• cümə, 19 Aprel, 19:13
  • Baku Bakı 24°C

Çay nədi, say nədi...

30.07.20 17:59 1034
Çay nədi, say nədi...
Gəlirli və əməktutumlu sahə olan çayçılıq sənayesinin inkişafı kompleks şəkildə həyata keçirilməlidir

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumi dəyəri 4 767,8 min ABŞ dolları olan 705,18 ton çay ixrac olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 5,9%, həcmi isə 0,5% artıb. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 27 482,20 min dollar təşkil edən 6 853,46 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi 10%, dəyəri isə 14,5% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,34% təşkil edib. Göründüyü kimi, cari ilin ilk yarısındaAzərbaycanda çayın idxalı ixracı 9,7 dəfə üstələyib.
Maraqlıdır ki, çayının dadı, ətri ilə məşhur olan ölkəmiz, necə olur ki, idxalda ixracı üstələyir?
Aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlıqeyd etdi ki, çayçılıq Azərbaycanda müstəqillik illərində tənəzzülə uğrayan sahələrdən biridir: "Sonrakı dövrdə bu sahədə müəyyən canlanma olsa da, hələlik daxili bazarı tam təmin edə bilmirik. Yəni hələlik bu sahə idxaldan asılıdır. Əsas problemlərdən biri də çay plantasiyalarının azalması ilə bağlıdır. Ona görə də, hesab edirəm ki, çayçılıq sahəsi ayrıca təşviq edilməlidir. Ölkədə istehsal olunan çayın 98 faizi rütubətli, subtropik Lənkəran-Astara bölgəsinin payına düşür. Təqribən iki faizə qədəri isə Zaqatala bölgəsində becərilir. Amma həmin bölgələrdə çay plantasiyalarının sayı xeyli azalıb. Buna görə də daxili bazarı təmin etmək üçün çayın böyük hissəsi xaricdən idxal edilir. Yaxın perspektivdə idxaldan tam asılılığı aradan qaldırmaq mümkün deyil. Amma bunu yalnız çox ciddi tədbirlər görməklə müəyyən qədər azalda bilərik.Rütubətli, subtropik bölgələrdə digər bitkilərin sahəsini azaldaraq, çay plantasiyalarının sayını artırmaq lazımdır. Çünki çay başqa bölgələrimizdə yetişmir. Həmçinin, xarici təcrübə öyrənilərək, daha məhsuldar sortlar yetişdirilməlidir”.
Çay idxalının artımı ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib ki, çay texniki bitkidir və məhsula düşmə dövrü 7-10 il götürülür: "Bu sahə uzun müddətli investisiya tələb edən sahədir. Çay bitkisi 50 il durmadan məhsul verə bilir. Sovet dövründə Azərbaycanda çayçılıq sənayesi çox ciddi inkişaf edib. 1990-cı illərdə iqtisadi münasibətlərin pozulması nəticəsində çay bağları diqqətdən kənarda qaldı, çoxları çay bağlarını ləğv etdir, çünki bitkilərin çoxu qocalmışdı. Çay bağlarının yerində daha tez məhsul verən sitrus və digər məhsul bağları salındı. 2010-cu ilədək Azərbaycanda çayçılıq ağır vəziyyətdə idi və çay istehsalı aşağı olub".
Ekspert bildirib ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib: "Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi ölkəmizdə çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına təsir edəcək. Çay bitkisi əkilən kimi məhsul vermir. Son illər Azərbaycanda təxminən 1000 hektardan çox ərazidə çay bağları salınıb. Hələ ki o bağlar məhsula düşməyib".
Onun sözlərinə görə, digər tərəfdən, bu sahə böyük investisiya tələb edir: "Kiçik fermerlər bu sahəyə investisiya qoya bilmirlər, çünki investisiya qoyub 7-8 il gözləmək mümkün deyil. Bu sahəyə yalnız iri şirkətlər investisiya qoymalıdır. Son vaxtlar Astara, Lənkəranda müasir çay müəssisələrinin yaradılması prosesi gedir. Çay bazarında ciddi rəqabət var. Xaricdən əsasən Şri-Lankadan çay gəlir. Hətta yerli çay istehsalını artırsaq belə, hökmən bazarın qorunması siyasəti həyata keçirilməlidir ki, çayımızı bazarda sata bilək. Azərbaycan çayı ekoloji baxımdan təmiz çaydır".
Ekspert qeyd edib ki, çayçılıq çox gəlirli sahədir və əməktutumludur: "1 hektar çay bağında orta hesabla 160-200 nəfər il ərzində işləyə bilir. Ona görə də dövlət bu sahənin inkişafında maraqlıdır. Çayçılıq daha çox ölkəmizin cənub və qərb bölgəsi üçün xarakterikdir. Çay emalı sənayesi inkişaf etdirilməlidir. Çay texniki bitkidir və emal prosesindən keçməlidir. Çay yığılan kimi istehlaka göndərilmir. Mütləq emal sənayesi qurulmalıdır. Çay bağlarını artırsaq belə, müasir emal müəssisələri olmalıdır və bu iş kompleks həyata keçirilməlidir. Bu olsa, daxili tələbatı ödəyə bilərik. Azərbaycanın çayçılıq sənayesi kompleks xarakter daşımalıdır”.

Qeyd edək ki, "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır. Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur. Məsələn, çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

Günel Azadə
banner

Oxşar Xəbərlər