AZE | RUS | ENG |

Azərbaycanın ilk qadın kinorejissoru

Azərbaycanın ilk qadın kinorejissoru
Qəmər Salamzadədən yadigar qalan onlarla film kino salnaməmizin inciləri sayılır
Milli mətbuat, ədəbiyyat və mədəniyyət tariximizə silinməz izlər salan Əliqulu Qəmküsar“Molla Nəsrəddin” jurnalının fəallarından biri olub. Hətta 1913-1914-cü illərdə Cəlil Məmmədquluzadənin tövsiyəsi ilə bu dərginin redaktorluğu da ona etibar edilib. Əsasən Cüvəllağı, Cüvəllağı bəy, Otaylı, Sarsaqqulu bəy, Xadimi-millət və başqa imzalarla çıxış edən Əliqulu Qəmküsar elə bir dövrdə fəaliyyət göstərmişdir ki, həmin vaxt mənfiliklərə qarşı mübarizə aparmaq çox çətin və əzablı idi. Mübarizə nə vaxt asan olub ki?!

Əliqulu Qəmküsarın “Molla Nəsrəddin” jurnalında tez-tez şeirləri, felyeton və tənqidi məqalələri dərz olunardı. Xatirələrdə onun xarakterini səciyyələndirən qələm dostları bu unudulmaz şəxsiyyətin son dərəcə qorxmaz, cəsarətli, döyüşkən mühərrir olduğunu bildiriblər. Əliqulu Qəmküsarı “Molla Nəsrəddin” jurnalının ürəyi adlandıran Əbdürrəhim bəy Haqverdiyev yazırdı: “Ə. Qəmküsar gözəl natiq, şirin-zəban, dərin fikirli, geniş məlumat sahibi və insanıtəəccübə gətirən hafizəli bir vücud idi ki, uşaqlıqdan axır günədək hər nə əşar oxumuş idisə, hamısı hafizəsində idi”. Ömrü yarıda qırılmış, cəmi 39 il yaşamış Əliqulu Qəmküsarın qətli ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Doğmaları onun ermənilər tərəfindən öldürüldüyünü söyləyirlər. Evinini qapısını açmaq istərkən namərdlər kürəyindən güllə ilə vurublar.

Cəlil Məmməqquluzadə “Əliqulu Qəmküsar” adlı xatirə-məqaləsində yazırdı: “Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı ( Əliqulu Qəmküsar-F.X.) yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdır”.
Əliqulu Qəmküsarın yaradıcılığında sinfi ziddiyyətlərin təzadı daha çox hiss olunmaqdadır. Təəssüf ki, küll halında Əliqulu Qəmküsarın şeirlərini əldə etmək mümkün deyil, amma “Molla Nəsrəddin” jurnalının çap olunmuş cildlərində Cüvəllağı imzası ilə diqqət çəkən şeirləri oxuduqca hürriyyət aşiqinin, haqq-ədalət carçısının ürək döyüntülərini eşidirik:

“Bir hökümət tazə çıxmış, ismi Azərbaycan, Şəkli cumhuri, idarə üzvü yeksər bəylə xan...Hər şəhərdə xandır, əyandır, keçib iş başına, hər cəhətdən üz görür, öz qövmü öz qardaşına. Get dolan kənd-kəsəyi, bax axan göz yaşına. Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan. Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!”

Bütün zamanlarda nadanlara, namərdlərə, şəxsi mənafelərini xalqdan üstün tutanlara qarşı yönəlmiş bu harayın hər nidası düşündürücü və təsirlidir.

Əliqulu Qəmküsardan yeganə bir övlad yadigar qalmışdır. Bu, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər xanım Salamzadə idi. Haqq dünyasına qovuşmuş Qəmər xanımın yazdığı xatirələrdən məlum olur ki, onu əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyüdüb. Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xətli “Molla Nəsrəddin” jurnalı görən, Naxçıvanın, Tiflisin ədəbi mühitində böyüyən Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar. Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirmişdir. O, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşmüş, onların emalatxanasında rejissorluq sənətini öyrənmişdir. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərdə repressiyalar bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar da onu sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa bir filmə rejissor təyin etsələr də, son anda bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi. Qəmər Salamzadənin “Azərbaycan” kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, “Səhər” romanının motivləri əsasında çəkilən filmdə, nəhayət, azərbaycanlı qadın - Qəmər xanım öz töhfəsini verə bilib.

Bu yaxınlarda İTV-də yayımlan “Yadigarlar” verilişininnövbəti sayını Qəmər Salamzadəyə həsr etdik. Çəkiliş ərəfəsində yazıçı-jurnalist Aqşin Babayev mənə unudulmaz sənətkarımızın qələmə aldığı xatirələrini oxumağa verdi. “Kiçik pəncərədən görünən dünya” adlanan bu əl boyda kitabçada o qədər yeni məlumatlarla rastlaşdım ki...Bir sıra müəmmalara da aydınlıq tapdım. Əliqulu Qəmküsarın və onun müasirlərinin mükəmməl portretlərini gördüm. Qəmər xanımın həyat yoluna daha yaxından bələd oldum. Təkcə Azərbaycanda deyil, bütünlüklə Şərqdə ilk qadın kinorejissor sayılan bu xanımı oxuculara da yaxşı tanıtmaq üçün bu yazını qələmə almalı oldum.

Uşaqlıq illəri şeir və musiqi ilə dolu bir mühitdə keçən Qəmər xanım yazır ki, mən Culfada anadan olmuşam. “Atam qarmonda Azərbaycan muğamlarını çox ustalıqla çalar, kiçik əmim Rzaqulu isə məlahətli səslə oxuyardı”. Onlar Culfada yaşasalar da, öz evləri əslində Naxçıvanda idi. O zaman Əliqulunun atası Məşədiəli Əkbər Hacı Nəcəfoğlu Culfagömrükxanasında çalışırmış. “Atam da kənddə teatr cəmiyyəti təşkil etmişdi. M.F. Axundzadənin, Ə.B. Haqverdiyevin əsərləri tamaşaya qoyulardı. Bakıdan gələn artistlər, bəstəkarlar, musiqiçilər həmişə bizim evdə qalardılar. Əvvəla, evimizin genişliyi buna imkan verirdi. İkincisi, anam Xəndan xanım olduqca qonaqsevər bir qadın idi”. Kimlər onların qonağı olmayıb? Görkəmli aktyorumuz Mirzağa Əliyev, həyat yoldaşı Gövhər xanım (səhnəmizin ilk aktrisası Göyərçin adlandırılan bu xanım, sonralar Varşavada mamalıq təhsili almış yenə də ilk azərbaycanlı qadın-F.X.), Zülfüqar Hacıbəyov həyat yoldaşı Böyükxanım, kiçik yaşlı oğlu Niyazi...
1906-cı ildən etibarən Əliqulu Qəmküsar “Molla Nəsrəddin” jurnalına müntəzəm surətdə yazmağa başlayıb. 1911-ci ildə jurnalın maddi böhran keçirməsilə əlaqədar Əliqulu Qəmküsar Tiflisə gəlməli olub. “Çar üsul-idarəsi ilə apardığı mübarizə Mirzə Cəlili yormuşdu. O da səhhətindən şikayət edirdi. Odur ki, Kəhrizliyə, arvadı Həmidə xanımın yanına gedib bir qədər dincəlmək istəyirdi”. Beləliklə, Əliqulunun Tiflisdə qalıb bir redaktor kimi jurnal nəşr etməsi qərara alınır. Qəmər xanım yazır ki, atam bu şərtlə razılaşdı ki, jurnal iki redaktorun imzası ilə nəşr olunsun; Mirzə Cəlil Məmmədquluzadə, Əliqulu Nəcəfov.

Yəqinki, 39 il yox, 69 il yaşasaydı Əliqulu Qəmküsarın əsərləri daha çox olardı. Hələ sağlığında ikən dövrün məşhur şairləri qələm və məslək dostları Əliqulu Qəmküsarın yazdıqlarından ilhamlanaraq ya onun ədəbi üslublarından istifadə edir, ya da ona nəzirələr yazardılar. Əliqulu Qəmküsar Sabir, Səhhət, Hadi, Əli Nəzmi, Əli Razi kimi dostlarını bir əqidədə birləşdirərək öz satira süngülərini eyni hədəfə tuşlayırdı. Təəssüf ki, namərd gülləsi onun həyatına son qoydu. Yuxarıda dediyimiz kimi, Qəmərin qayğıları əmisi Rzaqulu Nəcəfovun üzərinə düşüb. Kim idi Rzaqulu Nəcəfov? Əvvəllər Naxçıvanda Culfa gömrükxanasında çalışıb, 1912-ci ildə (çox güman ki, Əliqulu Qəmküsarın dəvətilə-F.X.) Tiflisə köçərək“Molla Nəsrəddin”dəfəaliyyət göstərərək qardaşının köməkçisi olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gürcüstanda hökumətimizin konsulu vəzifəsini icra edib. Azərbaycan milli mətbuatının inkişafında böyük xidməti olan Rzaqulu Nəcəfov Tiflisdə çıxan “Yeni fikir” qəzetinin təsisçilərindən və redaktorlarından biri olub. Eləcə də “Dan ulduzu” jurnalının redaktoru kimi də səmərəli fəaliyyətin yiyəsi idi. Amma onun da həyatına 1937-ci ilin repressiyaları son qoyub. 1938-ci ildə elə Bakıda güllələnib. Qəmər xanımın təbiri ilə söyləsəm, elə bil Əzrayıl bu nəsli öldürmək üçün pusquda dayanmışdı. Əliqulu Qəmküsarın əmisi oğlu Nəcəfqulu Nəcəfov da tanınmış ictimai-siyasi xadim idi. Onun da ömrünə 37-ci ilin repressiyaları balta çaldı. Qohum-əqrəbalarından Sibirə sürgün edilənlər də çox oldu.

Qəmər Salamzadədən yadigar qalan onlarla film kino salnaməmizin inciləri sayılır. “Bir ailə” adlanan sonuncu filmini 1943-cü ildə çəkən Qəmər xanımın öz sevimli sənətindən geri çəkilməsi mənə çox müəmmalı göründü. Repressiyaların at oynatdığı, maneələrlə, təqib və təzyiqlərlə çarpışdığı zamanlarda mübarizə aparmağı bacaran fədakar və sənət aşiqi olan bir insanın bu aləmdən uzaqda yaşaması mənə qəribə gəlirdi. Gözəl ailəsi var idi. Xalq rəssamı Salam Salamzadə ilə ailə quran Qəmər xanımın iki qız övladı var idi. Fikirləşdim ki, yəqin ailəsinin qayğılarını çəkməyə daha çox üstünlük verib. Bu düşüncələrimdə də inam az idi, çünki qızlar da böyüdü, oxudu, ailə qurdular, işlədilər, amma Qəmər xanın canından artıq sevdiyi kino sənətinə üz çevirmədi. Aqşin Babayevlə olan söhbətdən sonra bu müəmmaya da bir aydınlıq gəldi. Əslində onu küsdürüblər! Dəyanətli və əyilməz bir xanım olan Qəmər Salamzadə üçün qürurdan, şərəfdən yuxarıda heç nə ola bilməzdi. Onu da öyrəndik ki, bu unudulmaz insanın arxivində “Xurşud Banu Natəvan” adlı ssenarisi qalıb. Mənə elə gəlir ki, kinorejissorlarımızın ona ekran həyat verməsi çox vacibdir. Bu, həm də bizim iki böyük sənətkarın ruhu qarşısında mütləq yerinə yetirməli olacağımız vətəndaşlıq borcumuzdur.

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191