AZE | RUS | ENG |

Aydın Əliyev: “Aktyor teatra hər bir yaşda lazımdır”

Aydın Əliyev: “Aktyor teatra hər bir yaşda lazımdır”
“Teatr kollektiv sənətdir. Bəlkə də kollektivçilik siyasətinin vurğunu olduğum üçün tanrı məni bu sənətə gətirib çıxarıb”. Bu sözləri martın 16-da 60 yaşını qeyd edən Aydın Əliyev deyir.

Ömrünün 60-cı ilini tamamlayan sənətkar yaradıcılığı ərzində bir neçə teatrımızın səhnəsinə öz obrazları ilə işıq salıb.

Aydın Əliyev Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb. İrəvan Kənd Təsərrüfatı Texnikumunu bitirib. Texnikumda oxuyarkən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında S.Ələsgərovun "Ulduz" musiqili komediyasında-Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində-Teymur ağa, C.Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarının mahir ifaçısı olaraq adını teatrın tarixinə yazıb.
O, 1975-1982-ci illərdə İrəvan Teatrında, 1982-1986-cı ilərdə Şəki Dövlət Dram Teatrında, 1986-1992 illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib və bu illər ərzində onlarla tamaşada müxtəlif səpkili rollar yaradıb. 1993-cü ildən Bakı Bələdiyyə Teatrında işləyib. Bu teatrın səhnəsində O.Altunbayın "Tomris"ində Odtəkin, J.Anuyun "Medeya"sında Şah Krion, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" tamaşasında Ruben, C.Məmmədquluzadənin "Ölülər" komediyasında Mirbağır ağa, C.Cabbarlının "Dönüşü"ndə Qüdrət Arslan, N.Nərimanovun "Nadir şah"ında Mirzə Mehdixan, M.Məmmədovun "Dəli Domrul"unda Əzrail, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, M.F.Axundovun "Müsyo Jordan Dərviş Məstəli Şah" əsərində Dərviş, H.Cavidin "İblis" tamaşasında Elxan və s. tamaşalarda yaddaqalan rollar ifa edib.

Aktyorun xidmətləri qiymətsiz də qalmayıb. O, 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb, 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.

- Aydın müəllim, 60 yaş bir aktyor üçün nə deməkdir?
- ... Bu yaşıma nə zaman gəlib çatdığımdan heç özümün də xəbərim olmadı. Elə dövrlər olub ki, 60-dan da yaşlı insanların obrazını ifa etmişəm. Misal üçün Maksim Qorkinin “Həyatın dibində” əsərində Luka obrazını canlandırmışam. O zaman 27 yaşım var idi. Hesab edirəm ki, aktyor üçün yaşın fərqi yoxdur. Zamanın necə gəlib keçdiyindən xəbərimiz olmur, cavanı da, qocanı da, orta yaşlı nümayəndələri də canlandırırıq.

- Geriyə baxanda heç təəssüf hissi keçirirsinizmi?
- Vaxt sürətlə keçir. Zamanında oynaya biləcəyimiz obrazları canlandırmayanda insan təəssüf hissi keçirir. Cavan vaxtı insan xarakterlərə dəyişiklik edə bilir. Yaşlı insanlara çevrilmək olur, ancaq qocalıqda isə aktyoru cavanlaşdırmaq çox çətindir. Sanki daxilən gənclikdə keçirdiyin o hissləri keçirmirsən. Gənclikdə canlandıra biləcəyimiz obrazları yenidən canlandırmaq mümkün deyil. Hüseynağa Atakişiyev 1980-ci ildə məni İrəvan teatrından Şəki teatrına gətirdi. O, o zaman İrəvan Teatrında Nəriman Həsənzadənin “İmzalar içində” əsərini tamaşaya qoydu. Orada mən Məhəmməd Hadi obrazını canlandırdım. Həmin obrazdan sonra Hüseynağa Atakişiyev məni Şəki teatrına dəvət etdi. O zaman 25-26 yaşım var idi.

- Neçə ildir səhnədəsiniz. Kim bilir neçə-neçə böyük sənətkarla eyni səhnəni paylaşmısınız?!
- Elədir. Mənim elə İncəsənət Universitetinə daxil olmağımın səbəbkarı Ədil İskəndərov olub. Bu, təsadüfi bir görüş idi. Mən universitetə sənəd verməmişdən əvvəl İrəvan Teatrında çalışırdım. O zaman Hidayət Orucovun təkidi ilə mən universitetə sənəd verdim. Sonuncu imtahan SSRİ tarixi idi. İmtahanı götürən Aydın Şıxəliyev məni kəsdi. İmtahana yaxın qohumum Telli Pənahqızı ilə gəlmişdim. O məni imtahana hazırlaşdırırdı. İmtahan zamanı qapının ağzında dayanmışdı. İmtahandan çıxanda soruşdu ki, nə oldu? Dedim ki, Aydın müəllim məni kəsdi. Biz dəhlizə düşüb həmin məkanı tərk etmək istəyirdik ki, Adil İsgəndərovla rastlaşdıq. O zaman Telli xanım jurnalist kimi tanınırdı. Adil müəllim Telli xanımla görüşdü və gəlişimizin səbəbini soruşdu. Vəziyyətdən hali olandan sonra Aydın müəllimin yanına getdi və bizi arxayın etdi ki, hər şey yaxşı olacaq. Yəni mənim İncəsənət Universitetinə qəbul olunmağımda Telli xanımla Adil İsgəndərovun misilsiz rolu olub. Əgər Adil İsgəndərova rast gəlməsəydim, mən fikrimi dəyişə bilərdim. Çünki mənim texniki sahələr üzrə biliyim çox yaxşı idi. Ordubad İnternat Məktəbində rəssamlıqla məşğul olmuşdum. 73-cü ildə İncəsənət Universitetinin rəssamlıq fakültəsinə sənəd verdim. Sonradan qərara aldım ki, rəssamlıq mənlik deyil. Ancaq o zamanlar bir sıra əsərlər çəkmişdim ki, onları bu günə qədər də saxlayıram.

- Rəssamlıq qabiliyyətiniz sizə səhnədə yardımçı olurmu?
- Əlbəttə, rəssamlıq ağır bir sənətdir, insandan böyük dərrakə tələb edir. Aktyor sənətində rəssamlıq, rejissorluq, musiqi – çox sənət toplaşır. Düzdür, bu gün oturub televizora baxıb tanınmaq üçün sənətə gələnlər də var. Hesab edirəm ki, bu cür sənətə yanaşma sevgi deyil. Bu tamam ayrı bir hissdir. Teatr kollektiv sənətdir. Burada aktyorların heç biri başqasının yerini tutmur. Sənət də bir nəfərlə deyil, çoxluqla yaranır. Bəlkə kollektivliyi xoşladığım üçün Tanrı məni belə bir sahəyə gətirib çıxarıb. Mən fərqli sənəti də seçə bilərdim. Ancaq gördüm ki, mən kollektiv sənətdə özümü insan kimi hiss edirəm. İncəsənət insanın dixilinə, duyğularına təsir edən bir sənətdir.

- 65 yaşından sonra aktyorlar teatrdan kənarlaşdırılır və ya uzaq başı onlarla müqavilə bağlanılır. Sizcə yaşlı aktyorlar teatra nə dərəcədə lazımdır?
- Aktyor teatra hər bir yaşda lazımdır. Ağasadıq Gəraybəylinin 95 yaşı var idi, bütün zalı ayağa qaldırmağı bacarırdı. Onun yerini kim verə bilərdi? Bu gün rus teatrlarında çox yaşlı aktyorlar var. Bu sənətə hansısa məqsəd və ya özünü göstərmək üçün gəlirsənsə, bu nə sənətə, nə də aktyora xeyir gətirməyəcək. Onda deyəcəklər ki, sən müqavilə ilə işlə. Öz üzərində işləyə bilmirsənsə, fəaliyyətini dayandır. Bu barədə qanunverici orqanları da günahlandırmaq olmaz. Yəqin ki, onlar bizdən daha artıq bilirlər. Təkcə çayxanalarda lağlağı, laqqırtı, dedi-qodu ilə məşğul olmaq sənətə heç vaxt ucalıq gətirməyib. Bu, yalnız vaxt itkisidir. İtirdiyimiz vaxtın yerinə öz ideyamızla nəsə ortalığa çıxara bilərdik. Bir neçə il keçdikdən sonra ideyalarımızı kiminsə həyata keçirdiyini gördükdə təəssüf hissi keçiririk ki, biz bunu nə üçün etmədik. Mən çox teatrlarda işləmişəm. İrəvan teatrı, Şəki teatrı, Xarkov teatrı, Naxçıvan, Musiqili Komediya, Akademik Mili Teatrı, Bələdiyyə teatrı və s. 97-ci ildə Həsənağa Turabovun vaxtında Akademik Milli Dram Teatrına dəvət aldım. O zaman Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc» əsəri səhnəyə hazırlanırdı. Əsəri Ağakişi Kazımov səhnələşdirirdi. Orada mənə Çin şahzadəsi Yan Sun obrazını verdilər. O zaman Heydər Əliyev tamaşanı izləməyə gəlmişdi. Tamaşadan sonra ulu öndər adəti üzrə aktyorları ətrafına cəm edib öz fikirlərini bildirərdi. Heydər Əliyev dedi ki, tamaşa boyu diqqəti Yan Sunda və onun bacısını oynayan Laləzar Mustafayevada olub. Biz ikimiz də orada mənfi obrazda idik. Dahi siyasətçinin mənim haqqımda o sözləri deməyi bizim üçün çox böyük dəyər idi.

- İndi «Əli və Nino» filmində çəkilirsiniz. Necə oldu ki, bu filmə təklif aldınız?
- Onların iş üslubunu çox bəyənirəm. Həmin filmdə Oskar mükafatçıları, ssenaristlər, dünyanın tanınmış atkyor və aktrisaları yer alıb. Filmdə rus qubernatorunu canlandırıram. Hər şey çox ciddi rejimlə gedir. Doğrudan da onlar qibtə olunası aktyorlardır. Öz işlərinə çox məsuliyyətlə yanaşırlar. Nədənsə mən öz aktyorlarımızda o məsuliyyəti görmürəm. Biz hər şeyi lağlağı ilə qarşılayırıq, zarafata salıraq. Bəlkə də daxilimizdən gəlmir, bəlkə də bu sahəyə hələ hazırlıqlı deyilik. Biz hər şeyi yola verməyə çalışırıq. Filmin çəkilişləri ingilis dilində gedir. Onların işə münasibətini görəndə qısqanclıq hiss keçirirəm. Onlarla bir yerdə işləmək mənim üçün böyük təcrübə oldu. Bu böyük layihədir. Burada mənə anlaşılmaz olan məsələlər də var. Filmi çəkən pakistanlı Bollivud rejissorudur. Rejissor mənə ayrı bir rol verirdi, o daha yaxşı idi. Bir neçə ölkədə çəkilməli idim. Rejissor mənimlə ingiliscə danışırdı. İngilis dilini yaxşı bilmədiyim üçün alınmadı. Rejissor dedi ki, çəkiliş meydanında mən aktyorla birbaşa özüm əlaqə saxlamalıyam. Məni 3-4 dəfə çağırdılar və nəticədə bu obrazı verdilər.
Bu filmdən sonra özümə söz verdim ki, tezliklə ingilis dilini öyrənəcəm. Vaxtında ingilis dilini bilsəydim, bir neçə ölkədə çəkilib yaxşı qonorar alacaqdım. İndi-indi başa düşürəm. Ermənistanda yaşayanda ermənilərin dilini öyrənmişdim. 94-cü ildə cəbhə bölgəsində erməni dilini bilməyim 200 əsgər, bir generalın xilas olmasında kömək oldu. Biz cəbhə bölgəsinə əsgərlərlə görüşə getmişdik. Həmin bölgədə Amaliya xanımın dəstəsi ilə tamaşa göstərəcəkdik. Oraya getdikdə bizə söylədilər ki, orada bizim çıxışımız qeyri-mümkündür. Əsgərlərimiz və generalımız mühasirədədir. Birdən zabitlərdən biri gəlib soruşdu ki, içinizdə erməni dili bilən varmı? 10 il İrəvan şəhərində yaşadığım üçün hər kəs bilirdi ki, mən erməni dilini bilirəm. Vəziyyət elə oldu ki, kəşfiyyat bölməsində ermənilərin danışıqlarını tərcümə etməli oldum. 6 ay sonra bu işimə görə Hərbi Nazirlik tərəfindən mənə mükafat verdilər.

-Müsahibəyə görə çox sağ olun Aydın müəllim. Biz də sizi yubileyiniz münasibəti ilə təbrik edir və yaradıcılıq uğurları arzulayırıq!

Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112