Ayvazyanın “Qarabağa səfər” təxribatı
Ekspertlər deyirlər ki, Ermənistanın öz gələcəyi haqqında düşünməsi
lazımdır
İşğal altındakı torpaqların azad olunmasından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanatda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə öz əksini tapdı. Lakin bu günlərdə Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Qarabağa qanunsuz səfər etdiyi məlum oldu. Bu isə üçtərəfli bəyanata zidd olaraq atılmış addımdır. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev son dəfə xəbərdarlıq etdi. Belə ki, dövlət başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib: "Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir".
Prezident bildirib ki, bu səfərlərə son qoyulmalıdır: "Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət, əsasən bu mövzular haqqında söhbətlər aparmışdır. Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli "səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə, bütün səfərlərə son qoyulmalıdır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.
Prezident vurğulayıb ki, sülhməramlı qüvvələrin orada funksiyası var: "Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik.
Mən bir daha
demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan
tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər
nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid
edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük
problemləri olacaq və yenə də peşman olacaqlar”.
Z.Məmmədov
qeyd etdi ki, Ermənistanın xarici işlər nazirinin səfəri ilə bağlı Rusiya
sülhməramlılarına da sual vermək lazımdır: "Çünki orada sülhməramlılar həm
müxtəlif siyasətbazların, həm də əlində silah olan digər şəxslərin Azərbaycan
torpaqlarına girişinə birmənalı şəkildə qadağa qoyaraq bu məsələlərdə
prinsipial mövqe nümayiş etdirməlidir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki,
Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın dövlət sərhədini
pozaraq Xankəndinə gəlməsi, rəsmən Ermənistanın Azərbaycana qarşı separatizmə
dəstək verməsidir: "Bu, həm də 10 noyabrda imzalamış üçtərəfli bəyannaməyə
ziddir. Göründüyü kimi, Azərbaycanın dövlət sərhədini keçərək Azərbaycan ərazisinə
daxil olan qonşu ölkənin naziri birbaşa Azərbaycan əleyhinə fəaliyyətə dəstək
verir. Əgər Ermənistan belə bir siyasəti davam etdirəcəksə, bu ölkə ilə sülh
müqaviləsi və əlaqələrin normallaşdırılmasına getməyəcəyini bəyan etmək
lazımdır.
Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda özbaşına
hərəkətləri, burada humanitar sahədə fəaliyyətləri və Ermənistan rəsmilərinin Xankəndinə gəlməsi
prezident İlham Əliyevin açıq şəkildə etiraz etməsinə gətirib çıxardı. Bundan sonra Azərbaycan hakimiyyəti Rusiya ilə Dağlıq Qarabağda sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı memorandum bağlamaq niyyətindədir. Onların fəaliyyəti dəqiq göstərilməlidir. Çünki onların hazırkı fəaliyyəti sülhün təmininə deyil, vəziyyəti mürəkkəbləşdirməyə doğru aparır. Prezident İlham Əliyev də məhz bu xüsusda mesajlarını verdi.
Yaxın müddətdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə aydınlıq gələcək. Onların hazırkı sərbəst fəaliyyəti olmaya bilər.
Prezidentin Ermənistan xarici işlər nazirinin Xankəndinə gəlməsi ilə əlaqədar mövqeyi Ermənistan və Rusiyaya mesajdır. Bundan sonra Ermənistan rəsmiləri Xankəndinə gəlməyə cürət etməyəcəklər. Onlar bu addımı Azərbaycanın icazəsi ilə həyata keçirilə bilər. Əks təqdirdə Laçın dəhlizində Azərbaycan əsgərləri onları qarşılayacaq. İlham Əliyevin bu bəyanatı sıradan deyil. Burada ciddi təzyiq mexanizmi var. Rusiya "sülhməramlı qüvvələri” də Ermənistan rəsmilərinin Xankəndinə gəlişinə icazə verməyə bilər.
Demək, bununla da Xankəndində separatçıların izolyasiyası davam edəcək. Laçın dəhlizi Azərbaycanın ərazisidir və burada Azərbaycanın post qurması mümkün ssenarilər sırasındadır”.
M.Əsədullazadə vurğuladı
ki, əgər bu kimi səfərlərin qarşısı alınmasa, Nikol Paşinyan Xankəndinə gələrək
növbəti dəfə avantürist açıqlamalar verə bilər: "Bu, bir dövlət rəhbərinin
digər ölkə ərazisinə qanunsuz keçib separatizmə dəstək verməsi deməkdir. Artıq
Dağlıq Qarabağda separatçılar özlərini rahat hiss edir və onlara bu imkanı
Rusiyanın sülhməramlı qüvvələri yaradır. Bu, çox təhlükəli bir prosesdir və ölkəmizə
qarşı təzyiqlərin formalaşdırılmasına hesablanıb. Azərbaycan hakimiyyəti
qətiyyətli şəkildə bu provakasiyaların qarşısını almalı, erməni silahlı
terrorçularına qarşı əməliyyatları Xocavənd, Ağdərə ərazisində keçirməlidir”.
BƏXTİYAR