• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Çavuşoğlu: “Rusiya Krım tatarları ilə bağlı vədlərini yerinə yetirməyib”

14.01.15 17:00 1155
Çavuşoğlu: “Rusiya Krım tatarları ilə bağlı vədlərini yerinə yetirməyib”
“Rusiyanın Krım tatarları ilə bağlı vədlərini yerinə yetirmədiyini üzülərək söyləmək məcburiyyətindəyik. Rusiya bizim dostumuzdur, lakin yanlış addımları varsa, bunu söyləməliyik”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M. Çavuşoğlu Rusiyanın Almaniyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olduğuna diqqət çəkərək Rusiyaya tətbiq edilən sanksiyalar mövzusunda Türkiyənin mövqeyinin ortada olduğunu bildirib: “Lakin Rusiya ilə əlaqələrimizin yaxşı olması Rusiyanın Ukraynada etdiklərini və Krımın ilhaqını tanımağımız mənasına gəlməz. Türkiyə bu ilhaqı tanımadığını və tanımayacağını açıq şəkildə bəyan edib”.
Kiyev və Moskva arasında dialoq qurulmasına çalışdıqlarını vurğulayan nazir qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı bu mövqe ona deyilib. O, Krım tatarlarına qarşı bütün hücum və təzyiq faktlarını Rusiya tərəfinə çatdırdıqlarını açıqlayıb: “Hətta onlara iki siyahı verdik. Təkcə Mustafa Cəmiloğlu ilə görüşdükləri üçün cəzalandırılan Krım tatarlarının təxminən 100 nəfərlik siyahısını təqdim etdik. Krım tatarlarına qarşı hücum faktları, ölüm-itim hallarına dair siyahını da onlara verdik”.
M. Çavuşoğlunun sözlərinə görə, V. Putin cavab olaraq Krım tatar dilinin rəsmi dil olması, Ukrayna tərəfinin tatarlara vermədiyi hüquqların Rusiya tərəfindən verilməsi və Krım tatarlarının idarəçilikdə yer alması kimi vədlərini təkrarlayıb: “Lakin praktikada bunları görməliyik. Bu günə qədər bu vədlərin yerinə yetirilmədiyini təəssüf ki, söyləmək məcburiyyətindəyik”.
Nazir Türkiyənin Krıma nümayəndə heyəti göndərmək təklifinə V. Putinin “istər rəsmi, istər qeyri-rəsmi, istədiyiniz heyəti göndərin, onlara lazımi şərait yaradılacaq” deyə reaksiya verdiyini nəzərə çatdırıb. O, qısa müddət ərzində Krıma nümayəndə heyəti göndərəcəklərini açıqlayıb.
M. Çavuşoğlu V. Putinin səfər zamanı “Cənub axını” layihəsi əvəzinə Qara dənizin altından yeni bir qaz boru kəmərinin çəkilməsini və Yunanıstan sərhədinə yaxın bir yerdə stansiya qurulmasını təklif etdiyini xatırladaraq iki ölkə arasında hüquqi qüvvəsi olmayan razılaşma imzalandığını və layihə ilə bağlı hələlik hər hansı qərarın qəbul olunmadığını bildirib. M. Çavuşoğlu Türkiyənin enerji məsələsində prioritetinin Trans Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) olduğunu, layihənin tezliklə həyata keçirilməsi üçün işlərin davam etdirildiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər