AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aylıq gəliri 7 min manat olan Sadə peşə adamı

Aylıq gəliri 7 min manat olan Sadə peşə adamı

Gənclik qəzeti
18 Noyabr 2014, 11:52 10572
Belə bir məsəl var: “Qonşun pisdir köç qurtar, dişin ağrıyır çək qurtar”. Qonşunu dəyişmək olur, ancaq bu diş məsələsi çox qəliz olduğu qədər ağrılı məsələdir. Diş insanın sağlam, rahat yaşamasının əsas atributlarındandır. İnsanın dişi onun həm siması, həm də sağlamlığının ilkin göstəricisidir. Buna görə insanı dişsiz təsəvvür etmək müşkül məsələdir. Düzdür, bəzən diş həkimi xəstə dişimizi müayinə edib, onu bərpa edə bilir. Lakin bəzən də diş elə yararsız hala gəlir ki, onu çəkməkdən başqa çarə qalmır. Bu zaman imdadımıza diş texnikləri yetişir.
Biz də “Sadə peşə adamı” rubrikasında çürüyən dişlərimizi bərpa edən, onları yenidən istifadəyə yararlı hala salan diş texniki ilə görüşməyə qərar verdik.

“Sənətin mətbəxindən başladım”

Müsahibimiz Səlimov Röyal 1986-cı ildə Şəkidə anadan olub. Uşaqlıqdan diş həkimi olmaq istəsə də, Azərbaycan Tibb Universitetinə balı çatmadığı üçün qəbul ola bilməyib: “Uşaqlıqdan diş həkimliyinə marağım var idi. Ümumiyyətlə diş həkimliyi, texnikliyi mənim üçün hər vaxt cəzbedici sahə olub. Ailəmdə bu sənətlə məşğul olan olmasa da, seçdiyim peşə də daim məni dəstəkləyirdilər. Lakin, çox çalışsam da universitetə sənət verdim və kəsildim. Bundan sonra da ümidimi üzmədim, diş həkimi ola bilməsəm də, diş həkimliyinin mətbəxindən başlamaq qərarına gəldim. Mingəçevirdə diş texnikliyi üzrə tibb texnikumunda təhsil aldım”.

Bacarıq, diqqət və səbr...

Həmsöhbətimiz 7 ildir ki, professional şəkildə diş texniki kimi çalışır. Hazırda “STOM klinikası”da protez dişlər üzrə texnik işləyən Röyal deyir ki, həkimlərin işi onlardan keçir. Həkim xəstənin dişini ölçdükdən sonra işi diş texniklərinə əmanət edir. Gənc texnikin sözlərinə görə, burada əsas məsuliyyət və diqqət diş texnikinin üzərinə düşür: “Diş texnikliyi ustadan böyük incəlik, zəriflik, diqqət tələb edir. Bu sənət o qədər dəqiqlik tələb edir ki, bir an belə səhv etsən bütün əziyyətin boşa gedir”.
Sənətinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, diş texnikliyi də incəsənətin bir növü hesab olunmalıdır. Onun sözlərinə görə, diş texniklərinin əl qabiliyyətləri olmasa, sənətkarlığı bacarmasalar, bu işin öhdəsindən gələ bilməzlər: “Diş texnikliyi də zərgərlik kimi bir sənətdir. Yəni zərgər öz işinin üstündə necə dəqiqliklə işləyirsə, biz də işə o qədər məsuliyyətlə yanaşmalıyıq. Bir anlıq diqqətsizlik bütün əziyyətimizi boşa çıxara bilər. Əl qabiliyyəti və həvəsi olmayan diş texniki işləyə bilməz. Bu sənət insandan ilk növbədə bacarıq, diqqət və səbr tələb edir”.

Gəlirli sahə

Müsahibimiz düşünür ki, diş texnikliyində sənəti bilən sənətkar üçün heç bir çətinlik olmur: “Əgər bacarığın və qabiliyyətin varsa, sənin üçün çətin heç nə yoxdur. Mən artıq 7 ildir bu işlə məşğul oluram. İşimi o qədər sevirəm ki, bir gün belə hansısa çətinliyindən şikayətlənməmişəm. Əgər insan sevdiyi işi görürsə, onun heç bir xüsusiyyəti ona çətin gəlmir”.
Gənc texnik aylıq gəlirlərindən də danışdı. Bu peşənin gəlirli sahə olduğunu vurğulayan müsahibimiz deyir ki, ən ucuz gördüyü iş 40 manatdan başlayır: “Diş texnikliyi həm maraqlı, həm də gəlirli sahədir. Mən bir protezi ən ucuz halda 40 manata düzəldirəm. Gün ərzində ən pis halda 6 diş düzəltsək bu günə 240 manat edir. Aya böldükdə isə, bir aylıq gəlirimiz 6-7 min arasında olur. Üstəlik digər dişlərə nisbətən protezin qiyməti ucuz olduğu üçün tələbat daha çox protez dişlərə olur”.
Ən gənc müştərisinin 20 yaşında olduğunu söyləyən müsahibimiz dişləri protez olanlara da məsləhətlər verdi. Gənc texnik deyir ki, protez dişi diş fırçasıyla və ya diş məcunu ilə yumaq həmin protezə ziyan verə bilər: “7 ildə hər yaşda insan üçün protez diş düzəltmişəm. Amma bunların arasında ən cavanı 20 yaşlı oğlan olub. Avtomobil qəzası keçirdiyi üçün bütün dişləri yararsız hala düşmüşdü. Bu səbəbdən protez diş sifariş vermişdi”.
Müsahibimiz protez dişi qorumaq və saxlamaq qaydalarından da danışdı. Onun sözlərinə görə, bəzən xəstələr qaydalara əməl etmədiyindən dişi yararsız hala salır və həkimə şikayət edir: “Bəzən biz dişi düzəldib həkimə təhvil veririk, lakin həkim protez dişi necə saxlamaq qaydalarını xəstələrinə izah etmir. Bu zamanda həkimə müəyyən şikayətlər olur. Protezinizin olması ağız gigiyenasına və baxımınıza daha az diqqət yetirəcəyiniz mənasını verməz. Əksinə diş həkiminizə nizamlı olaraq getməniz protezlərinizin ömrünü artıracaq və ağız sağlamlığınızı qoruyacaq. Dişlərə protez olan insanlara demək istəyirəm ki, dişini yuyarkən qətiyyən məcunundan və fırçadan istifadə etməsinlər. Bu zaman diş zədələnir və estetik baxımdan yaxşı görünmür. Protez dişi yumaq üçün apteklərdə xüsusi dərmanlar satılır. Onlardan istifadə etsələr daha yaxşı nəticə əldə edə bilərlər”.

Protezə necə qulluq etməli?

Gənc texnik protezlərə qulluq üsulundan da danışdı. O deyir ki, protezlərə nizamlı olaraq qulluq etmək lazımdır: “Yeməklərdən sonra, protezinizi suda yuyaraq yemək artıqlarını uzaqlaşdırın. Müəyyən paylardan sonra, xüsusilə yatmazdan əvvəl, nizamlı olaraq protezinizi yuyun. Bu əməliyyat ərp və ləkə meydana gəlməsinin qarşısını alar. Aşındırıcı tozlar istifadə edilməməlidir. Yoxsa protezin səthi çəkilər və bu səthlərdə artıqlar toplanmağa və rənglənməyə başlar.
Xüsusi protez fırçalarından istifadə etməli və protezin bütün səthlərini təmizləməyə diqqət göstərməlisiniz.
Zaman-zaman protezinizi, xüsusi protez mayelərində gözlədə bilərsiniz. Kimyəvi maddəyə məruz qalan protezinizi yuduqdan sonra istifadə etməniz lazımdır.
Protezin içinə işləmiş ləkələr və ərplər ancaq bir diş həkimi tərəfindən ultrasonik vasitələrlə təmizlənə bilər”.

“Protezi əlimdən yerə salıb sındırdım”

Röyal iş başında başına gələn maraqlı hadisələrdən də danışdı. O deyir ki, uzun müddət üzərində işlədiyi dişi təhvil verən anda əlindən salıb sındırıb: “Bir dəfə həkim protez diş sifariş vermişdi. Mən də 3-4 gün həmin dişin üzərində diqqətlə işlədim. Lakin dişi təhvil verəcəyim gün, əlimdən yerə salıb sındırdım. İndi gülsəm də, bu mənə pis təsir etmişdi. Daha sonra yenidən o dişin üzərində işləməyə başladım”.
Gənc texnik sonda vurğuladı ki, dişlə bağlı texnologiyalar nə qədər inkişaf etsə də, heç bir protez insanın öz dişinin yerini verə bilməz. Ona görə öz dişlərinizin qədrini bilin.

Aygün ƏZİZSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">