AZE | RUS | ENG |

Qurbanın haqqı

Qurbanın haqqı
Bu yaxınlarda nəfis tərtiblənmiş,səliqə ilə bəzədilmiş bir kitab əlimə keçdi. Kitabın üz qabığında müəllif adı yox idi.Təkcə bu sözlər yazılmışdı: “Haqqın Qurbanı”, “Yazıçı” - 2014.Kitabın ilk səhifələrindən anlaşıldı ki, bu, çox orijinal kitabdır (topludur).Çünki kitabın müəllifi bir nəfər deyil.Baş redaktor,ideya rəhbəri, tərtibçi,ön söz və “Qurbannamə”poema-essenin müəllifi “Qılınc və qələm” və Rəsul Rza adına Beynəlxalq Ali Ədəbi Mükafatlar laureatı şair Yusif Nəğməkardır.Kitabın əvvəlində şair Y.Nəğməkar sözü gah riyazi məzmunla,gah poetik ifadələrlə,gah fəlsəfi düşündürücülüklə yükləyərək 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişə dəyərləndirmə vermişdir.Bəri başdan deyək ki,Y.Nəğməkarın müəllim-şair,el ağsaqqalı Qurban Musayevə sonsuz məhəbbətinin nəticəsidir ki, bütün kitab boyu onun psixolinqvistik mexanizminin genişlənməsinin, ölçüyəgəlməz vüsətinin şahidi oluruq Y.Nəğməkar şair Qurban Musayevin istedadını,yaradıcılıq diapozonunu riyazi anlayışlar meyarı ilə dəyərliləndirərək ilk başlığı belə verir:
“Məchulu və kəsr xətti olmayan sənətkarlıq düsturu”. Bu o deməkdir ki, müəllim –şair Qurbanın bədii yaradıcılığı elə bir riyazi düstura bənzəyir ki, orada anlaşılmayan qəliz, məchul, ya bəsit bir fikir yoxdur. Bütövlükdə bu yazıda məchulu, kəsr xətti olmayan-yəni tam poetik fikirlər,duyğular yer almışdır. Müəllifin yaratdığı düstur belədir:
X- sənətkarlıq, məlum olan məchulluq, A-reallıq, B-millilik, Q- bəşərilik, D- müasirlik, E- fəlsəfilik. Yəni:
X =A+B+C+D+E. Əlbəttə, bu dərin düşüncə Yusif Nəğməkara öz obyektini çox sevdiyindən gəlir.Biz də belə hesab edirik ki, müəllif düzgün müqayisə metodu və bənzətmə obyekti seçmişdir.Axı vaxtilə Marks deyirdi ki,hər hansı bir düşüncə (elmi fikir ) o vaxt özünün yüksək inkişaf mərhələsinə qədəm qoyur ki, o, öz fikir dünyasını(tədqiqatını) riyaziyyat əsasında qursun.

Elə adamlar olur ki, sənətdə heç bir dərin iz qoymadan (cəmiyyətdə xidmətlər etmədən) hər şeyə nail olur.Belə şəxslərin aldığı verdiyindən çox olduğu üçün şəxs tam olmur.Yəni tam şəxsiyyət, şair, alim, artist, həkim, müəllim, mühəndis,yazıçı və s. o adamdır ki,onun cəmiyyətə verdiyi aldığına nisbətən qat-qat çox olsun, əks təqdirdə şəxsiyyət tam olmayacaq.
Qurban müəllim ona görə tam şəxsiyyətdir ki,onun cəmiyyətimizə verdiyi aldığından çoxdur.Bu mənada Qurban müəllimə rəhmət diləyir və onun haqqında xoş söz deyənlərə təşəkkür edirəm. Deməli, bu insanlar Qurbanın haqqını vermişlər.
Kitab haqqında çox danışmaq olar. Amma mənim fikrimi oxumaqdan daha çox, hər bir oxucuya məsləhət görürəm ki, bu orjinal əsəri oxusun.
Kimdir Qurban müəllim? Sualını versəniz onun şeirlərini oxuyun. O, özü haqqında hər şeyi deyir:
Ağır-ağır oymaq, el mənimkidir,
Ya Qazax, ya Muğan, Mil mənimkidir.
Qonaqlı el gördün, bil, mənimkidir,
Mən ata Qurbanam, lələ Qurbanam,
Bax belə Qurbanam, belə Qurbanam.

Yusif Nəğməkar kitabın tərtibçisi kimi əsərə poema- esse də əlavə edərək öz fikirlərini-arzularını orada bildirmişdir (Yeri gəlmişkən qeyd edək ki,”Haqqın Qurbanı”kitabının kənarında sona qədər yarpaq kimi səpələnmiş –haşiyə kimi verilmiş “Qurbannamə”poema-essesi ayrica kitab şəklində tezliklə oxucularını sevindirəcək).

Pöhrələndin
barçün belə,
Şeir adlı
yarüçün belə
Yusif Nəğməkarüçün
belə
Hər an sağsan,
Dədə Qurban


Həyat fəlsəfəmizin elə qatları vardır ki, həmin qatlarda çox mətləblər yatır, insan həmin qatlara nifrət etməli, ondan özünə lazım olan şeyi (heç olmasa bacardığı qədər) götürməlidir.
Hər bir xalq o vaxt özünün yüksək inkişaf mərhələsinə qədəm qoyur ki,onun yüksək səviyyədə dili olsun.Doğrudur,müxtəlif sənət sahibləri –musiqiçilər,heykəltaraşlar,yazıçı və şairlər–hər kəs öz sahəsini xalqin yüksək inkişaf mərhələsinin meyarı sayır.Amma bu belə deyil!Xalqın, onun təfəkkürünün müxtəlif sahələrinin inkişafı məhz dilin inkişafindan asılıdır. Çünki aşağı səviyyədə olan bir dillə bədii fikrin geniş və dərin ifadəsini vermək olmaz. Burada insan dilinin müxtəlif semantik- funksional sahələri əsas götürülur.Əgər konkret olaraq dilimizin bədii üslubunu götürmüş olsaq,burada çoxlu spesifik özünə məxsusluq görə bilərik.Belə ki,bədii fikir adi sözlə ifadə edilə bilməz.Əgər bədiiliyin şərti olaraq təkcə qafiyəni götürsək,onda heç bir şeir əbədiyaşarlıq hüququ qazanmaz.
Əslində hər bir söz düşdüyü poetik sahədə yeni semantik mühit yaratmalı,obrazlı qavrayışla insanın bütün duyğular sistemini hərəkətə gətirməlidir.Yəni şair dili adi danışıq dilindən yüksəkdə durmalıdır.L.N.Tolstoy nahaq deməyib ki,”Şeirin dili Allahın dilidir”. Bu dil cilalanmalı ritmlə,qafiyə ilə poetik məna ilə süslənməlidir.Bədii söz adi nitqi sadəlik(ümumilik) standartlarından çıxarmaqla bərabər, obrazlı təfəkkürün hüdudlarını genişləndirir.Böyük Ukrayna alimi A.A.Potebnya nahaq deməmişdir ki,”Dil incəsənətdir…incəsənət isə sənətkarın dilidir”! Bax məhz buna görə də hamı şair ola bilməz,hər dil şeir deməz.
Qurban Musayev isə anadan şair doğulmuşdur.Ona görə də onun poetik dili insanı sakitlik vəziyyətindən çıxarır, onu yeni məcraya salır,öz düşüncələr dünyasına aparır.Məs.
Gözəl,gözdən gizlənmə heç,
Bil gəzirsən göz içində.
Dinməsən də sənə çatan
Sözü anla söz içində.

Fikir vermə qərib səsə,
Qulaq asma can da desə.
Göz ol səni sevən kəsə,
Gəz izini iz içində.
Burada neçə söz birləşməsi vardırsa, onlar yalnız şair Qurbana aiddir:gözdən gizlənmək,gözdə gəzmək,söz içində söz anlamaq;qərib səs,göz olmaq,izini iz içində gəzmək və s. ümumxalq dilində işlənməyən qeyri-ənənəvi söz birləşmələridir ki,şairin poetik dünyasında yaranmış,milli ruhun mayası ilə qidalanmışdır.Şeir və nəsr hər ikisi bədii üslubun eyni sahəsi olsa da,şeirdə sözlərin işlənməsi intensiv əlaqə və ekstensiv funksional sahələnmə ilə şərtlənir.Bu haqda rus alimiY.N.Tinyanovun fikri daha maraqlı görünür.O yazır:
“Şeir cərgələrinin sıxlığı və vəhdəti şeir strukturunu nəsr strukturundan fərqləndirir.Hər şeydən əvvəl sözün leksik əlamətləri şairdə daha güclü çalarlarla çıxış edir;hər bir ötəri leksik boyanın ikinci dərəcəli sözlərin şeirdə mühüm əhəmiyyəti də bundan irəli gəlir.”
Bu fikir çoxlarının işlətdiyi bu kəlamı tamamlayır ki,”bütün yazıçılar öz keçmişlərinin uğursuz şairləridir”
Buradan belə bir məna çıxır ki,bütün ədiblər yaradıcılığa şeirlə başlayır,amma hamı bu sahədə duruş gətirə bilmir.Lakin Qurban müəllim şeirin çətin sınaqları – tələbləri qarşısında sal qaya kimi duruş gətirərək öz sözünü sona qədər deyə bilib:

Dərdin nədir mən bilirəm,
Kim mənimtək qanar səni?!
Söylərəm olub keçəni,
El yığılıb qınar səni!

Zalım olma zaman kimi
Gəl yaşayaq bir can kimi…
Hamı sevər,Qurban kimi
Sevə bilməz kənar səni!

Qurban Musayev ənənəvi”yar yolunda can vermık”mövzusunda yaransa belə, yenə orjinallığını saxlayır. Başqa sözlə, bir şair olaraq oxucu heç vaxt yarı yolunda yolunu azan,canını unudan,huşunu itirən və s.kimi ekstremal vəziyyətlərdə görmür.O,öz sevgisini də,mərdliyini də, mətinliyini də saxlaya bilir.

Gözəlləmə üstə məni döyməyin,
Gözəlliyə başdan vurulmuşam mən!
Qafil,məhəbbətdən mayalanmışam,
Elə zənn etməyin yorulmuşam mən.

Burada şairin söz işlətmə bacarığının bir daha şahidi oluruq.Belə ki,başdan vurulmuşam ,qafil məhəbbətdən,məhəbbətdən mayalanmışam kimi söz birləşmələri müxtəlif mənalarda işlənə bilər.Şairin qayəsini başa düşmək üçün onun səviyyəsində düşünə bilmək lazımdır.Bir məsələni də qeyd etmək yerinə düşər ki,klassik lirik həsrətlər indi internet əsrində artıq öz əvvəlki mündərəcəsini dəyişmiş,bəzən də öz məna siqlətini yüngülləşdirmişdir.Məs.Əsrlərlə bütün dünya xalqlarını riqqətə gətirən “Leyli və Məcnun”,”Romeo və Culyetta”,” Vis və Ramin”,”Tahir və Zöhrə”,”Abesolom və Eteri” və s. məhəbbət əsərlərindəki aşiq-məşuq hücumu qarşısinda düşüncə aləminin bir küncünə sıxılmışdır.M.Füzulidə Leylinin evdə oturub Məcnunun həsrəti ilə göz yaşı tökməsi ,onun həsrəti ilə alovlanması indi real görünməz.Eləcə də Məcnunun Leylinin yanına aparmasını Zeyddən xahiş etməsi də(Ey Zeyd ,nə etdin ki…..)mümkün deyil.Çünki indi Leyli fikrini mobil telefonla Məcnuna bildirər.Eləcə də Məcnun səhradan mobil telefonla hər dəqiqə Leyli ilə əlaqə saxlaya bilər.Bununla onu demək istəyirik ki,indi şeirin məntiqi,poetkanın mündərəcəsi dəyişmişdir.Eyni zamanda poetik məntiqi düşüncə də yeniləşmişdir.İndi mövzuya Füzuli mövqeyindən yanaşmaq sadəlövlük olardı .Qurban Musayev də öz poetik obyektinə yanaşma prizmasını dəyişmiş,yeniləşmişdir.Məs.

Bircə saat gözüm gözəl görməsə
Gözümün işığı,nuru kəsilir.
Buz bağlayır yerim,yurdum,yatağım,
Canımın istisi,qoru kəsilir.

Ömür-gün qurtarır, sabahım qalmır,
Bir kimsəyə sual-sorağım qalmır.
Yeyib yaşamağa marağım qalmır,
Ev-eşik Qurbanın goru kəsilir.

Dərin qatlarda axtardığımız şeylərdən ( keyfiyyətlərdən) biri kişilikdir. Xalqımız çoxdan yəqin etmişdir ki, hər şalvar geyən kişi deyil, hər oğlan
oğul deyil. Qurban Musayev onu tanıyanların gözündə kişi kimi yaşamış, kişi kimi də dünyadan köçmüşdür. Qurban müəllim ahıl çağlarında dünyadan köçənə qədər özünün amal bayrağına bu beyti yazmışdır:

Qurban, dərd çoxalıb, can qorlanmamış,
Dizlər yerə gəlib, göz torlanmamış…
Düşmən sevinməmiş, dost korlanmamış,
Gəlibsən kişi tək, get kişi kimi!!!

Bu şeir onun amal bayrağında yazılmış və hər dəfə Şıxlı qəbristanından külək əsəndə bayraq açılır, hamıya görk olur. “Haqqın Qurbanı” kitabı da sanki şair, müəllim, gözəl ata, gözəl vətəndaş, alovlu vətənpərvər,qeyrətli yurdsevər bir insanın əbədi məzar daşı oldu.
Kitabı ərsəyə gətirənlər, şair Qurbanı xalqımıza necə ki var tanıdanlar ümumxalq hörmətinə layiqdir.
Forma və mahiyyətcə analoqu olmayan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı,onun ictimai,pedaqoji,şairlik fəaliyyətini səmimi sözlərlə dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin bu nadir istedad sahibi, təvazökar insan, fədakar müəllim, nüfuzlu ağsaqqal haqqındakı fikirlərini və xatirələrini vermişdir.
Bu xatirə -dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu, respublikamızın adlı-sanlı ziyalısı, görkəmli şəxsiyyət Məmməd Musayevin sözləridir.Burada Məmməd müəllim atası haqqında xatirələrdən əlavə, elə hadisələrdən də bəhs edir ki,adi oxucu Qurban müəllimi görməsə də, bir şair kimi, bir maarif xadimi,bir yurdsəvər insan kimi, bir nüfuzlu el ağsaqqalı kimi, nəhayət övladcanlı bir ata kimi qəlbində ona sevgi bəsləyir.Onu da deyək ki, hər oğul atasını belə təqdim edə bilməz.Yəni bu hər oğulun işi deyil.
Xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır.Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir.Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir.Belə ki,vətənpərvərlik ifadə edən;

Məni düz anlayan yoxdu hələ də,
Mən torpaq,el dərdi çəkən Qurbanam.
Çadırda ölənin,əsir düşənin
Önündə diz üstə çökən Qurbanam.

və ya satirasında mənfiliklərə qarşı alov püskürən:

Əvvəlcə kim gəldi,siftə -bir manat,
Beş noxudlu piti,küftə-bir manat,
Bir xiyardan iki salat –bir manat,
Bir porsiya saç içalat –bir manat,
Dolma,kotlet,küftə, bozbaş – bir manat,
Dolma,kabab,borş və qulyaş-bir manat,
Sup-xarço, kişmişli aş-bir manat,
Kəl dırnağı,üçgünluk –bir manat…
(Müdirin menyüsü)
Yaxud insanda daxili dəruni lirik duyğular yaradan şeir:

Gülür qaməti də,gülür gözü də,
Gülüşlər içində gedir sözü də,
Zülfünə şanəyəm,görür özü də,
Hələ bir telində əl də gəzdirir.
Belə dəyərləndirmələri xatirə yazanların sayı qədər sadalamaq olar.
Fikrimizcə, bu da kifayətdir.Necə ki,bala bir barmaq batırmaqla şirinliyinə şübhə qalmır.
Yuxarıda dediyimiz kimi bu kitab tərtibatı-quruluşu etibarı ilə yenidir.Burada şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən –qəlbindən gəlir.Özü də eyni hərarətli sözlərlə,eyni seçmə ifadələrlə, eyni müqəddəs duyğularla! Biz inanırıq ki,belə kitablar gələcəkdə də nəşr olunacaqdır.
Bu kitabı çap edən nəşriyyatın da xüsusi diqqətini, əməyini təqdir etməyi özümə borc bilirəm.
“Yazıçı” nəşriyyatı sovet dönəmində də var idi.Amma o vaxtlar bu nəşriyyat dar və əvvəlcədən müəyyənləşdirilən, istiqamətləndirilən bir çərçivədə fəaliyyət göstərirdi.”Qlavlit”dən keçməyən,sovet rejimini tərifləməyən kitab nəşriyyatın planına düşə bilməzdi.Çünki KP MK –nın şöbəsindən keçməli idi.
Bu gün müstəqillik illərində ”Yazıçı” nəşriyyatı öz milli məcrasında axan şirin sulu,güzgü kimi duru çaya bənzəyir.Məhz belə çayın səsi musiqi kimi şirin,axarı inkişaf istiqamətində olur.
Şair Yusif Nəğməkar haqlı olaraq “Qurbannamə” poema- essesini də aşağıdakı kimi başlayır və eyni sözlərlə tamamlayır.
Sən
Yaxşı bilirsən
Allahdan gizli heç
nə yoxdur.
Odur ki,ən böyük
Səmimiyyət,ən
böyük halallıq da
Yaradanla
yaradılan
arasındadır!
Və…

Daha bu sözlərə heç nə əlavə etməyə lüzum yoxdur!
Kitabın ərsəyə gəlməsində əməyi olan (tərtibçi və redaktorlar heyətindən, nəşriyyat rəhbərliyindən tutmuş dizayner, korrektorlar, texniki işçilərə qədər) – hər kəsə “Haqqın Qurbanı”nın kiçik haqqını verdiklərinə görə oxucular adından təşəkkür edirəm.

İmarət Süleymanova,
filologiya üzrə fəlsəfə doktoru,
BDU-nun müəllimi

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112