• cümə, 19 Aprel, 18:36
  • Baku Bakı 24°C

Avtobusla hansı ölkələrə səfər etmək olar?

29.06.16 12:58 9678
Avtobusla hansı ölkələrə səfər etmək olar?
Bir ölkədən digərinə səfər etmək üçün beynəlxalq sərnişindaşımada müxtəlif nəqliyyat vasitələrindən istifadə edilir. Onlardan biri də avtobus marşrutlarıdır. Dünyanın bir çox ölkələrində, xüsusilə Avropada geniş istifadə edilən avtobus marşrutları vasitəsilə biz yalnız qonşu Türkiyə, Rusiya, Gürcüstan, İrana səfər edə bilərdik.
İndi isə xarici ölkələrə yeni avtobus maşrutu xətti açılır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına görə, yeni xətdə əvvəllər avtobusla getidiymiz qardaş Türkiyə ilə yanaşı, Bolqarıstan da var. Artıq Bolqarıstana da avtobusla getmək mümkün olacaq. Məlumatda bildirilir ki, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, 1 iyuldan etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində avtobus reysləri həyata keçiriləcək. Bolqarıstana turistlər sadələşdirilmiş viza ilə gedə bilərlər. Biletin qiyməti 130 manat nəzərdə tutulub, gediş vaxtı isə 2 sutkadır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola düşəcək. Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.
Beləlikləı, avtobusla gedə biləcəyimiz ölkələrin siyahısına biri də əlavə olundu. Bəs daha hansı istiqamətdə bu cür xətlərin açılması mümkündür? Ümumiyyətlə, bu sərnişindaşımanın üstünlükləri hansılardır? İnsanlar hansı halda avtobusla səfər etməyə üstünlük verirlər? Bu kimi suallara cavab tapmağa çalışdıq.
"Avropa ölkələrində avtobusla səfərlər inkişaf edib”
Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov bildirdi ki, avtobusla səfərlər məsafə cəhətdən yaxın olan ölkələr arasında daha çox inkişaf edir: "Avropa ölkələrində avtobusla səfərlər həqiqətən inkişaf edib. Çünki ölkələr arasında məsafələr yaxındır. Gedəcəyimiz ölkə ilə yaxın məsafə olsa, bu bizdə də inkişaf edər. Bizdə avtobus turları daha çox Gürcüstan istiqamətində inkişaf edib. Gürcüstana təxminən 400-500 kilometr məsafədir ki, bu da 6-7 saatlıq yol edir. Bu istiqamətdə marşrut xətti müştərilərə, həm də bu istiqamətdə çalışan şirkətlərə əlverişlidir. Tələbat da var. Bir də Türkiyəyə avtobusla getməyə tələbat ola bilər. Amma ora yol uzaqdır”.
N.Bağırov deyir ki, məsafə çox uzaq olduğu təqdirdə, qiymətlər münasib olsa da, turistlər avtobusla səfər etməyə üstünlük vermirlər: "İnanmıram ki, qiymət nə qədər cəlbedici olsa da, Azərbaycana Avropadan avtobus turu ilə turist gəlsin, yaxud bizdən bu cür səfərlərə gedənlər olsun”.
"AZAL-ın reysi olan ölkələrə avtobusla getmək sərfəli deyil”
"Luna Travel” turizm agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev isə bildirdi ki, Azərbaycan Hava Yollarının (AZAL) hansı istiqamətlərə reysi varsa, o ölkələrə avtobusla getmək sərf eləmir: "Avtobusun gediş-dönüş biletinin qiyməti, yolda vaxt itkisi, əlavə yol xərcləri AZAL-ın təqdim etdiyi avialibetdən daha baha başa gəlir. Ən azından, qiymət eyni olacaq. Avtobusun 30 saata getdiyi yola AZAL-ın 3 saatlıq reysi varsa, qiymət də təxminən eyni olursa, təbii ki, hava nəqliyyatına üstünlük veriləcək.
İndi yay ayları olduğu üçün hazırda tələbat daha çox Antalya, Bodrum, Kuş adasınadır. Həmin istiqamətlərə AZAL-ı qoyub, avtobusla getmək düzgün deyil. Çünki AZAL elə bir qiymət təklif edir ki, avtobusla getmək sərfəli alınmır. Bakıdan İstanbula avtobusla gediş təxminən 96 manata başa gəlir. Təxminən bir sutka yarımlıq yoldur. Gediş-dönüş isə 192 manat edir. Bir az erkəndən isə AZAL-dan İstanbula gediş-dönüş biletini 185 manata almaq olar. Müqayisəmiz budur. Ən pis halda, bu gün AZAL-ın biletini baha qiymətə alsalar da, iki sutka avtobusla yol getməyə dəyməz”.
R.Quliyev deyir ki, hansı yerlərə ki AZAL deyil, başqa aviakampaniyalar uçur, o istiqamətlərdə avtobuslardan istifadə etmək daha sərfəli olar: "Bolqarıstan, Sofiya, Varna da həmin istiqamətlərdəndir. Bu cür yerlərə əhali avtobusla getməyə maraqlıdır. Batumiyə, Soçiyə, Trabzona da avtobusla getmək daha sərfəli olar. AZAL bu istiqamətlərə uçmur”.
"İqtisadi cəhətdən avtobus sərfəlidir”
Ekspert Azər Allahverənovun sözlərinə görə, sərnişindaşımada, xüsusilə beynəlxalq sərnişindaşımada avtobusdan istifadə etmək sərnişinlər üçün maliyyə baxımından olduqca sərfəlidir: "Təyyarə ilə hər hansı ölkəyə səfər etmək bahadır. Ona görə də insanlar az pul xərcləmək şərtilə çox vaxt yol getməyə üstünlük verirlər. Təyyarə biletlərinin qiymətinin baha olması ilə yanaşı, təyyarə ilə səyahət zamanı aparılacaq yüklərin qiymətləri də yüksək olur. Bunları nəzərə alaraq insanlar avtobusa üstünlük verirlər.
Məsələn, Bakı-İstanbul istiqamətində səfərə gediş-gəliş üçün 60 dollar məbləğində pul ödənməlidir. Manatla hesabladıqda 100 manatdan bir qədər çoxdur. Amma həmin istiqamətdə təyyarə biletinin alınması az qala 400 manata gedib çıxır. Digər müqayisələr də aparmaq olar. İqtisadi cəhətdən insanlara avtobus sərfəlidir”.
A.Allahverənov deyir ki, söhbət turizmin inkişafından gedirsə, təyyarə biletləri də kifayət qədər aşağı olmalıdır ki, insanlar məcburiyyət qarşısında qaldıqları üçün avtobusa üz tutmasınlar: "Çünki bəzən insanlar məcburiyyət qarşısında qalıb, qiyməti sərfəli olduğu üçün bura üz tuturlar. Təyyarənin də qiyməti elə olsun ki, vəziyyətdən, müəyyən qeyri-iqtisadi səbəblərdən asılı olaraq insanlar avtobusla səfər etsinlər. Avtobusla getməyin ən böyük üstünlüyü odur ki, yol boyu hansısa ölkə və ya şəhərlərin içərisindən keçirlər, gözoxşayan təbiəti görürlər. Gəzməyə meyilli olan, təbiəti sevən insanlar üçün avtobusla getmək xoş təəssürat yaradır. Amma təyyarə ilə səyahət edərkən vaxta qənaət edilsə də, təbiət gözəlliklərini yolboyu görmək mümkün olmur. Təyyarənin isə özünəməxsus üstün cəhətləri var. Təbiəti sevən insan avtobus ucuz olduğu üçün deyil, bu nəqliyyat növü ilə səfər xoş olduğu üçün seçimini bu yöndən etməlidir”.
"2500 kilometrdən çox məsafəni avtobusla getmək yorucu olar”
Ekspert deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması məsələsi gündəmdədir. Bununla bağlı zəruri işlər həyata keçirilir. Sərnişindaşımada qatar olduğu halda həmin istiqamətdə avtobuslardan istifadə edən insanların müəyyən bir qismi qatardan istifadə etməyə meyilli olacaq: "Çünki qatar daha rahat olacaq. Amma qatarın qiyməti avtobusla müqayisədə yüksək, təyyarə qiymətlərinə daha yaxın olarsa, insanlar yenə də məcburiyyət qarşısında qalıb avtobusdan istifadə edəcəklər. Uşaqlı ailələr üçün isə avtobusda səfər etmək çətin məsələdir. İnsanlar bu gün məcburiyyət qarşısında qalıb təyyarə ilə səfər edirlər, yaxud səyahətdən imtina edirlər. Amma qatar olduğu halda, qiymətləri avtobusa yaxın, hətta bir az aşağı-yuxarı olarsa, insanlar ailəvi şkildə bu nəqliyyat növünə üstünlük verəcəklər”.
A.Allahverənovun sözlərinə görə, avtobus marşrutlarındakı rahatlıq elə olmalıdır ki, insanlar qiymətin ucuz olmasına görə yox, digər xidmət və keyfiyyətlərinə görə üstünlük versinlər. Ekspert Bolqarıstana açılan yeni avtobus marşrutunun sərfəli olduğunu dedi: "Gediş-gəliş qiyməti 130 manatdır. Təyyarə ilə bu məbləğ kifayət qədər çox olur. 130 manat hər bir azərbaycanlının cibinə hesablanıb. Amma insanlar məcbur olduqları üçün seçməli deyillər. Beynəlxalq sərnişindaşımaya cəlb olunmuş avtobusların komfortu da məhz ona hesablanıb ki, uzun müddət ərzində avtobusda hərəkət etmək insanlar üçün yorucu olmasın. Avtobuslarda çalışırlar ki, əyləncə xarakterli videolar nümayiş etdirilsin, vaxtaşırı qrafika uyğun dayanmalar olsun. Beynəlxalq sərnişindaşımaya cəlb olunmuş avtobuslar beynəlxaq sərnişindaşıma normalarına uyğun gəlməlidir”.
A.Allahverənov onu da bildirdi ki, avtobus maşrutu ilə beynəlxalq sərnişindaşıma 500-600 kilometrdən başlayır. O, hesab edir ki, 2500 kilometrdən yuxarı olan məsafə artıq insanlar üçün yorucu ola bilər: "Bu, ən azı iki gün ərzində avtobusda yol getmək deməkdir. İki gündən daha artıq yolda olan avtobus sərnişinlər üçün yorucu ola bilər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər