AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Axundzadə dramlarında sosial mühit

Axundzadə dramlarında sosial mühit

26 Yanvar 2020, 09:30 3118
"Hekayəti Xırs-quldurbasan” dramında hadisələr köhnə tərəkəmə qaydasında yaşayan ərazidə Şəmşəddində cərəyan edir. Bədii əsərlər üçün vacib mövzulardan olan sevgi burada xüsusi mahiyyət daşıyır. Bayram Pərzadı sevsə də bacarıqsız, lakin arxalı Tarverdi onun qarşısında bu işdə mane olur. Lakin Bayramın bu problemində ona kömək edəcək vacib bir faktor var. Bütün əhali oğurluğa getməmiş oğlanları qoçaq, mərd hesab etmir. Tarverdi də Bayramın şansına uyğun şəkildə qorxağın birisi olur. Bayram Tarverdini yoldan çıxarıb quldurluğa göndərtməklə bu maneədən qurtulmaq istəyir.
 
Dövrünün cəsarətli gənci kimi Bayramı bu faktor hərəkətə gətirir. Hiyləgər ər-arvad olan Namaz və Zalxadan Bayram kömək ola bilir.  Xüsusən, Zalxa bu işdə ona köməkçi olur. Tənha olarkən quldurluğu pisləyib hətta divanbəyidən bu işi dayandırmasını arzulayan Zalxa aldadıcı oyunun iştirakçısına çevrilir. O Tarverdini quldurluğa getməsi üçün qızışdırır. Quldurluğun qəhrəmanlığın vacib şərt olduğunu söyləyir. Axunzadənin bir dramaturq kimi bir məharəti də burada görünür. Əsasən mənfi planda təqdim edilən Tarverdi Zalxaya cavabında "Xeyir nə adam soymuşam nə adam vurmuşam. Sibirə gedənləri dara çəkilənləri gözün görmür”. Əslində Tarverdi busözləri deməklə məntiqi fikir yürüdür. Tarverdi bunları deyərkən yeni gəlmiş işğal rejimin də cəza tədbirləriylə bağlı oxuculara hələ çar məmuru olan Divanbəyi drama daxil olmamış məlumat verir.
 
Zalxa Tarverdiyə iki nəfər köməkçi qoşaraq bu oyunda iştirakına nail olur. Dramın bir üstün cəhəti də bu səhnədə bəlli olur. Bayram Tarverdinin gəlməsindən xəbərsiz olaraq onun ayaq səslərini eşidir amma bunun bir canavar olduğunu təxmin edir.
19-cu əsrdə Azərbaycan ərazisinə almanlar da köçürülmüşdülər. Onlar əsasən ölkəmizin Qərb hissəsində məskunlaşmışdılar. Bu əsərdəki alman Fok obrazının olması əsərə daha bir müasir çalar əlavə edir. Ənənəvi quldurluqla məşğul olan şəxs yeni bir fəaliyyət növüylə qarşılaşır. Paltar, qab oğurlamaq istəyən Tarverdi sirk heyvanlarıyla qarşılaşır. Əsərdəki oyun içində oyun burada görünür.  Bu gözlənilməzlik Tarverdini sirk ayısı tərəfindən öldürülməsi təhlükəsiylə üz-üzə qoyur.
Bu cür məişət olaylardan sonra "Hekayəti xırs-quldurbasan”ın ictimai məzmunu açılır. Çar məmuru Divanbəyinin növbəti pərdədə görünməsiylə Azərbaycandakı işğal rejiminin əlamətləri də görünməyə başlayır. Axunzadənin bir çox tətqiqatçıları əsasən də Feyzulla Qasımzadə bu obrazın müəllif tərəfindən senzuraya məruz qalmaması üçün şərti şəkildə müsbət planda verildiyi qeyd edib.
 
Bu səhnədə işğalın əsasında yerli əhalinin dilinin bilinməməsinin yarı komik yarı faciəvi tərəfləri qabardırılır. Teatrşünas Cəfər Cəfərov belə mülahizə irəli sürür ki, dilamanc qəsdən Divanbəyinin sözlərini səhv tərcümə edir. Kəndliyə nə qozqurursan sözünü "sizdə qoz-fındıq çox olurmu kimi tərcümə edir”. Kəndlilərə rüşvət barədə işarə edir. Divanbəyi obrazı əsərə daxil olarkən biz Bayramın da başqa mənfi tərəflərini görürük. Məşədi Qurban onunla üz-üzə qalanda belə deyir "Divanbəyi ilə bizi qorxutma, bağırsaqlarının ayaqlarına dolaşdıraram”. Bu sözlər oxucuya bir ipucu verir. Belə ki, bu mübarizədə Bayram çar məmurunu da bir güc kimi arxasına alır. Tarverdiylə müqayisədə qoçaq olan Bayram heç də tam olaraq müsbət qəhrəman olmaması ortaya çıxır. Bayram öz Pərzadına qovuşmaq üçün zəncirvari bir prosesdən keçir. O, məqsədinə çatmaq üçün işğalçıların gücündən belə istifadə edə bilir. Məhz Bayramın məharətindən çar məmurlarının istifadə etməsi dramın sonunda maraqlı həll variantı ortaya qoyur. Bundan sonra  əsərin sonunda Divanbəyinin onu özünə yasavul təyin etmək istəməsi Bayramın həyatının necə sonlanmasını əks etdirir.  Çox güman ki, Bayram bundan sonra əmirqulu olasıdı.
Axundzadə xalq həyatında olan mənfi cəhətləri islah etmək üçün mübarizə aparırdı. Təbii ki, oğurluq quldurluqla ad çıxarmağın zamanı keçmişdi. İnsanların xüsusən bir sənət əldə etməsi çox vacib idi.
 
İstər mövzu istərsə də, hadisələrin gedişi cəhətdən bu pyesinin davamı hesab edilə biləcək "Hekayəti mərdi-xəsis” əsərində də iki gəncin bir-birini sevməsi əsas süjet xətti təşkil edir. Lakin bu dramda  ictimai, sosial məsələlər daha dolğun şəkildə işlənmişdir. Müflisləşmiş Cavanşir nəslindən olan Heydər bəy müasiri olduğu zəmanədən şikayətçidir. Ata-baba qaydasında yaşamağa üstünlük verən Heydər bəy bir sənətlə məşğul olmağı özünə ar bilir. O da Şahbaz bəy kimi Qarabağda yaşayan bir gəncdir. Lakin ondan fərqli olaraq Heydər bəy həyatında bir yenilik eləmək istəmir. Biz Şahbaz bəyin təhsil almaq istəməsini görürük. Heydər bəydə isə  bu istək də yoxdur.
 
Toy xərcinin lazım olması Heydər bəyi Bayram kimi əməli hərəkət etməyə vadar edir. Bunun üçün onun Hacı Qaraya ehtiyacı olur. Sosial münasibətlərin dəyişməsi kontekstində varlanan tacir Hacı Qara qızılbaş və rus çitinin bazarda satılmamağından şikayətçi olur. Çünki o dövrdə Rusiya yerli istehsalatını artırmaq üçün firəng çitini qadağan etmişdi.
 
Hadisələrdəki dinamika Hacı Qaranın səfərə çıxmasıyla başlanır. Kazakların əlindən dad edən Hacı Qara firəng çitini əldə etmək üçün Təbrizə yollanmağa can atır.
Yüzbaşı Ohan sürəti  diqqətçəkəndir. Rusiya imperiyasına xidmət edən bu yüzbaşı insafsız, qatil, soyğunçu xarakterli birisidir. Əmrində olan ermənilərdən biri Sərkisin qarabağlı azərbaycanlıların tərəfini saxlamağa çalışmağı qonşu kimi qorumağı təklif etsə də Ohan qulluq naminə xalqımıza qarşı nifrətini püskürür.
 
Hacı Qaranın erməni əkinçiləriylə üz-üzə dayanması səhnəsi isə həm komik, həm də düşündürücüdür.
Hacı Qara əsəri də iki sevgilinin bir-birinə qovuşmasıyla nəticələnir. Heydər bəy özünü Dağıstanın üzərinə müharibəyə getməklə xilas edir. Eyni ilə Bayram kimi. Hər iki gəncin ailə səadəti Rusiya imperiyasına xidmət etməklə gerçəkləşir. Sevgi xəttiylə başlanan əsərlər ictimai məzmunla bitir. 
 
Ceyhun Mirzəli