• cümə axşamı, 25 aprel, 21:16
  • Baku Bakı 21°C

Avtomobilləri dayanacağa yönəltmək yaxşıdır, amma..

24.08.13 09:32 1670
Avtomobilləri dayanacağa yönəltmək yaxşıdır, amma..
“Təsəvvür edin, hər gün işə gedən adam saatı bir manatdan maşınını səkkiz saat avtomobil dayanacağında saxlamalıdır. Beş iş günündən hesablasaq, bu, aya 170 manat edir ki, hər kəsin bu pulu verməyə imkanı yoxdur. Yaxşı olar ki, avtomobil dayanacaqlarında qiymətlər tətbiq edilərkən əhalinin vəziyyəti nəzərə alınsın”.
Bu sözləri bizimlə söhbətində Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi. Müsahibimiz Bakı Şəhər İcra Hakimiyyətinin şəhərin mərkəzində yerləşən müəssisə və təşkilatlara xəbərdarlığını alqışlasa da, bunun mübahisə yaradacağını dedi.
Kim qaydaya əməl etməsə...
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, paytaxt meri Hacıbala Abutalıbovun “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” sərəncamına müvafiq olaraq, Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb. Məktubda deyilir ki, Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin parklanması, durması və dayanması qəti qadağan edilib.
Məktubda qeyd olunub ki, paytaxtın mərkəzi küçələrində yerləşən və istifadələrində avtomobil olan bütün idarə və müəssisələrdən, yerli və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilatlardan, həmçinin qeyd olunan qurumlarda çalışan və istifadələrində avtomobil olan əməkdaşlarından xahiş olunur ki, avtomobillərin parklanması, durması və dayanması qaydalarına riayət etsinlər. Bakı Şəhər İcra Hakimiyyəti başçısı xəbərdarlıq edib ki, əks təqdirdə, nəqliyyatın sıxlığı və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin qanunsuz parklanması hallarının qarşısı sərt inzibati üsullarla alınacaq.
Şəhərdəki “parkovka” qiymətləri
Qeyd edək ki, Mərəkəzi Park Avtodayanacağı, yəni Qış bulvarının altındakı avtomobil dayanacağında 1 saat 50 qəpikdir. “Park Bulvar”ın yeraltı dayanacağında 1 saat 1 Azn, “Nizami” metro stansiyası tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacağın 6 saatı 1 Azn, “Park Center” ticarət mərkəzindəki avtomobil dayanacağının 1 saatı 1 Azn-dir.
Gördüyümüz kimi, parkların əksəriyyətində avtomobil dayanacağının bir saatı 1 manatdır. Müsahibimizin də dediyi kimi, hər gün işə gedən adamın avtomobilini dayanacaqda saxlaması üçün aya 170 manat xərcləməsi lazımdır. Buna görə də Bakı Şəhər İH-nin qərarı mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.
Mübahisəli məsələ
İlqar Hüseynlinin sözlərinə görə, əslində verilən qərar tıxacların aradan qaldırılması üçün gözəl addımdır: “Çünki Bakının mərkəzi küçələrindəki yollara pik saatları zamanı çıxmaq mümkün deyildi. Bundan ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də əziyyət çəkir. Bunun da birinci səbəbi şəhərin infrastrukturunda avtomobil dayanacaqlarının nəzərdə tutulmamasıdır. İnkişaf etmiş ölkələrdə yol kənarlarında çoxlu yeraltı və yerüstü dayanacaqlar olur. Kimin işi hansı dayanacağa yaxındırsa, orada saxlayıb rahat işə gedir. Amma bizdə bu şərait yoxdur. Dayanacaqlar iş yerlərindən çox uzaqdadır. Dediyim kimi, Bakı Şəhər İcra Hakimiyyətinin atdığı bu addım tıxacların aradan qaldırılmasına kömək edəcək. Amma insanlar üçün diskomfort yaradacaq. Əgər iş yerinə yaxın yerdə avtomobil dayanacağı yoxdursa, maşın sahibi nə etməlidir? Bu, mübahisəli məsələdir. Amma inanıram ki, gələcəkdə avtomobil dayanacaqlarının sayı artdıqca bu problem öz həllini tapacaq”.
Dövlətin tikdiyi dayanacaqlar ucuz olmalıdır
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirdi ki, əgər işin yaxınlığında avtomobil dayanacağı varsa, Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əməl olunmalıdır: “Amma dayanacaq işdən kilometrlərlə uzaqdadırsa və sürücü maşını dayanacağa qoyub kilometrlərlə yolu işə piyada qayıdacaqsa, təbii ki, bu, problem yaradacaq. Düşünürəm ki, verilən bu göstəriş dayanacaqların dolmasına hesablanmış addımdır”.
M.Rüstəmov merin göstərişinin tıxacların aradan qaldırılmasına kömək edəcəyini desə də, qeyd etdi ki, dayanacaqlardakı qiymətlər də problem yaradacaq: “Çünki bir nəfər ay ərzində təkcə avtomobil dayanacağına 100-150 manat verə bilməz. Qərar verərkən insanların maddi vəziyyətini də nəzərə almaq lazımdır. Dayanacaqların bir hissəsi, məsələn Qış Bulvarı və Azadlıq meydanındakı dayanacaq dövlət hesabına tikilib. Düşünürəm ki, heç olmasa, dövlət hesabına tikilən dayanacaqlarda qiymətlər sürücülərin cibinə uyğun olsun. Əgər qiymət yüksəkdirsə, sürücülər maşınlarını dayanacaqlarda saxlamaqda maraqlı olmayacaqlar və hansısa üsullarla bundan yayınacaqlar”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər