• cümə axşamı, 28 mart, 12:52
  • Baku Bakı 16°C

Axundovun dünyaya “çıxmağı”

27.11.17 21:56 17333
Axundovun dünyaya “çıxmağı”
Ədəbi mühiti həmişə düşündürən suallardan biri də Azərbaycan ədəbiyyatının hansı səbəbdən dünyaya çıxması məsələsidir. Çap olunub tanınmamaq isə yəqin hansısa müəmma ilə bağlıdır...Bu yaxınlarda Mirzə Fətəli Axundovun oğlu Rəşid bəy Axundovla məktublaşmalarını oxuyanda maraqlı faktlara rast gəldim. Sən demə, Mirzə Fətəli Axundzadəni də bu sual düşündürüb.
Məktublarda məişət və şəxsi məsələlərdən başqa ədəbi mövzudan da danışan ata və oğul Avropanın ədəbi həyatını haqqında daimi müzakirə aparıb, fikirlərini bölüşüblər. Bu məktublarda bəzən oğulun ata ilə razılaşmadığının, hətta ona qarşı çıxdığını görürsən. Məktublarından birində Rəşid atasına Qastino adlı bir fransız yazıçısı ilə tanış olduğu haqqında yazır. Yazışmadan aydın olur ki, fransız yazıçısı ilə söhbətin əsas mövzusu Mirzə Fətəli Axundov yaradıcılığı olub. Atasının düşüncəsinə şərik olan Rəşid bəy Axundov onun əsərlərinin yayılmasına səy göstərib. Rəşid atasına Qastinonun dediklərini yazır: "Əgər fransız dilinə tərcümə edilsəydi, o komediyalar burada böyük uğur qazanar, ya da cəlbedici görünərdi. Burada hələ heç kim azərbaycanlıların adət və ənənələri ilə tanış deyil". Rəşid bəy atasının pyeslərinin tərcüməsi və tamaşası məsələsinə ciddi yanaşırdı. O, bu əsərlərin başdangetdi tərcümə olunmasını istəmirdi. İstəyirdi ki, tərcümələr "ruha və fransız dilinin tələblərinə uyğun" gəlsin. Rəşid bəy Qastinodan atasından elədiyi tərcümələri "qaydaya salmağı... kələ-kötür yerlərini hamarlamağı..." xahiş edirdi.
Rəşid bəy fransız yazıçısı Qastino ilə söhbətlərini atasına yazdığı məktubda belə təsvir edirdi: "Söhbət əsnasında mən ona sizin kimliyinizi, əhəmiyyətsiz, xırda yazıçılardan olmadığınızı anlatdım. Anlatdım ki, istedadınız hər yerdə qəbul olunub, bir çox jurnallar və Senkovski kimi məşhur tənqidçilər sizin barənizdə etimadla danışırlar. Daha heyrətamizi bunu dedim ki, hamı bir səslə Sizin talantınızı təsdiq edir və elə bir tənqidçi yoxdur ki, bu fikrin ziddinə getsin".
Rəşid bəy atasına "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur"un tərcüməsinə başladığını yazır. Pyesin uğur qazanacağı təqdirdə Rəşid bəy düşünür ki, Qastino ilə bərabər, "Kəmalüddövlə məktubları”nı da fransızcaya tərcümə etsin.Amma Rəşid bəyin Brüssel teatrlarında Axundovun pyeslərini səhnəyə qoymaq təşəbbüsü uğursuzluqla nəticələnirf. Rəşid bəy Qastinonun pyeslərə dair fikirlərini atasına çatdırır: "Pyes teatr üçün o qədər yararlı deyil – nə buranın, nə fransız tamaşaçılarının xoşuna gələcək. Siz bilirsinizmi səhnə üçün yazılmış pyesdə nəyə daha çox fikir vermək lazımdır? Elə etmək lazımdır ki, daha çox hay-küy, intriqa, gözlənilməzlik olsun, bir sözlə, kütlənin gözünə kül üfürmək gərəkdir”.
Lakin Rəşid ruhdan düşmür, cəhdlərini başqa yöndə davam etdirir, Axundovun pyeslərini Brüsseldə nəşr etdirmək istəyir. "Mən bu haqda kitab tacirlərinin birilə danışaram. Əgər razılaşsa, lazımi şərait yaradın, onları kitabça şəklində dərc etdirib satdırsın. İnanıram ki, oxucuları çox olacaq... Oxumaq və ya səhnədə görmək – bu eyni şey deyildir. Oxunarkən bəyənilən şey səhnədə oynanarkən heç də həmişə xoşa gəlmir".
Məktublardan belə görünür ki, Rəşid bəyin bu cəhdi də uğursuz nəticələnir. Və Axundovdan üzü bu yana nə qədər belə cəhdlər olub, demək olar ki, çoxu da eyni aqibəti yaşayır.
Bu gün bu problem davam edir. Digər tərəfdən yazarların əksəriyyət xaricdə çap olunmaq həvəsindədir. Yazarlar ölkədə bir-iki kitabı çıxandan, müsahibə verib, haqqında iki məqalə yazdırandan sonra əsərlərini xarici ölkələrdə nəşr etdirmək iddiasına düşürlər. Bəzən buna nail olsalar da, dünya şöhrəti istəyi alınmır ki, alınmır...
Səxavət Sahil
banner

Oxşar Xəbərlər