• cümə, 29 Mart, 02:00
  • Baku Bakı 7°C

Aydın Hüseynov: Həyatda qalmaq istəyiriksə, qaydalara mütləq riayət etməliyik

01.04.20 16:45 653
Aydın Hüseynov: Həyatda qalmaq istəyiriksə, qaydalara mütləq riayət etməliyik
Koronavirus təhlükəsinin dünyada getdikcə artdığını nəzərə alaraq ciddi qabaqlayıcı tədbirlərin görüldüyünü hər kəs anlamalı və buna sözsüz əməl etməlidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmək hər kəsin borcudur:
"Əgər həyatda qalmaq, özümüzün və yaxınlarımızın həyatını və sağlamlığını qorumaq istəyiriksə, mütləq şəkildə qoyulan qaydalara riayət etməliyik. İndiki məqamda insanların bu qorxunc xəstəliyə yoluxmaması və kənar şəxslərə yaymaması üçün hər birimizin də üzərinə mühüm vəzifələr düşür. Sadəcə olaraq karantin dövründə evdə qalmalıyıq".
A.Hüseynov qeyd edib ki, Azərbaycan dövləti tərəfindən bütün vacib tədbirlərin görülməsinə baxmayaraq, bəzi şəxslər hələ də bu qaydalara əməl etmir:
"Evdə qal, sağlam ol” kampaniyasının mahiyyətini yetərincə dəyərləndirməyən vətəndaşlar isə həm öz həyatları, həm də doğmaları, yaxınları, o cümlədən cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirlər. Ölkəmizdə bu virusun qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması dövlət rəhbərliyinin ciddi nəzarətindədir və bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir.
Bizlərin isə yeganə vəzifə borcu qaydalara əməl etməklə özümüzü və xalqımızı qorumaqdır. Hər birimiz tam məsuliyyət hissi ilə həmrəylik və birlik nümayiş etdirməklə pandemiyaya qarşı birgə mübarizə aparmalıyıq”.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.
banner

Oxşar Xəbərlər