AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bəxtiyar Vahabzadə yaradıcılığında hikmətli kəlamlar və aforizmlər

Bəxtiyar Vahabzadə yaradıcılığında hikmətli kəlamlar və aforizmlər

31 İyul 2015, 13:15 28465
Aforizm sözü qısa kəlam, ümumiləşdirilmiş, bitkin, dərin mənalı fikir, hikmətli söz deməkdir. Aforizmlər böyük fəlsəfi təlimlərin nəticələri, xülasələri kimi, yaddaşlarda daha çox qalmaq imkanı olan fikir kimi qiymətləndirilir. Həm də aforizm kimi yalnız o fikirlər məşhurlaşa bilmiş və dillər əzbəri olmuşdur ki, mətndən ayrılıqda, müstəqil surətdə yüksək fikir ifadə edə bilmişdir. Aforizmlərin insan həyatında və intellektual yaradıcılıqda mühüm rolu var. Zaman-zaman müdriklərin, aqillərin işlətdikləri fikirlər, onların əsərlərində söylənən ifadələr içərisindən daha düşündürücüləri, daha ümumiləşdirici olanları insanlar tərəfindən seçilir və aforizmlərə çevrilir. Bu baxımdan aforizmlər istər qədim dövrdə, istərsə də müasir zamanda diqqət çəkmiş, dillər əzbəri olmuş, xalqın söz yaddaşına əbədi olaraq həkk edilmişdir.
Aforizmlər - min illərin təcrübəsindən süzülüb gəlmiş hikmət xəzinəsi, deyim tərzidir. Təkcə filosofların, alimlərin, siyasətçilərin deyil, həm də Azərbaycanın görkəmli yazıçılarının da əsərlərində işlənmiş aforizmlər, müdrik fikirlər, hikmətli sözlər xalqımızın söz yaddaşında özünəməxsus yerini tutmuşdur.

Əsərləri aforizmlərlə zəngin olan Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də Bəxtiyar Vahabzadədir. O, çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biri olmuşdur. Onun yaradıcılığı folklorla yaxından bağlı, xalq ruhuna yaxındır. Şairin yaradıcılığı yaşadığı dövr, düşdüyü mühit, nəfəs aldığı ictimai-siyasi abı-hava ilə ayrılmazdır. Bəxtiyar Vahabzadə milli keçmişimizə, tariximizə, doğma Vətəninə, dilimizə, mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza dərindən dərin köklərlə bağlı olmuş, bənzərsiz və rəngarəng yaradıcılığı ilə seçilən sənətkarlardandır. O, əsərlərində folklordan, xalq hikmətlərindən yetərincə bəhrələnməklə yanaşı, onlardan yeri gəldikcə həm öz əsərlərində istifadə etmiş, həm də bu gün dillər əzbəri olan çox gözəl, dəyərli aforizmlər, hikmətli sözlər yaratmışdır. Aforizmləri, xalq hikmətlərini, hikmətli kəlamları şeirin poetik dilinə uydurmaq və ya fikrin ifadəsində bənzər söz seçimi ilə tarazlaşdırmaq onun ustalığından, bacarığından xəbər verir. Bu səbəbdən də onun yaradıcılığı sevilir və tədqiq olunur.

Bəxtiyar Vahabzadənin yaradıcılığında insan, Vətən, mənəviyyat, haqq, ədalət, inam, zaman-məkan, tale, həyat, ölüm, gözəllik, məhəbbət, ailə, ana, qadın, dostluq, cəmiyyət, şəxsiyyət, hikmət, müdriklik, ziyalılıq, dil, söz, ədəbiyyat, incəsənət, həqiqət, güclü-zəif, aqil-cahil və s. mövzulu aforizmlər üstünlük təşkil edir:

Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.
Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.
Adın şərəflidir sənin ey qadın
Dahilər anası çağrılır adın.
Qulaq as, gör anan nə öyüd verir;
Şərəflə, vüqarla yaşayın ancaq.
Bir anlıq səadət bir qərinədir.
Bəşərsiz kainat bir viranədir!
Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Olmazmı qılıncda ağıl tədbiri
Ağılda bir qılınc kəsəri ola?
Hər kiçik zərrənin öz aləmi var,
Dünya bir ahəngdə tutmuşdur qərar.
Hər dövranın bir hökmü var,
Hər zamanın bir qələmi...
Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır.
Səbirlə yaranar hər böyük zəfər.
Unudulmaz el yolunda canı qurban olanlar;
Vətən mülkü abad yaşar vəfadarı görəndə.

S.Vurğunun “Vaqif” pyesinə nəzər salaq. Vaqifin dialoqundakı aforizmlər: “Qızılı udsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar”; “Qaranlıq zindana zinətdir insan”; “Vicdan dedikləri bir həqiqətdir, Beşiyi, məzarı əbədiyyətdir”. Bu fikirlər ona görə dillər əzbəri olmuşdur ki, onlar fikir zəncirindən, mətndən ayrıldıqda, müstəqil surətdə, təkbaşına “yaşamaq əzmində olduğunu sübuta yetiriblər”.
Xalqda “Güllə yarası sağalar, söz yarası sağalmaz”, “Qılınc yarası sağalar, söz yarası sağalmaz”, “Qılınc yarası sağalar, amma dil yarası sağalmaz” və s. kimi atalar sözləri və deyimlər Bəxtiyar Vahabzadə yaradıcılığında yerinə və məqamına görə anlamlı şəkildə şeirə daxil edilərək aforizmləşmişdir:

Qılınc bu gün varsa, sabah pas tutar,
Sözünsə qılıncı həmişə parlar.

İnsan heç vaxt tək qalmaq istəmir, çünki təklik insanı narahat edir, insanın özünü yarım hiss etməsinə səbəb olar. Xalqda bu haqda çoxlu sayda deyimlər və hikmətli kəlamlar var. “Tək əldən səs çıxmaz”, “Dostsuz insan qanadsız quş kimidir”, “Təklik yalnız Allaha məxsusdur” və s. bu kimi müdrik kəlamları Bəxtiyar Vahabzadə öz yaradıcılığında özünəməxsus şəkildə nəzmə çəkərək sadə bir dillə oxucuya çatdırır. Şair həmin müdrik kəlamların mənasını saxlamaqla ona yeni don geyindirir:

Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.

Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.

Od vurmasa qabda su daşa bilməz,
Quşda tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

Valideynlərimiz bizim dünyaya gəlməyimizdə, böyüyüb boya-başa çatmağımızda müstəsna rolu olan şəxslərdir. Gələcəyimiz naminə hər bir çətinliyə sinə gərən, doğulduğumuz andan qayğı yükümüzü öz çiyinlərinə götürən, hər zaman bizə mənəvi dayaq olan, valideynlərimiz olub. Ata və ananın mövqeyi o qədər uca və müqəddəs bir mövqedir ki, Qurani-Kərimdə dəfələrlə Allahdan dərhal sonra zikr edilmişdir və onlara yaxşılıq etmək əmr edilmişdir. Xalqda deyilir ki, “Ata-ana sözünə baxmayan xoş gün görməz”, “Ata-ananın canı övlada bağlı olar”, “Ataya oğul, anaya qul”, “Ana evin dirəyidir”, “Cənnət anaların ayaqları altındadır”, “Böyüksüz evdə xeyir-bərəkət olmaz.”, “Böyük sözünə baxmayan, böyürə-böyürə qalar”, “Anasız uşaq evdə xar olar, atasız uşaq çöldə” və s. Bu cür müdrik kəlamlar uşaqların əxlaq, əmək, əqli, estetik və s. tərbiyəsi işində geniş istifadə olunur. Belə ki, müdrik kəlamlar təsərrüfatın, həyatın, məişətin bütün sahələrini əhatə edir, insanlara mənsub olduqları ailəni sevməyi, mənəvi cəhətdən zəngin olmağı öyrədir. Bəxtiyar Vahabzadə bu müdrik kəlamları öz yaradıcılığında həm istifadə etmişdir, həm də yeni bir ifadə ilə bu fikri daha da möhkəmləndirmişdir:

Əgər ana ürəyinə toxunsan,
Quş yuvası dağıdırsan elə bil.

İmam Səccad (ə) belə buyurur: “Ananın sənin üzərindəki haqqı budur: heç kimi daşımadığı bir yerdə səni daşıdığını bilməlisən, heç kimə daddırmadığı ürəyinin meyvəsilə səni bəsləmişdir və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzalarıyla qorumuşdur. Hamiləlik dönəminin bütün çətinlik, dərd-qəmlərilə yüklənən yenə də o olmuşdur. Sonra Rəbbin səni ondan ayırıb dünyaya gətirdi. Ac qalıb səni doyuzdurmağa, libassız qalıb səni geyindirməyə, susuz qalıb sənə su verməyə, günəşdə qalıb səni kölgədə saxlamağa, çətinliklər çəkərək səni naz ilə yetişdirməyə, yuxusuz qalıb səni şirin-şirin yatızdırmağa razı olan yenə də o olmuºdur. O, sənin həyat qaynağındır. Qucağı-hüzur tapdığın yer, sinəsi-susuzluğunu aradan qaldırdığın yer, özü isə sənin bəlalara qarşı qalxanın olmuşdur. Dünyanın isti və soyuğuna sənin üçün şəxsən özü səbir edən yenə də o olmuşdur. Elə isə bu yaxşılıqlar miqdarında ona təşəkkür et”. Xalqda deyilir ki, “Quş yuvası dağıtmaq böyük günahdır”. Hikmətli sözlərdə isə atalarımız böyük üzünə ağ olmamağı, onların sözündən çıxmamağı tövsiyə etmiş, bunun günah olduğunu söyləmiş, hər zaman onların könlünü sevindirə biləcək işlər görməyə çağırmışlar. Bəxtiyar Vahabzadə də Ana ürəyinə toxunub, onu incitməyi quş yuvası dağıdılmasına bərabər tutur, hər ikisinin günah olduğunu dilə gətirir.
Şəxsiyyətin formalaşmasında əmək fəaliyyətinin əsas göstərici olduğu haqqında dəyərli fikirlər Bəxtiyar Vahabzadə yaradıcılığında da öz əksini tapır. Bu mövzuda ən gözəl nümunələrə yenə də şifahi xalq ədəbiyyatında rast gəlirik. Əməyi daim yüksək qiymətləndirən ata-babalarımız söyləmişlər ki, halal əmək, işləmək insanlarda ən yüksək əxlaqi keyfiyyətləri, xüsusiyyətləri formalaşdırır. Bu cür hikmətli kəlamlar Bəxtiyar Vahabzadə yaradıcılığında daha kamil aforizmlərin yaranmasına və tərbiyəvi qınağın təsir gücünü artırmağa çox kömək etmişdir:

Ömür yollarında “rahat” gedənlər,
Zirvələr başına ucala bilməz.
Təkərlər üstündə diyirlənənlər,
Çatdığı mənzildə bənd ala bilməz.

Ancaq cəsarətlə addımlayanlar,
Ya hər şeyi alır, ya da məhv olur.

Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər,
Min-min dəfə ölənin matəmi yassız keçər.

Yıxılıb gücünü yerdən al, öyrən
Sən ayaq üstündə möhkəm durmağı.

Cavanın sərvəti - hələ öndədir,
Qocanın nəyi var - keçmişindədir.


Bəxtiyar Vahabzadə yaradıcılığında xalqa, elinə-obasına vurğunluq tərbiyə edən, doğma vətəninin hər qarışını, torpağını-daşını sevməyi təbliğ edən şeirlər də çoxdur. Bu ibrətamiz şeirlər öz milli mənsubiyyəti ilə, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə qürur duymağı təmsil edərək, insanlarda birlik, həmrəylik kimi əxlaqi keyfiyyətlər aşılayır. Şair bu mövzudakı deyimləri məzmununu saxlamaqla yeni bir formada və sadə xalq dili ilə ifadə edərək, öz üslubuna uyğun şəkildə yazır:
Həmişə öyrədib, öyrədir zaman,
Kökdən gəlməyəni yox etmək asan!

Nəsənsə, özün ol,
Kökündən yapış!
Dünənə arxalan,
Bu gündən yapış!

Vətənə, doğma yurda məhəbbət, humanizm, həmrəylik, sadəlik, əməksevərlik və s. bu kimi müsbət əxlaqi keyfiyyətlər Bəxtiyar Vahabzadə şeirlərində yüksək şəkildə ifadə edilmişdir. O, şeirlərinin təsir gücünü artırmaq üçün xalq yaradıcılığından faydalanmışdır. Şair özünün yaratdığı aforizmlərlə xalqdan gələn deyimləri, hikmətli kəlamları yeni biçim və formada yenidən xalqa qaytarmış, dillər əzbəri edərək, gələcək nəsillərə çatdırmağı özünə borc bilmişdir. Onun şeir yaradıcılığının əsas şərtlərindən biri xalq nümunələrindən yerli-yerində və ustalıqla istifadə etməsidir. Onu xalqa sevdirən və şeirlərini dillər əzbəri edən də məhz budur.

Əpoş Vəliyev
filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi