AZE | RUS | ENG |

Avtomobillə necə təlim keçirlər? REPORTAJ

Avtomobillə necə təlim keçirlər? REPORTAJ
Reportaj zamanı təlim avtomobillərinin müəmmalı kommersiya sirlərinin olduğu ortaya çıxdı

“Bekarçılıqdan bir şey çıxmaz, gəlin gedək “Gənclik”də maşın sürək”. Bir çox cavanlar kimi, düz iki il əvvəl mən də dostlarla bu deyimin tilsiminə düşüb “Gəncliyə” yollanmışdım.

Yazıya girişimizdən belə çıxır ki, haqqında danışacağımız mövzu metronun “Gənclik” stansiyasının üzərində, Tofiq Bəhramov stadionun qarşısında fəaliyyət göstərən təlim avtomobilləri haqdadır. Düz fikirləşmisiniz, budəfəki reportajı, məhz onlara həsr etmişik. O səbəbdən ki, son zamanlar yol nəqliyyat hadisələrinin sayı xeyli artmaqdadır. Mütəxəssislər də bunun səbəbini sürücülərin və yeni sürücülük vəsiqəsi alan tələbələrin təlimlərdə iştirak etməməsində görürlər. Biz də ona görə «Gənclik»də fəaliyyət göstərən təlim meydanına yollandıq ki, təlim keçən sürücülərlə söhbətləşək və tələbələri necə öyrətdiklərindən danışaq. Həmçinin, aydınlaşdıraq ki, niyə əvvəlki illərlə müqayisədə avtomobil alanlar təlimlər keçməmiş birbaşa şəhərə çıxırlar... Bunlarla yanaşı, bir sıra qaranlıq məqamlar da ortaya çıxdı ki, onları da yazının ardında oxuya biləcəksiniz.

Təlimin müddəti 28 saatdır

«Gənclik» metrosundan çıxan kimi ilk gözə dəyən elə sıra ilə düzülmüş təlim avtomobilləri olur. Bir-bir saymasaq da, burada 20-30 avtomobilin olduğunu müəyyən etdik. Bunların sırasında köhnə sovet avtomobillərindən tutmuş, “Mercedess” və “Cip”lər də gözə dəyir. Yəni hərə öz zövqünə görə avtomobil seçə bilər. Bizsə zövqümüzü elə sovet legioneri– VAZ2106 ilə yoxladıq. Təxminən 55-60 yaşlı sürücü bizimlə danışmaqdan çəkinsə də, ondan bəzi şeyləri qopara bildik. Amma adını demədik ki, demədi...

«Mən 10 ildir burada işləyirəm, amma sürücülük təcrübəm 33 ildir. Tələbə ilk gələndə 2-3 gün maşınla tanış olur, ona yerindən tərpətməyi öyrədirik. Daha sonra onu yavaş-yavaş şəhərə çıxarırıq. Öyrənmə müddəti adamın özündən, götürmə qabiliyyətindən asılıdır. Bir nəfəri 15-20 günə öyrətmək olur. Elələri var ki, həyəcanlı olur, gec qavrayır.

Müraciət edənlər əsasən gənclərdir, amma yaşlılar da gəlir. Bir çoxu avtomat “karobka” avtomobil sürmək istəyir, amma elələri də var ki, məhz mexanika sürür. Qanunla bir tələbəyə öyrənmək üçün 28 saat vaxt verilir».

Nə illah etdiksə, dayı bir saatlıq təlimin qiymətini demədi. Biz də çox dərinə getməyib digər təlimçiyə yaxınlaşdıq. Onun avtomobili isə avtomat “karobka” “Mercedess”dir. Əlində qəzet oxuyurdu. Bizim də qəzet adamı olduğumuzu bilən kimi “maşınına” dəvət elədi. Adı İlqardı.
23 ildir ki, burada maşın sürür: “Özüm Avtonəqliyyat institutunu bitirmişəm. 12-13 yaşımdan avtomobillə bağlı jurnallara abunə yazılıb oxuyurdum. Elə o vaxtlardan avtomobili bəyənmişəm, ömrümü də buna həsr eləmişəm”.

Tələbəyə deyirəm ki, davay, sür şəhərə!

İlqar bəy hazırkı yol qəzalarını belə izah etdi: “Mən orta məktəbdə oxuyanda (1 №-li məktəb, Xırdalan) 9-10-cu siniflərdə avtomobildən təlim dərsləri keçirdilər. İndi isə məktəblərdə belə bir şey yoxdur. Ona görə də getdikcə yol qəzalarının sayı artır. O vaxt belə yol qəzaları təsadüf hallarda olurdu. Çünki, yol hərəkəti haqqında qaydaları lap uşaq vaxtından öyrənirdik. Mən avtomobilə o qədər həvəsliydim ki, rəhmətlik atamın verdiyi peraşki pullarını yığıb benzin alırdım. Onu gətirib müəllimə verirdim ki, nədi-nədi mənə maşın sürmək öyrətsin.

Yol qəzalarının əsas səbəbi səriştəsiz sürücülərdir. Mən “maşınım”a oturan tələbəyə deyirəm ki, davay, sür şəhərə. Deyir ki, yox, qorxuram, deyirəm qorxma, mən səni başa salıram. “Maşın” sürəndə gərək qorxmayasan. Mən özüm də qorxaq olmadığıma görə, istəyirəm ki, yanıma gələn tələbəni də üzüağ yola salım. Sabah söyməsin ki, filankəs məni öyrətmədi. Ona görə də bu işin əsas şərtlərindən biri qorxmamaqdır. Mən özüm qorxuramsa, kimisə öyrədə bilmərəm”.

Təlimçinin avtomobilində Yol Hərəkəti Qaydası kitabı və İnzibati Xətalar Məcəlləsi də var: “Ona görə ki, birdən tələbəm sual versə, mən buna hazır olmalıyam. Mən desəm ki, müəlliməm, amma sualın cavabını bilmirəm, ölsəm ondan yaxşıdır”. Onun sözlərinə görə, insanın götürmə qabiliyyətindən asılı olaraq, 15-17 günə onu öyrədirlər: “Elə insanlar gəlir ki, onda heç “maşın” sürməyə həvəs yoxdur, biz belələrini öyrətməkdə çətinlik çəkirik. Amma, elələri də var ki, elə bil anadangəlmə onda “maşın” sürmək istəyi var. Mən birinci dəfə rolda oturub özünü göstərən insanı dərhal tanıyıram ki, bu öyrənəcək”.

Reportyorluq səhvim...

O təlimə gələnlərin çox az olduğundan gileyləndi: “Bizdə reallıq belədir ki, sürücülük kursundan gələn tələbələr əvvəlcədən mənə deyirlər ki, İlqar müəllim, mənim ora gəlməyə vaxtım yoxdur. Kitab alıb özüm oxuyacam. Həm də deyir ki, mexanikadan imtahan verəndə gedib tapşırtdıracam, nəyimə lazımdır ki, onsuz da avtomat “karobka” avtomobil alacam. Buna görə də düşünürlər ki, kursa getmək onlara lazım deyil. Bax, bizim də bədbəxtliyimiz budur ki, kursa getmirik. Amma özünə hörmət eləyən insan yenə də bizim yanımıza gəlir. Nəzəriyyəni birtəhər yola versə də, praktikanı, təlimi gəlib özü öyrənir. İndi insanlar “maşın” sürməyə pul xərcləmirlər. Əvvəllər işimiz həddindən artıq çox olurdu. Camaatın maddi vəziyyəti yaxşı idi. Burada yaxınlıqda yarmarka vardı. Həmin vaxt Bakının səksən faizi burada olurdu. Yarmarkaya gələnlərin əksəriyyəti “maşın” sürürdü. Amma indi çox az-az gəlirlər”.

Elə ki, söz gəlib çıxdı haqq-hesab məsələsinə, İlqar müəllim də “hayımıza çatmadı”. “Axı niyə adi vətəndaş kimi yaxınlaşıb soruşmadım bunları?” deyə, bəlkə də reportyorluq fəaliyyətimin ilk səhvini etdiyimi düşündüm. Bu arada təlimçi söhbətini davam etdirdi: “Siz bu qiymətləri qəzetə yazsanız bizim üstümüzə 100 nəfər adam gələcək. Bir dəfə biri “axmaq-axmaq” danışmışdı ki, qiymət 20 manat filandır, azca qala özümüzünkülər onu döyəcəkdilər bunun vergisi var, filanı var (gülür). Ona görə, bunu deyə bilmirik, kommersiya sirridir”.

40 manata bir dövrə!

Amma, sonrakı həmsöhbətimiz bu sirrin ucundan-qulağından danışdı. Adını desə də, biz yazmırıq, qorxuruq ki, İlqar bəy demiş, kişini döyərlər! O, da xeyli vaxtı burada işləyir. Əvvəlcə vacib məsləhətlər verdi bizə: ““Maşın”ı olanlar yolda dayananda, haradasa saxlayanda açarı mütləq çıxarsınlar. Arxada uşaq olar və açarı bura bilər, Allah eləməsin, qəza-filan olar. İkincisi, “maşın” sürəndə elə edin ki, o sizə tabe olsun. Tələsməyin və öz “maşın”ınızı heç kimə verməyin. Bir məsələ də var ki, sürməyi öyrənməyə səhər gəlmək lazımdır. Çünki, səhər çağı beyin təmiz olur, deyilənləri tez qavrayır. Həm də, “maşın” sürməyi öyrənərkən 1-2 dəfə də gecə sürməlisən ki, əlini görməyəsən”.

Dayı, həmçinin dedi ki, burada dayanan avtomobillərin əksəriyyəti hökumətə məxsus deyil, yəni fərdi maşınlarıdır. O, təlimçilər arasında saf adamların çox az olduğunu da qeyd etdi.

Səmimi və gülərüz kişidən öyrəndik ki, qeyd olunan məkanda təlim keçməyin 1 saatı 15 manatdır. Amma, bu məbləğin qarşılığında ancaq elə orada sürə bilirsən. Şəhərə çıxanda isə qiymət 40-50 manata qədər artır. Çünki şəhərdə təcrübəsiz sürücülər çoxdur. Amma dayının dediyinə görə, bəlli marşrut üzrə sürməyin dövlət qiyməti 19 manat 50 qəpikdir.

Elgün MənsimovREPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112