AZE | RUS | ENG |

Gələcək görmək istədiyim keçmişdi MÜSAHİBƏ

Gələcək görmək istədiyim keçmişdi MÜSAHİBƏ
Vahid Qazi: «Qorxum isə toplum olaraq, Qarabağ duyğusunu itirməkdən yanadı»

Qəribə bir xasiyyətimiz var, vallah. Adamları gedəndən sonra axtarırıq. Vahid Qazi də ölkəni tərk edəndən sonra müsahibə almaq eşqinə düşdüm. Olsun ki, bu bir qədər də canımızda-qanımızda az-çox olan “gizli mazoxistlik”dən qaynaqlanır. Biz özümüz də bilmədən əzab çəkən, sürgün, mühacir, siyasi dustaq olan adamları sevirik. Belə görünür ki, biz onlardan daha çox onların əzab və dərdlərini sevirik. Düzü, V.Qazinin “Ruhlar şəhəri” kitabını oxumuşdum, amma digər iki kitabını “Çamayra – Kuba dəftəri” və “Yaddaş ləpirləri”ni 4 gün ərzində oxudum, bu mütaliə həm də müsahibəyə hazırlaşmaq üçün idi. Hər üç kitabda cilalı və zəngin dil, hissə qapılmadan, “vətənbazlıq”dan uzaq memuar stilistikası və səfər təəssüratlarını yerli-yataqlı bölüşmək bacarığı xoşuma gəldi.

Vahid müəllimlə görüşmək imkanımız olmasa da (yəqin nə vaxtsa o da olar), danışmaq mümkün oldu. Bu müsahibə söhbət səmimiyyətini bacardığımızca qorumağa çalışmışıq, amma doğru-dürüst qiymətin “sahibkarı” bu məqamda ancaq və ancaq oxucular ola bilər.

- Azərbaycanda səfər təəssüratlarını bölüşə bilən yazıçı demək olar ki, yoxdur. Bizdə ya təəssüratlar heyranlıqla olur, ya da sadəcə gördükləri mənzərəni alababad adlandırmaqla. Amma sizin səfər təəssüratlarınız və münasibətiniz mənə çox maraqlı göründü. Sizcə, bizim yazarlarda səfərnamələr niyə yaxşı alınmır?

- Maraqla oxunan səfər yazıları yazmış çoxlu yazıçı, publisistimiz var. Başqaları adından danışa bilmərəm. Özüm haqda onu deyim ki, səfər yazıları yazmaqdan xoşum gəlir. Tənbəl yazar üçün bu asandı, çünki xüsusi süjetlər qurmağa ehtiyac olmur, olana yüngül əl gəzdirirsən, bəs edir. Səfər yazılarının uğuru həm də ondadı ki, burada hərəkət, dinamika var. Bu yazıları “oturaq” mətnlərdən oxunaqlı edən də budu. Əgər oxucunu səfər iştirakçısına çevirə bilirsənsə, deməli onunla təmasın baş tutub. O biri yazıları bilmirəm, deyirlər ki, Kuba təəssüratlarında oxucuyla təmas qurmağım alınıb. Bu sözləri eşitmək çox xoş idi.

- “Ruhlar şəhəri” kitabınızın ön sözünü Ramiz Rövşən yazıb. “Mümkünsüz qayıdış”dan bəhs edir. Sizdəmi belə düşünürsünüz, bu qayıdış mümkünsüzdürmü?

- Ön sözdə şair cəmiyyətin bugünkü ovqatından çıxış edərək Qarabağa qayıdışı mümkünsüz sayır. “Bəlkə bu ölkədə “əzab çəkməyin” yeni növü icad olunub: zurna-balabanla, çalıb-oxumaqla, oynamaqla və beləcə, gündən-günə arzıslığın, abırsızlığın girdabına batmaqla...” Mən onun bu fikirlərini bölüşürəm. Bu ovqatla o qayıdışı mən də mümkünsüz sayıram.

- “Ruhlar şəhəri” kitabını çox rahatlıqla roman kimi də yaza bilərdiniz, amma nədənsə hadisələri esse ardıcıllığı ilə əks etdirmisiniz. Xatirələrinizi esse kimi yazmaq publisistik meyildən irəli gəlir, yoxsa?

- Mən yazıçı deyiləm. Məsuliyyətsizlik olar belə düşünməyim, ayıb olardı bunu deməyim. Sadəcə könül qeydləri edirəm hərdən, vəssalam. Suala gəldikdə isə, janr bölgüsünə ciddi önəm vermirəm. Əsas odu ki, yazı anında səmimi ol. Hüqonun “Səfilləri”ni sən roman, mən də insan portretlərindən ibarət esselər toplusu adlandırım, heç nə dəyişməyəcək, biz yenə də bir şeydən – insanlığın sözlərlə çəkilmiş mükəmməl bir mənzərəsindən danışmış olacağıq.

- “Xəyal meyarı” essesində Ağdamı təzədən qurursunuz. Yazıçı kimi bu qədər götür-qoy eləmək, xəyal qurmaq sizə əzab vermir ki? Verirsə o əzab nədən ibarətdir?

- Xəyal olmasa, gələcək də olmaz. Bütün kəşflərin kökündə insan xəyalları durur. “Uçan xalçanı” xəyal eləməsəydi, insan təyyarə yarada bilməzdi. Xaraba qalmış yurdu yenidən qurmaq xəyalı isə fərqlidi. Birincidə xəyal sevinc havasına qurulurdusa, ikinci kədər üstə köklənib. Həmin yazılar yazılan o iki aydakı halım dəm qazının səssizcə, “sevə-sevə” boğduğu adamın halı kimiydi. Bəzən kədəri yalnız düşünməklə yox, elə aldığın nəfəslə də qəbul edirsən, boğucu qaz kimi. Elə buna görə “Mağar” və “Bazar” adlı bölmələr yazılmadı, nəfəs çatmadı buna. Bilmirəm, dediyiniz o əzabı izah edə bildimmi...

- Yazılarınızı sevdim, amma bəyənmədiyim bir cəhət də oldu, olayların hamısına xatirə kontekstində yanaşırsınız, oxucu kimi mənə belə təsir bağışladı: sanki bu olayların sizə və sizin xatirələrinizə birbaşa dəxli var. Münasibətinizi bilmək maraqlı olardı.

- Düz tutmusunuz. Yuxarıda adını çəkdiyiniz ön söz yazısında Ramiz Rövşən Folknerdən misal çəkir: “hər bir insan öz yaddaşının məhsuludur”. Yazılarda keçmiş zamanda özümü daha səmimi hiss edirəm. Çünki gördüyüm, bildiyimdən yazıram, belə də səhv eləmək ehtimalı azdı. Bu gün, yaxud gələcək, sanki, məni azdıra bilər. Mənim üçün gələcək görmək istədiyim keçmişdi. Gələcək nə qədər ümid çalarına bələnsə də, keçmiş kimi əziz ola bilməz, keçmişimiz başdan-başa qara geyinsə delə. Dediyiniz kontesktdən yanaşsaq, xatirənin antonimi fantaziyadı. Yaxın günlərdə “Əraf” adlı fantasmaqorik hekayəmi (hekayə artıq dövrü mətbuatda dərc olunub – F.H.) oxuya biləcəksiniz, bəlkə onda “xatirə konteksti”ndən kənar ilk yazımı oxumuş olacaqsınız.

- Sizcə, insanın azadlıq arzusunun tükənməzliyi nədən irəli gəlir?

- İnsanın mahiyyətindən. Düşünmək insanın xassəsidi. Azadlıqların təməli, ilki düşüncə azadlığıdı, insanın hər azadlığını alarsan, amma bu hələ onu tamamən ram eləmək anlamına gəlmir. Bunu bildiyi üçündür ki, ən despotik siyasi sistemlər insanın fiziki azadlıqlarını məhdudlaşdırmaqla kifayətlənməyib, onun düşüncəsinə də müdaxilə etdilər.

Düşüncənin başqa keyfiyyəti, azadlığı çərçivəyə salan halı da olur, yəni “düşüncədən xilas olmaqla azad olmaq”, bu başqa söhbətdi, onu demirəm.

Bir də mühit əsas şərtdi. Mühit yoxdusa, azad düşüncə sahibinə dəli kimi baxacaqlar. Şeyx Nəsrullah mühitində Kefli İsgəndərin azad düşüncəsi təbii olaraq dəlilik kimi görsənir. Molla Sadıqlar bolluğunda tənha Rus Əhmədlərin azad düşüncəsi rahatca məsxərə obyektinə çevrilir. Sualın cavabı belədi: insanın azadlıq arzusunun tükənməzliyi onun mahiyyətindən irəli gəlir.

Azadlıqdan söz düşmüşkən, sizi İran məhbəsindən çıxıb azadlıq tapmanız, sonra evlənərək bunu “itirməniz” münasibətiylə təbrik edirəm.

- Qarabağa indi daha uzaqsız, Azərbaycandan və qürbətdən Qarabağ uzaqlığının hansı fərqləri var?

- Duyğunun məkan, zaman ölçüsü yoxdu. İndi insan yolladığı aparatla Marsı duymağa başlayıb. Qarabağ da beləcə... onu harda duymağın fərqi yoxdu. Əsas odu, duyasan. Qorxum isə toplum olaraq, Qarabağ duyğusunu itirməkdən yanadı.

Fərid Hüseyn

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112