• cümə, 29 Mart, 06:02
  • Baku Bakı 5°C

Axıskalılara türkcəni tədris edən ilk azərbaycanlı müəllim – Təhsil

07.11.16 12:17 2256
Axıskalılara türkcəni tədris edən ilk azərbaycanlı müəllim – Təhsil
Həyat prinsipi oxumaq, öyrənmək və Allahın yaratdığı hər şeyi sevməkdir. Düşünür ki, insanın həyatda qazandığı bütün uğurların əvvəlində təhsil və sevgi gəlir. Sənətini o qədər sevir ki, nə xəstəlik, nə də şəxsi həyatındakı problemlər onun şagirdlərinə sevgi, müsbət enerji ilə elm öyrətməsinə mane olmur. Çünki bilir ki, əgər müəllimsənsə, şagirdlərinin gələcək taleyi, vətənə, millətə xeyirli olması həm də səndən asılıdır.

Türk sevgisi...

Müsahibimiz türkoloq, Türk dili müəllimi Aydan Ümidovadır. Aydan 1991-ci ildə türkçü-milliyyətçi ailədə anadan olub. Türk dilinə, türk ədəbiyyatına, tarixinə, mədəniyyətinə, sənətinə marağı elə uşaq yaşlarından yaranıb. 5-ci sinifdən Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi yaradıcılığını öyrənməyə və daha dərindən araşdırmağa başlayıb: "Uşaqlıqdan türk kanallarını izləyirdim. Ədəbiyyat dərsində Yunus Əmrənin, Cəlaləddin Ruminin kitablarını oxuyurdum. Biz uşaq olanda internet bu qədər inkişaf etməmişdi. Kitabların əksəriyyəti rus dilində idi. Türk dilində kitablar çox az idi. Türkiyəyə tanışım gedən kimi, türk ədəbiyyatı ilə bağlı kitab sifariş verirdim. Uşaqlıqdan atam bizi türkçü ruhda böyüdüb. O, həmişə deyirdi ki, türk sənin qardaşındı, Türkiyə sənin ikinci vətənindir”.
Məhz türk sevgisi onu 2008-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq (Regionşünaslıq) fakültəsinin Türk dili və ədəbiyyatı bölümünə gətirib: "BDU-da təhsil aldığım müddətdə yüksək göstəricilərimə görə Ankara Bilkənt Universitetinə yay məktəbində təhsil almağa göndərilən tələbələrdən biri olmaq şansını qazandım. Bu kurs nəticəsində Ankara Bilkənt Universitetinin rektoru Prof. Dr. Abdullah Atalar tərəfindən "Türkcə bölümü dil öyrənciləri xidmət içi təhsil kursu” sertifikatına layiq görüldüm. Bakalavrı bitirdikdən sonra 2012-ci ildə magistraturaya - doğma Bakı Dövlət Universitetinin Filolgiya fakültəsi Türk dili ədəbiyyatı bölümünə daxil oldum. 2014-cü ildə magistraturanı fərqlənmə diplomuyla bitirdim. Bu ilin martındann Yunus Əmrə İnstitutu Bakı Mərkəzi ilə əməkdaşlıq edirəm. Axıska Türkləri Vətən İctimai Birliyi və Yunus Əmrə İnstitutu Bakı Mərkəzinin təşkilatçılığı ilə Axıska türklərinin toplum halda yaşadığı Saatlı-Sabirabad bölgəsini əhatə edən Türkcə kursunda Türk dilini tədris etmək mənə həvalə olunub. Bu məsuliyyətli işi sevə-sevə həyata keçirirəm. Axıskalı gəncləri Türkiyə universitetlerində 1 il əlavə kurs oxumadan təhsil ala bilmələri üçün TYS adlanan (Türkcə Yetərlik İmtahanı) imtahana hazırladım. May ayında bu imtahana daxil olan tələbələrim 90 faiz nəticə göstərərək yüksək balla sertifikat almağa layiq görüldülər. Hazırda tələbələrim Ankara, İstanbul, İzmir, Bursa, Adana, Mersin kimi şəhərlərdə bir çox tanınmış universitetlərdə təqaüdlü təhsil alırlar. Axıskalılara türkcəni tədris edən ilk azərbaycanlı müəllim kimi tələbələrimlə fəxr edirəm. Kənddə müəllimlik etdiyim dönəmdə həm də axıskalıların tarixi, ədəbiyyatı, həyatı ilə bağlı bir çox araşdırmalar apardım. Onların ağır, keşməkeşli, qorxu dolu keçmişlərini öz dillərindən eşidib-öyrəndim. Gördüyüm, eşitdiyim, yaşadığım hər bir şeyi qələmə aldım və maraqlı bir gündəlik alınıb. Həm məktəbdə şagirdlərimlə keçən maraqlı, unudulmaz günləri, həm də axıskalıların adət-ənənələrini, tarixini, keçmişini bir kitabda dərc etdirmək istəyi ilə çoxlu materiallar toplamışam”.

İkinci müqəddəs peşə

Aydan deyir ki, insanın yaşaması üçün sağlamlıq nə dərəcədə vacibdirsə, təhsil də bir o qədər önəmlidir: "Təhsil mənim üçün hər şeyin başında gəlir. Məncə, insana ilk olaraq sağlamlıq, sonra təhsil lazımdır. Gənclər təhsilə çox önəm verməlidir. Təhsilsiz gənc müasir dövrdə heç vaxt irəliyə gedə bilməz. İrəliyə getmək üçün dünya ölkələrində Azərbaycanın mədəniyyətini, dilini, ədəbiyyatını, tarixini, dilini tanıdan təhsilli, savadlı kadrlar yetişməlidir”.
Aydan müəllim ailəsində böyüyüb. Bu sənəti də məhz valideynlərinin sayəsində sevib. Deyir ki, insan həyatı boyunca bir valideynlərinin, bir də müəllimlərinin borcundan çıxa bilməz: "Ailəmin sənətini davam etdirirəm. Müəllimlik mənim üçün müqəddəs peşədir. Valideyn səni böyüdüb başa çatdırır, müəllimlər isə təhsil verib, gələcəyini təmin edir. Müəllimlik valideyndən sonra ikinci müqəddəs vəzifədir. Müəllim ancaq o demək deyil ki, dərsini deyib evinə getsin. Müəllim bəzən ana, bəzən bacı, bəzən də qardaşdır. Öz tələbələrini, şagirdlərini övladın, bacın, qardaşın kimi sevmək, onlara dərsi sevgi ilə tədris etmək müəllimin borcudur. Sinfə daxil olanda uşaqların səni gördükdə, üzlərində yaranan təbəssüm nəyə desən dəyər. İçində sevgi olmayan insan müəllimlik peşəsinə yiyələnə bilməz. Müəllim ilk olaraq həyatı, insanları sevməlidir”.

"40 dərəcə qızdırma ilə dərsə getdim”


Peşəsinin çətinliklərindən danışan həmsöhbətimiz deyir ki, əgər uşaq fənni sevmirsə, bu, müəllimdən asılıdır: "Mən şagirdlərimlə, tələbələrimlə münasibətdə gülərüz olmağa üstünlük verirəm. Dərsə qaşqabaqla girməyimi xatırlamıram. Müəllim pozitiv olmalıdır və içindəki pozitivliyi şagirdlərə keçirməlidir. Çətinliyim əsasən yorğun, xəstə, şəxsi həyatımda problemlərim olan vaxt sinfə girməyimlə bağlı olub. Çalışmışam ki, problemlərimi sinfə yansıtmayım. Çalışıram hər sinifdə şagirdlərin yaşına uyğun davranım ki, məndən qorxmasınlar. Çünki şagirdlər dərsi sevmək üçün ilk növbədə müəllimi sevməlidirlər”.
Aydan kənddə dərs dediyi vaxt 40 dərəcə qızdırma ilə məktəbə gedib. Deyir ki, sinfə girəndə qızdırmadan əlamət qalmayıbmış: "Kənddə Axıska türklərinə dərs dediyim vaxt qış idi. Təsəvvür edin, qaz yox, işıq yox, çox ağır dövr idi. Çox pis xəstələnmişdim. Qızdırmam 40 dərəcə olduğu üçün ev sahibləri həkim çağırdılar. Həkim həmin gün evdən çıxmağı qadağan etdi. Çöldə də qar yağırdı. Dərsimin başlamağına yarım saat qalmış həkim getdi. Hazırlaşdım, dərsə getdim. Uşaqlar məni görüb narahat oldular. Dedim, qorxmayın, 5 dəqiqə sonra özümə gələcəm. Həqiqətən sinifdə dərsimi çox rahat keçdim və evə getdim. Məncə, işini sevmək budur”.
Həmsöhbətimiz vurğuladı ki, müəllim girdiyi sinifdə uşaqların psixologiyasına bələd olmalı, onların üstünə qışqırmamalıdır: "Sinfə girəndə uşaqların üstünə qışqırmaq, "səsiniz çıxmasın” demək yanlışdır. Uşağın psixikasında belə bir şey var ki, onun üstünə qışqıranda, o daha artığını edə bilər. Amma gülər üzlə, sakit, onun səhvini anlaya biləcəyi tərzdə izah etdikdə, uşaq səhvimi dərk edir. Qışqıranda, uşaq həmin an sakit dura bilər, amma səhvini dərk etməyəcək. İnanıram ki, bu təcrübə bütün təhsil sistemimizdə tətbiq ediləcək”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər