• cümə axşamı, 28 mart, 22:48
  • Baku Bakı 13°C

AXCP-Müsavat davası yeni müstəvidə

23.10.14 11:47 1946
AXCP-Müsavat davası yeni müstəvidə
Xeyli vaxtdır davam edən AXCP-Müsavat savaşı yeni mərhələyə qədəm qoyub. Yəni, didişmənin mövzusu başqa məcraya yönəlib və hazırda gündəmə gətirilən məsələlər əvvəlki söz-söhbətlərdən xeyli fərqlənir. Dünənki yazımızda keçmiş AXCP müşavirinin partiya rəhbərini yıxıb sürüdüyü haqda məlumat vermişdik. AXCP isə hər zamankı mövqeyinə sadiq qalaraq, bu dəfə də həmin şəxslə çoxdan bağlarının qırıldığını iddia edib və həmin şəxsi hakimiyyətə işləməkdə suçlayıb. Yeri gəlmişkən, sözügedən şəxsin, yəni Şakir Abbasovun Müsavat Partiyasında mühüm postlardan birini tutacağı deyilir. Belə ki, Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədrinin sabiq müşaviri Ş.Abbasovun müsahibəsi haqda fikirlərini bölüşərək onunla münasibətlərinin heç vaxt pis olmadığını nəzərə çatdırıb: “Şakir Abbasovu döyüş bölgəsində keçdiyi yoldan və həbsxanadan tanıyıram. Onunla döyüş bölgələrində, hakimiyyətdə, hətta Bayıl həbsxanasında da birgə olduğumuz məqamlar olub. Onun Müsavat üzvləri ilə əvvəllər də yaxşı münasibətləri var idi. Şakir Abbasov Müsavat Partiyasının qurultayında iştirak etdiyi üçün AXCP rəhbərliyi tərəfindən danlaq alıb. Halbuki qurultayda onun və digər AXCP üzvlərinin iştirakı təbiidir. Siyasi münasibətlər baxımından normaldır. Bu, qınanmalı bir əməl deyil”.
A.Hacılının da qarşı tərəf haqda müsbət fikirlər söyləməsi onların yaxın gələcəkdə birgə fəaliyyət qura biləcəklərinə şübhə yeri qoymur. Təbii ki, bu məqam AXCP-çiləri qıcıqlandırmaya bilməz. Qeyd edək ki, AXCP-çilərin narahatlıqları bu mövzu ilə yekunlaşmır və hazırda gedən deyişmədə iki mövzu aktualdır. Müzakirə mövzusuna çevrilən ikinci məsələ isə müsavatçılarla YAP-çıların bir məclisdə iştirak etmələridir. Daha dəqiq, Müsavatın Divan üzvü İkram İsrafilin övladının toyuna YAP-çı deputatları dəvət etməsi AXCP-çilərin əlində bayrağa çevrilib. Aradakı narazılığın pik həddə çatdığını göstərən məqam budur ki, tənqidi fikirləri sıravi AXCP üzvləri deyil, partiya funksionerləri səsləndirirlər.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov həmin toydan olan bir fotonu sosial şəbəkələrdən birində paylaşaraq “Toyu olan gəncləri təbrik edirəm. Xoşbəxt olsunlar. Fotolara baxanda isə ürəyim bulandı. Həm də özümüzü qınadım. Gör bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? Bunların fazillərdən, aydınlardan ötrü ürəyi gedirmiş ki. İsa bəy deyirdi axı maskalar cırılacaq. Cırıldı artıq maskalar. Həqiqətən də maskalar cırıq – cırıq oldu” sözlərini qeyd edib.
AXCP sədr müavini Fuad Qəhrəmanlı isə partiyadaşının fikirlərinə dəstək nümayiş etdirib və N.Ədilovun haqlı olduğunu bildirib: “Ona görə də neçə illər çalışsaq da, bu adamlardan bizə müttəfiq olmadı, həmişə yarıda qoyub qaçdılar. Ancaq onun bu haqlı iradına cavab verməyə sözü olmayanlar arqument tapa bilmədikləri üçün yalana əl atıblar. Yalan yazan şəxslər iddia edirlər ki, Əhəd Abıyev mənim qayınatamdır və mən də Əli Kərimlinin müavini olduğum üçün sabah övladlarımın toyunda Əli bəy Əhəd Abıyevlə birgə otura bilərmiş. Əvvəla, Əhəd Abıyev mənim qayınatam deyil, rəhmətə getmiş qayınatamın qardaşdır. Yox, bəylər biz sizdən fərqliyik”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti də bu mövzuya geniş yer ayırıb və AXCP-çilərin göstərdikləri münasibəti kəskin pisləyib. Yazılardan birində nəzərə çatdırılıb ki, YAP-çı deputatla birlikdə toyda iştirak etməyi “xəyanət” adlandıranlar həmin adamlardır ki, hakimiyyətdən demokratiya tələb edirlər, iqtidarı dialoqdan qaçmaqda suçlayırlar, “milli barış” deyib qiyyə çəkirlər: “Təsəvvür edin, demokratik dünyada elementar məişət prosesi hesab olunacaq bu hadisəni bir dəstə “demokrat” “xəyanət” adlandırır, yolverilməz sayır. Bu adamlar özlərini radikal təmayüllü dini qruplar, məsələn, İŞİD üzvləri kimi aparırlar; “əgər mənimlə deyilsənsə, mənim kimi düşünmürsənsə, sənin başını kəsərik” təhdidi ilə bu cür şantajın heç bir fərqi yoxdur. Görünür, ölkədə münasibətlərin daim gərgin qalması, cəmiyyətin sağalmağa doğru getməsi Əli Kərimlinin “silahsız qruplaşması”na sərf etmir. Pozitivləri də neqativ kimi təqdim etməyə çalışmaqla, əlində bir vedrə çamur dayanıb gəlib-gedənin üstünə ləkə atmaqla bu adamlar hara getmək istəyir? Bir anlıq təsəvvür edin ki, bu düşüncəli adamlar hakimiyyətə gəliblər. Nə baş verəcəyini yəqin etmək o qədər də çətin deyil. Bu düşüncənin, təfəkkürün sahibləri sonra da yekə-yekə danışıb deyirlər ki, xalq arxamızca gəlmir. Müsavatçının toyuna gələn YAP-çını qovmağı tələb edənlərin arxasınca heç kimin gəlməyəcəyini belə düşünə bilmir bu adamlar”.
Toy sahibi İkram İsrafil isə açıqlamasında toy müzakirələri açanların psixoloji probleminin olduğunu vurğulayıb: “Siyasi proseslərə qoşulandan bu qənaətdə olmuşam ki, istər ümummilli məsələlərdə, istərsə ailə-məişət məsələlərinə mənsub olduğun siyasi düşərgənin maraqlarını qatmaq düzgün deyil. İndi də o fikirdəyəm. Ölkəmizdə hələ sular tam durulmayıb. Kimlərsə hesab edirlərsə ki, mənsub olduqları siyasi düşərgənin maraqlarını ailə-məişət məsələlərinə də qarışdırmalı və belə davam eləməlidir, belə insanların siyasi baxışlarında, düşüncələrində problemlər var. O ki, qaldı mənim hakim partiyanın nümayəndələrini məclisimə dəvət etməyimə, əslində dəvətlər çox idi, təkcə Aydın Mirzəzadə deyildi. Mən Aydın Mirzəzadəyə təşəkkür edirəm ki, dəvətimi qəbul edib”.
İ.İsrafil deyib ki, YAP-dan olan digər deputatlara, keçmiş həmkarlarına da dəvət göndərmişdi: “Onlar şəxsən iştirak edə bilməsə də, məclisdə olmaq arzularını ifadə edib təbriklər göndəriblər və öz nümayəndələri vasitəsilə məclisimdə iştirak ediblər. Ümumiyyətlə, xeyir-şərdə siyasət axtarışında olan insanlara isə sözüm odur ki, düşüncələrində problemlər var”.
H.Əsgər
banner

Oxşar Xəbərlər