İndi Avropada mühacir ömrünü yaşayan bu iki şəxs bir araya gələrək “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatını yaratmışlar. Bütün bunlar azmış kimi, özləri kimilərini də yeni təşkilata cəlb etməklə yeni bir dalğanın yarandığını elan etmişlər. Bu quruma Azərbaycanla bağlı fəaliyyətləri şübhəli olan bir sıra şəxslər də qatılmışlar.

İllər boyu korrupsiya yuvası olmuş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev, Coşqun Feyzullazadə, Surxan Lətifov, Elnur Məcidli, Rəşad Qurbanov, Canmirzə Mirzəyev, Telman Kazımov, Fərhad Axundov və digərlərinin adlarını göstərmək olar. Belə bir qurumun yaradılmasında Avropanın bir sıra insan haqları təşkilatları, eləcə də burada dəbdə olan Yaşıllar Hərəkatı, Transnasional Radikal Partiyası, Avropa Liberal İttifaqı və digər siyasi qurumlar da yedək gücü kimi dəstək verdiklərini bildirmişlər. Belə bir qurumun yaradılması Azərbaycanın siyasi çevrələrində bir qədər ehtiyatlı tərzdə qarşılanmışdır. Çünki Azərbaycanın əsas müxalifətini təmsil edən Müsavat, ADP, AXCP, KXCP kimi partiyaların liderləri yeni qurumun başında duranların kimlərin olduqlarını bildikləri üçün susmağa üstünlük vermişlər.

“Milli Birlik Şurası”nın gizlinləri

Sözdə Azərbaycanda sosial-iqtisadi problemlər, əsgər ölümləri, vətəndaşların mülkiyyət hüquqlarının pozulması, hakimiyyət-müxalifət münasibətləri, Dağlıq Qarabağ konflikti və digər problemlərə önəm verdiyini elan edən yeni qurumu təmsil edənlər faktiki olaraq, Azərbaycanda strateji maraqları olan dövlətlərin “MAŞA”sı rolunda çıxış etməyə başlamışlar. Belə ki, “deyerler.org”, “faktxeber.com”, “sizinyol.com”, “araznews.com”, “contact.az”, “islaminsesi.az”, “edaletsizliklemubarize.wordpress.com”, “xeber44.com”, “smtpaz.ipower.com”, “haqq-adalet.com”, “gundamxəbər.com” və digər informasiya resurslarının bu quruma dəstək verməsinin arxasında İrana məxsus şəbəkələrin də durması bir həqiqət olaraq ortadadır. Beləliklə, Avropada son illər güclənməkdə olan anti-türk şəbəkələrə İran, Rusiya və digər dövlətlərə məxsus xüsusi strukturlar da dolayı yolla yeni quruma dəstək verməyə başlamışlar.

Beləliklə, “Milli Birlik Şurası” adı altında vaxtilə Azərbaycandan mühacirət etmiş və Avropada sığınacaq tapmış insanlar bu dəfə Qərbin üzərindən Azərbaycana qarşı mübarizə aparmağa başlamışlar. Bu qurumun sədri vəzifəsinə seçilmiş Qabil Rzayevin, onun birinci müavini “hüquq elmləri doktoru” Elşad Abdullayevin, qurumun məclisinin sədri Ataxan Əbilovun təyin olunması xüsusilə ciddi məsələ kimi başa düşülməlidir. Ataxan Əbilov həm də Hollandiyada sığınacaq almış, separatçı “TMR”-in “prezidenti” Əlikram Hümbətovun baş məsləhətçisidir. Məhz Ataxan Əbilovun vasitəsilə Moskvadakı “talış separatçıları” beynəlxalq insan haqları təşkilatları ilə koordinasiya formasında fəaliyyət göstərirlər. Fəaliyyəti qapadılmış ABU-nun (Azərbaycan Beynəlxalq Universiteti) rektoru olmuş Elşad Abdullayevin keçmiş fərarilər və separatçılarla bir araya gəlməsi xüsusilə diqqət çəkən məqamlardan biri hesab olunur. Elşad Abdullayev bir tərəfdən Azərbaycanda hüquqlarının pozulması, onun daim təzyiqlər altında olması, hakimiyyət yetkililərinə hər bir işi ilə bağlı rüşvət verməyə məcbur edilməsi faktlarını açıqlasa da, digər yandan həmin vəsaitləri hansı yolla qazandığını da açıqlamalı olduğu halda, bütün bunları susqunluqla qarşılayır. Halbuki, onun Moskva, Dubay və digər antitürk mərkəzli şəbəkələrlə ABU adı altında iqtisadi və maliyyə əlaqələrinə aydınlıq gətirilməlidir.

O, bütün bunları təhsil siyasəti adı altında apardığını, beləliklə, ölkədə insan alveri tipli daha dərin qatlarda gizlənmiş hədəfləri siyasiləşdirməklə, MTN-də mayor rütbəsində olmuş qardaşı Mahir Abdullayevin “itkin” düşməsi, millət vəkili seçilməsi üçün hakimiyyətin yuxarı dairələrinə rüşvət verməyə təhrik edilməsi faktorunu qabartmaqla başlıca strateji hədəflərini də beləcə gizlətməyə çalışır. Bakıda yaşadığı zaman müntəzəm olaraq Dubay və Moskva səfərlərinin gizlinlərini açıqlasaydı, rektoru olduğu ABU-nun çevrəsində nələrin baş verdiyi həqiqətlər də üzə çıxardı. İndi Elşad Abdullayev bütün bunlara aydınlıq gətirmədən, Avropada separatçılar və fərarilərlə birlikdə yeni bir cəbhə yaratmağa başlamışdır...

Strasburq həqiqətləri

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) önündə Avropada yaşayan mühacirlər bu ad altında bir sıra problemləri bəhanə edərək etiraz aksiyası keçirməyə başlamışlar. Elşad Abdullayevin maliyyələşdirdiyi “Avropa Azərbaycanlıları Milli Birlik Şurası”nın tərəfindən başladılan belə bir prosesdə öz keçmiş cinayət əməllərini gizlətməklə yeni statusda hərəkət etmək taktikasını seçən keçmiş fərarilər, separatçılar, şübhəli rüşvət dalğasının qurbanları yeni ampulada hətta, Azərbaycan dövlətinin siyasətinin aparıcı simasına çevrilmək istədiklərini belə gizlətmirlər. Onlar Azərbaycandakı müxalifətə və KİV-lərə xoş gəlmək üçün bəzən demokrat cildində hərəkət etməyi belə unutmadıqlarını bildirirlər. Hətta bu qurumlarla əməkdaşlıq etmək, onların tələblərini dilə gətirərək Avropada “Azərbaycanda demokratiyaya dəstək və siyasi məhbuslara azadlıq” tələbi ilə aksiyalar keçirməklə bu yöndə istənilən şouları gündəmə gətirə biləcəklərini belə qeyd edirlər. Fransa, İsveçrə, Almaniya, Hollandiya, İsveç, Litva, Belçika, Norveç, Finlandiya, hətta Ukrayna, Rusiya və digər dövlətlərdən bu siyasətə dəstək verə biləcək vətəndaşların da iştirak edəcəyini bildirirlər.

Strasburqda AŞPA-nın binası qarşısında keçirilən son aksiyada Elşad Abdullayev öncədən “Azərbaycandan Deportasiya Olunmuş Erməni Vətəndaşlar Birliyi” təşkilatının, separatçı “DQR” və “TMR”-in nümayəndələri ilə birlikdə olmuşdur. Belə ki, müşahidələrə əsasən onu da qeyd etmək lazımdır ki, Elşad Abdullayevin əsas hədəfi “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” adı altında keçirilən aksiyalarda iştirak edənlərin sayının həddindən artıq çox olduğunu dünyaya göstərməkdən ibarətdir. Bu mənada gerçəkdən Azərbaycanı sevən və mühacirətdə yaşamaq məcburiyyətində olan vətəndaşlar həqiqətən də Qabil Rzayevin, Elşad Abdullayevin və Ataxan Əbilovun kim olduqlarını çox yaxşı dərk edirlər. Beləcə öz şəxsi problemlərinin fonunda Elşad Abdullayev Azərbaycana qarşı separatçı mövqedə olanları, onlara dəstək verənləri və fərariləri maliyyəlşdirməklə bu dəfə hansı mövqelərə qədər yüksəldiyini nümayiş etdirmək taktikasını seçmişdir.

Elşad Abdullayevin intiqam almaq hədəfləri

Azərbaycandakı prezident seçkiləri ərəfəsində ölkədə yaranmış siyasi aktivliyi nəzərə alaraq hərəkət etməkdir. O, özünün maraqlarını təmin etmək üçün digər tərəfdaşları ilə birlikdə bu prosesdə iştirak etməyi hədəf seçmişdir.

Beləliklə, hakimiyyətdəki məmurlarla açıq səviyyədə döyüşə qatıldığını belə gizlətməyən E.Abdullayev hətta Berlində “Meydan TV” kanalının yaradılması təşəbbüsünü müdafiə edib. Bu TV kanal əslində Elşad Abdullayevin intiqam tribunasına çevriləcək. Hətta bu TV kanalda Qabil Rzayev, Ataxan Əbilov, Telman Kazımov, Fərhad Axundov, Elnur Məcidli, Coşqun Feyzullazadə, Surxan Lətifov kimi siyasi mənşəyi şübhəli olanlar belə, xüsusi proqram layihələri hazırlamağa başlamışlar. Əldə etdiyimiz məlumatlara görə, “Meydan TV” layihəsi əsasında Elşad Abdullayev həm də Azərbaycanda TV kanalın şəbəkələrini yaratmağa başlamışdır. Beləliklə, E.Abdullayev Azərbaycan cəmiyyətinin aktiv kəsiminin əsas diqqətinin onun TV kanalına yönəldilməsi taktikasını seçmişdir.

Azərbaycanda insan haqları və hüquq və azadlıqların qorunmasını bəhanə edərək Elşad Abdullayev özü üçün reabilitasiya statusunu əldə etmək üçün daha irimiqyaslı hücumları hədəfə almışdır. Onun nüfuzunu nəzərə alaraq separatçı qüvvələr bu prosesdən istifadə etməyi hədəf seçmişlər. Avropadakı “Azərbaycandan Deportasiya Olunmuş Erməni Vətəndaşlar Birliyi”, “TMR” və “DQR”-in Avropa üzrə nümayəndəlikləri də Azərbaycanda siyasi azadlıqların, milli azlıqların hüquqlarının tanınması, hətta onlara konstitusiyada olduğundan da yüksək səviyyədə hüquqların verilməsi kimi şərtlər daxilində Elşad Abdullayevə dəstək verdiklərini bildirmişlər.

Şəxsi intriqa və iddialarının əsirinə çevrilən Elşad Abdullayev indi də anti-Azərbaycan siyasətində yer almağa başlamışdır.

İmran Qasımov,
Almaniya, Berlin şəhəri.