• şənbə, 20 Aprel, 04:50
  • Baku Bakı 15°C

Avtomobil idxalının artmasının əsas səbəbi

07.10.19 19:52 804
Avtomobil idxalının artmasının əsas səbəbi
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. Bu ilin ilk səkkiz ayı ərzində 24 088 minik maşını idxal edilib. Bu rəqəm 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 2 dəfə çoxdur. İdxal olunan 10 və daha çox sərnişin daşıyan nəqliyyat vasitələrinin sayı 246-ya (2,5 dəfə artım) bərabər olub. Bundan başqa, 2 262 yük maşını (69,8 faiz artım), 99 xüsusi təyinatlı nəqliyyat vasitəsi (22 ədəd artım) idxal olunub. İdxal, həcminin ümumi məbləğinə gəldikdə isə, hesabat dövründə idxal olunan nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin dəyəri 749,131 milyon dollar təşkil edib ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə təxminən 35,3 faiz çoxdur.
Bəs görəsən bu artımın səbəbləri nədir? Ümumiyyətlə, avtomobil idxalının artımı bazardakı qiymətlərə necə təsir edir?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, avtomobil idxalında müşahidə edilən kəskin artım müxtəlif səbəblərlə bağlıdır: "Ötən üç il ərzində Azərbaycanda avtomobil idxalında ciddi azalmalar müşahidə olunurdu. İdxal artımının əsas səbəblərindən biri məhz bu faktorla bağlıdır. Belə ki, 2015-ci ildən başlayaraq devalvasiyanın fonunda alıcılıq qabiliyyəti aşağı düşdü. Nəticədə idxal olunan avtomobillərin sayı aşağı düşdü. Məsələn, 2013-2014-cü illərdə Azərbaycana hər il orta hesabla 100 min avtomobil gətirilmişdisə, 2015-ci ildə bu göstərici 27 min oldu. 2016-cı ildə isə bu rəqəm bir qədər də aşağı düşdü. 2018-ci ildən etibarən yenidən artım dinamikası müşahidə olunmağa başlayıb. Əslində avtomobil idxalının azalması son nəticədə bazarda təklifin əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxarır. Yəni, indiyə qədər bazarda yığılıb qalan bir tələb var idi. Bu tələbi hansısa formada qarşılamaq məqsədi ilə indi idxal prosesi nisbətən aktivləşib. Digər bir məqam isə il ərzində ölkəyə idxal olunan hibrid avtomobillərin sayında kəskin artımlar müşahidə olunması ilə bağlıdır. Məsələn, ötən illə müqayisədə ölkəyə idxal olunan hibridlərin sayında 23 dəfə artım qeydə alınıb. Bu isə vətəndaşların ekonom-klass avtomobillərə üstünlük verməsindən irəli gəlir. İmkanların nisbətən məhdudlaşması və eyni zamanda vətəndaşların davranışlarının iqtisadi parametrlər əsasında formalaşması təcrübəsi bu istiqamətdə meylliliyi gücləndirir. Bu da artıma təsir göstərən digər mühüm faktlardan biri hesab olunur. Həmçinin, sərnişin daşınması üçün nəzərdə tutulan avtomobillərin dövlət hesabına idxalı da statistik göstəricilərə təsir edir. Bu da artımı şərtləndirən digər amillərdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda avtoparkın əhəmiyyətli bir qismi köhnədir. Belə ki, avtoparkda 40 faizə yaxın avtomobil 80-ci ildən əvvəl Rusiyada istehsal olunanlardır. Onlar sürətlə dövriyyədən kənarlaşır. Bu da tələbi artıran faktorlardan biridir. İl ərzində idxal olunan avtomobillərin böyük əksəriyyəti sahibkarlıq subyekti tərəfindən istehlak olunur. Onu da qeyd edim ki, idxalın həcminin artması bazarda müəyyən qədər tələb və təklif arasında optimallaşmanı təmin edir, bu isə qiymətlərin kəskin artımı prosesini məhdudlaşdırır. Əvvəlki illərdə qiymətlər təklifin azalması səbəbindən sürətlə bahalaşırdı. Bu il sözügedən istiqamətdə dinamika aşağı düşüb, bunun da əsas səbəbi idxal prosesinin canlanmasıdır”.

Avtomobil sahəsi üzrə ekspert Eyyub Əliyev qeyd etdi ki, əsasən ikinci əl maşınların idxalında artım dinamikası müşahidə olunur. Yeni maşınların idxalında o qədər də canlanma yoxdur: "Hazırda Avtomobil Dilerləri Assosiasiyasında bu məsələ ilə bağlı müzakirələr gedir. Ölkəyə idxal olunan "ikinci əl” avtomobillərə hansısa formada məhdudiyyətlərin qoyulması təklif edilir. Çünki bu avtomobillər ekoloji baxımdan təhlükəlidir. Həmçinin, istismar müddəti başa çatdığı üçün hər an təhlükə yarada bilər. Əvvəllər 8 min manata ala biləcəyimiz maşınların qiyməti indi xeyli artıb. Düşünürəm ki, bu qiymət artımı sünidir. Məsələn, 90-cı illərdə istehsal olunan "Mercedes” markalı maşınlarının qiyməti ən yaxşı halda iki min manat ola bilər. Amma maşın alveri ilə məşğul olan şəxslər qiymətləri süni şəkildə artıraraq bu avtomobillərin qiymətini 9-10 min təyin edirlər. Əslində köhnə avtomobillərin bazar qiyməti 3 min manatdan artıq olmamalıdır. Çünki onların istismar müddəti çoxdan başa çatıb. Hazırda avtomobil bazarında qiymətlər artım tendensiyası müşahidə olunur. Təəssüflər olsun ki, əhalinin böyük əksəriyyəti köhnə avtomobilləri almaqda maraqlıdır. Bunun da əsas səbəbi kredit şərtləri və lizinq mexanizminin düzgün işləməməsidir. Yaxşı olar ki, avtomobil krediti istehlak kreditindən çıxarılsın. Bu istiqamətdə müəyyən işlər görülərsə, yeni avtomobillərə maraq artar. Bu, həm də köhnə avtomobillərin qiymətinin süni şəkildə artmasının da qarşısını ala bilər”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər