AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AXC-Müsavat hakimiyyətindəki 140 nəfər DTK agenti kimlərdir?

AXC-Müsavat hakimiyyətindəki 140 nəfər DTK agenti kimlərdir?

Müsahibə
16 Aprel 2013, 10:07 2027
Son günlər müxalifət düşərgəsində baş verən funksioner və lider qarşıdurmaları nəticədə AXC-Müsavat iqtidarı dönəmində xalqdan gizli saxlanılan bir çox qaranlıq məqamların üzə çıxması, eləcə də ifşası ilə sonuclanmaqdadır. Xüsusilə, ənənəvi partiyaların seçkilər ərəfəsində müxalifətin vahid güc mərkəzinə çevrilmək cəhdləri fonunda sözügedən amil özünü daha çox qabartmaqdadır. Belə ki, düşərgədə daim özünəməxsus sərt ittihamları və iradları ilə yadda qalan AXCP rəyasət heyətinin üzvü Xaliq Bahadır bu dəfə daha bir maraq doğuran faktı üzə çıxarmışdır. Xatırladaq ki, X.Bahadır AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan Dövlət Televiziyasının (Az TV) informasiya studiyasının direktoru vəzifəsində çalışıb və sonradan Elçibəyin sərəncamı ilə işdən azad edilmişdir.

«Bizim Yol»a müsahibəsində X.Bahadır işdən azad olunmasını ona sürülmüş “xəyanət” ittihamı ilə bağlı olduğunu deyib. Ancaq maraqlısı da odur ki, sonradan onu xəyanətdə günahlandıran tərəflər baş verənləri oyun olduğunu gizlədə bilməyiblər. AXCP rəsmisi bununla bağlı deyib ki, onun işdən çıxarılması yazılı və şifahi formada olub: “Yazılı o idi ki, televiziyanın rəhbəri Məmməd İsmayıl məni çağırıb işdən azad olunma əmrinin verildiyini dedi. Səbəbini soruşduqda, dövlətə xəyanət etdiyimi bildirdi, çaşqın duruma düşdüm və “nə etmişəm ki, dövlətə xəyanət etmişəm?” deyə bir daha sual etdim. O, yenə də eyni sözləri təkrar edəndə, mən “bu maddəylə azad edirsiniz?” soruşdum və sədr “yox” deyərək əlavə etdi ki, “verilişi efirə gecikdirdiyinə görə azad edilmisən”. Yəni rəsmi olaraq əmrdə saat 8-də “Xəbərlər” proqramını efirə gecikdirdiyimə görə işdən azad olunduğum yazılmışdı. Mən ondan “dövlətə xəyanətin” niyə əmrdə yazılmadığını soruşanda “onu yazmaq olmaz” cavabını eşitdim. Çünki əsas yox idi, o birisinə əsas tapsalar da”.

X.Bahadır AzTV-nin o zamankı texniki imkanlarının zəif olduğundan və efiri doldurmaq üçün bir sıra hallarda sədrin göstərişiylə Rusiyanın “Vesti” proqramının birbaşa efirə verdiklərini də xatırladıb və deyib ki, həmin vaxt aprelin 3-də efirə verilən xəbərlərdə bəlli olmuşdu ki, baş nazir Pənah Hüseynov Soçidə Rusiyanın müdafiə naziri Qraçovla görüşüb: “Bu xəbərin efirə verilməsi mənə dövlətə xəyanət suçlaması oldu, guya, dövlət sirrinin üstünü açmışam. Axı, necə dövlət sirrinin üstünü açmışam ki, əvvəla, informasiya mənim proqramımda getməyib və Rusiya telekanalında yayılıb. Bunu sədrə söyləsəm də, o, yenə məni suçlu saydı. O zaman həmin informasiya “Azərbaycan” qəzetində də yayıldığından, buna görə deyəsən Mehman Cavadoğlunu cəzalandırmışdılar”.

Verilişin özünü yox, məhz M.İsmayılın baş nazir P.Hüseynovun göstərişiylə gecikdirildiyini deyən X.Bahadır bunu belə xatırlayıb ki, aprelin 6-da saat 4-də baş nazir Respublika Prokurorluğunda yığıncaq keçirmişdi və dövlət televiziyasının texniki imkanları geniş olmadığından hər yerə vaxtında kamera göndərə bilməyiblər: “Bundan əlavə montaj stolları az idi, bunun əsasında günün birinci yarısında hansı toplantılar olurdusa, istər-istəməz “Xəbərlər”də öndə olurdu. Bu mənada baş nazirin toplantısı proqramın sonuna yaxın düşmüşdü. Ancaq P.Hüseynov M.İsmayıla zəng edib demişdi ki, onun süjeti birinci olmalıdır. Halbuki, mən o zamankı standartları əsas götürərək qayda qoymuşdum, birinci prezidentin xəbərləri getməlidir, ardınca isə başqa məmurların”.

Göründüyü kimi, X.Bahadır burada daha bir faktı açıqlayıb. Bəlli olub ki, AXC-Müsavat iqtidarında dövlət strukturları arasında ciddi mübarizələr aparılırdı. Hətta prezidentin fəaliyyətinin kölgədə saxlanılması istiqamətində müxtəlif təxribatlar törədilirdi ki, bunlardan biri də məhz sözügedən hadisənin yenidən gündəmə çıxmasıdır. Məsələ ondadır ki, hadisə ilə bağlı məhkəməyə müraciət edən X.Bahadır deyib ki, onun işinə baxan hakim Şəfəq Gözəlova prosesi 3 ay süründürüb: “…3 ay proses davam etdi. Prosesin uzanmasının səbəbini sonradan Ş.Gözəlova bizə dedi ki, baş nazir P.Hüseynovla dövlət müşaviri A.Hacıyev ona təzyiq edirlər”.

Həmin vaxt həbs təhlükəsi ilə qarşı-qarşıya qaldığını deyən X.Bahadır məsələni 1998-ci ildə AXCP sədri Ə.Elçibəylə müzakirə etdiyini də xatırladıb. O, bildirib ki, Elçibəy bununla bağlı qərar çıxarsa da, sonradan etiraf edib ki, onun aldadıblar: “1998-ci ilin oktyabrın 25-də mənim Əbülfəz bəylə təkbətək saat yarımlıq mübahisəli söhbətimdə bu məsələni bildirdim. Elçibəy mənə dedi ki, sən çevrilişə hazırlaşdığından bu işlər oldu”.

Televiziyanın studiya rəhbəri necə çevriliş edə bilər sualını yenidən Elçibəyə ünvanlayan X.Bahadır sonda əsl həqiqəti anlayıb: “Mən bunları ona desəm də, Elçibəy israrlı oldu. Ancaq faktları və arqumentləri gətirəndən sonra Əbülfəz bəydən “məni aldadıblar” cavabını eşitdim”.

Ancaq kimlər tərəfindən aldadıldığını X.Bahadıra deməməkdə israrlı olan Elçibəy sonra bildirib ki, çevriliş hazırladığından ona qarşı aqressiv olub: “Səbəbini sorduqda, bir sıra faktları qarşılıqlı surətdə açdıq. Həbs məsələsini isə daha detallı şəkildə o zamankı daxili işlər naziri Abdulla Allahverdiyev söylədi. 2001-ci ilin fevralın əvvəlində bizi bir partiya sədri görüşdürdü. İlk baxışda tanımadım, bir qədər söhbətdən sonra o, televiziyaya gəldiyini xatırlatdı və studiyaya tanışlığa yox, məni həbs etməyə gəldiyini söylədi. Səbəbini sorduqda, dedi ki, prezident Elçibəy ona məni qandallayıb Bayıla aparmaq göstərişi vermişdi. “Çünki prezidentdə sizinlə bağlı bir sıra yanlış informasiyalar vardı” dedi. Bax, o məqamda Elçibəyin mənə 1998-ci ildə dedikləri aydın oldu”.

“Elçibəy fəaliyyətə başlayana qədər İsa Qəmbər strateji postlara öz adamlarını yerləşdirmişdi”

X.Bahadır 1992-ci ilin sonlarında Milli Məclisdə MTN-in arxivlərinin açılmasının müzakirəyə çıxarılması, eləcə də televiziyada bu məsələnin müzakirə predmetinə çevrildiyi haqqında da məlumatları açıqlayıb. Onun açıqlamalarından da göründüyü kimi AXC-Müsavat hakimiyyətində təmsil olunan bir çox səlahiyyətli şəxs Rusiya DTK-sının agentura şəbəkəsinin üzvləri kimi həmin dövlətin xeyrinə gizli fəaliyyət göstəriblər. Bu səbəbdən də işdən çıxarılmasını yalnız 2 səbəblə deyil, həm də ümumilikdə televiziyadakı bir illik fəaliyyəti ilə əlaqələndirən X.Bahadır daha bir maraqdoğurucu nüansa toxunaraq deyib ki, İsa Qəmbəri mayın 15-də Milli Məclisin sədri, iyunun 7-də isə Elçibəyi prezident seçdilər: “Elçibəy fəaliyyətə başlayana qədər İsa Qəmbər strateji postlara öz adamlarını yerləşdirmişdi… Hakimiyyətdə İsa Qəmbər qanadı çox olduğundan onlar bir il Elçibəylə rəqabətdə oldular. Bunun şahidiyəm...”.
Buradan da göründüyü kimi Müsavat başqanı İ.Qəmbərin DTK agenti olması iddiaları özünü kifayət qədər təsdiq etmiş olur. Eyni zamanda, “Yurd”-un əslində Elçibəyin komandası olduğunu, İ. Qəmbərin komandasının isə kimlərdən ibarət olduğunu deyən AXCP rəsmisi vurğulayıb ki, o bu rəqabətin qurbanı olub.

“Nədənsə, Əbülfəz bəy həmin siyahını kənara qoydu ”

“İ.Qəmbərin komandası mənim televiziyada qalmağımda maraqlı deyildi” iddiasını irəli sürən X.Bahadır bunu belə izah edib ki, Müsavat partiyasının rəhbərliyi ondan dövlətin deyil, məhz özünün rəhbərlik etdiyi siyasi təşkilatın təbliğatının aparılmasını tələb kimi qarşıya qoymuşdu: “Onlar bütün ili televiziyada Müsavat partiyasının təbliğatının aparılmasını istəyirdilər, mən isə Azərbaycanın təbliğatının tərəfdarıydım. Əslində, təbliğata da çox uymurdum, çünki təbliğatın mayasında kommunistçilik vardı. Amma onlar gündə bir kaset gətirib deyirdilər ki, Müsavatın konfransı keçirilib, bu mütləq efirə verilməlidir”.

“Cəbhəçi” funksioner daha bir şokdoğurucu faktla çıxış edib. O zaman MTN-də yüksək post tutanlardan birinin prezident Elçibəyə siyahı təqdim etdiyini bildirən X.Bahadır bununla bağlı onu da qeyd edib ki, sözügedən siyahıda 140 nəfərin adı vardı: “Həmin 140 nəfər AXC-Müsavat hakimiyyətində yüksək vəzifə tutan DTK agentləriydi. Nədənsə, Əbülfəz bəy həmin siyahını kənara qoydu. Rusiyanın aranı qarışdıracağı barədə dediklərimiz düz olsa da, olmasa da, real idi. Çünki 140 nəfər tapşırığa uyğun öz işlərini görəcəkdi”.

Rövşən