• cümə, 29 Mart, 03:50
  • Baku Bakı 7°C

Avtobus zolaqları: bir problemi həll edərkən, digərini yaratmayaq

12.08.20 19:20 1035
Avtobus zolaqları: bir problemi həll edərkən, digərini yaratmayaq
Ekspertlər deyir ki, yalnız bu cür zolaqların ayrılması ilə nəqliyyatdakı problemləri həll etmək mümkün deyil

Tezliklə Bakının yollarında yalnız avtobusların hərəkəti üçün zolaqlar ayrılacaq. Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına görə, görülən tədbirlərə baxmayaraq, avtobusların şəhərin küçələrində sərbəst hərəkətində problemlər var və bu da sərnişinlərin normal daşınmasına mane olur: "Karantin rejimindəki son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur. Yollarda baş verən qəzalar və yaranan tıxaclar da avtobusların hərəkətini ləngidir”.
BNA-nın məlumatına görə, son günlər yollarda qəza hallarının artması da müşahidə olunur: "Təkcə 7 avqust tarixində Z.Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspress xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır. Vəziyyəti həll etmək üçün BNA Bakı küçələrində yalnız avtobusların hərəkət edəcəyi ayrıca avtobus zolaqlarının yaradılması üçün işlərə başlayıb. Artıq 22 küçədə belə zolağın yaradılması üçün təkliflər təqdim edilib”.
Bəs avtobus zolaqlarının yaradılması hansı effekti verəcək?

"Bu, tıxac problemini həll etməyəcək”

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyir ki, BNA-nın tıxacların aradan qaldırılması üçün keçirdiyi tədbirlər təqdirəlayiqdir: "Hər bir halda tıxacların aradan qaldırılması həm sərnişinlər, həm də sürücülər üçün çox vacib şərtdir. Həmçinin avtobus zolaqlarının yaradılması da yaxşı təklifdir. Lakin Azərbaycanda, xüsusilə də Bakıda bu zolaqların yaradılması və effektivliyi tam real görünmür. Ola bilsin ki, müəyyən prospektlərdə, küçələrdə bu işi həyata keçirmək mümkün olsun. Amma bu, tıxac problemini həll etməyəcək”.
Ekspertin sözlərinə görə, Bakıda mövcud yol infrastrukturu səbəbindən çox ərazidə zolaqlar yaratmaq çətin prosesdir: "Biz tıxacların səbəbini zolaqların azlığı və yolların geniş olmaması ilə əlaqələndiririk. Harada ki zolaq yoxdur və yol geniş deyil, orada tıxac daha çox yaranır. Məsələn, qəza və başqa fövqəladə hadisə baş vermədikdə, Ziya Bünyadov, Heydər Əliyev prospektlərində o qədər sıxlığın şahidi olmuruq, nəinki digər prospektlərdə. Düzdür, bəzi yerlərdə avtobus zolağı yarada bilərik və bu digər nəqliyyat vasitələrinə problem yaratmaz. Lakin hər yerdə bu zolaqların yaradılması mümkün deyil. Bakı artıq oturuşmuş şəhərdir, tikililəri, yolları mövcuddur. Yəni nədirsə, odur. Biz bunu genişləndirmək, yaxud dəyişdirmək iqtidarında deyilik. Zolaqlar yalnız bir sıra yerlərdə olduqda, günlük tıxacın qarşısının alınması, yaxud avtobusların dayanmadan sərnişinləri daşıması baxımından o qədər effektiv olmayacaq. Çünki bu zolaqlar hər yeri əhatə edə bilmir, biz bunu bütün şəhərdə tətbiq edə bilmərik. Zolaq olan hissələrdə avtobusların hərəkəti normal olacaq, digər yerlərdə yenə çətinliklər əmələ gələcək. Yol infrastrukturumuz o qədər geniş deyil ki, biz avtobus, yaxud velosiped zolaqları çəkək. Elə bir şəraitimiz olsa idi, bu tıxaclar əmələ gəlməzdi ki”.

"Tək bununla hər şeyin gözəl olacağını gözləmək sadəlövhlükdür”

Nəqliyyat eksperti Ərşad Hüseynov da deyir ki, avtobus zolağının yaradılması ilə nəqliyyatdakı problemin həll edəcəyini düşünmək sadəlövh yanaşmadır. Ekspertin sözlərinə görə, nəqliyyatdakı problemləri həll etmək üçün təkcə zolaqlar kifayət etmir, kompleks iş görülməlidir: "Şəhər küçələrində, prospektlərdə ictimai nəqliyyat üçün ayrıca zolağın mövcud olması çox gözəldir. Məqsəd də odur ki, avtobus tıxaca düşməsin, insanlar mənzil başına rahat çatsınlar və həm də anlasınlar ki, ən yaxşı seçim ictimai nəqliyyatdır. Belə olan halda, fərdi avtomobillərdən imtina etmək, tədricən ictimai nəqliyyatı populyarlaşdırmaq olur. Çünki avtobusda 70-80, bəzən ölçüsü böyük olduqda, 100 nəfər sərnişin daşınır, minik avtomobilində isə adətən bir sürücü hərəkət edir. Dünyanın ictimai nəqliyyatı inkişaf etmiş ölkələrində bunu tətbiq edirlər. Çox gözəl də effekt verir. Amma bizdə tək bunu tətbiq etməklə hər şeyin gözəl olacağını gözləmək sadəlövhlükdür. Burada kompleks işlər görülməlidir”.
Mütəxəssis deyir ki, zolağın olduğu yerlərdə avtobus şəbəkəsi yoxdursa, ictimai nəqliyyata əlçatanlıq pis vəziyyətdədirsə, bunun effekti olmayacaq: "Birincisi, ictimai nəqliyyatda əlçatanlığı ölçmək üçün sosioloji tədqiqatlar aparılmalıdır. Əhalinin ictimai nəqliyyatdan istifadə edən kəsiminin sayı müəyyənləşdirilməlidir. Tutaq ki, məlum oldu ki, əhalinin 60 faizi istifadə etmir. Bunun da səbəbi araşdırılmalıdır. Marşrut şəbəkəsi mükəmməl olmalıdır. Avtobus zolağı yaradırsan, amma həmin əraziyə gələn şəhərin müxtəlif nöqtələri ilə şəbəkələşmiş marşrut yoxdursa, onun əhəmiyyəti olmayacaq. Paralel olaraq, ictimai nəqliyyatın xidmət keyfiyyəti yüksəldilməli, əhalini çəkindirən elementlər aradan qaldırılmalı, əlçatanlıq maksimuma çatdırılmalıdır. Şəhərin hər nöqtəsində yaşayan insan üçün ictimai nəqliyyata çıxış olmalıdır. Sürücülərin mədəniyyət səviyyəsini, avtobusların komfortunu yüksəltmək lazımdır. Paralel iş getməsə, yəni avtobus zolağı yaradıb, amma fərdi nəqliyyat vasitələrinin azalmasına nail olmasaq, problem yaranacaq. Bakıda 3 küçədə və prospektdə avtobus zolaqları var, onlardan heç biri təyinatı üzrə istifadə olunmur. Bu problemlər kompleks həll olunmalıdır. İctimai nəqliyyat dəqiq saat kimi işləməlidir. Hamı bilməlidir ki, bu, mükəmməldir və tıxaca düşmür. Sadəcə zolaq yaratmaqla hər şeyi həll etmək olmur. Gözəl təşəbbüsdür, amma problem kompleks həll olunmalıdır”.
Zolaqların minik avtomobilləri üçün problem yaradacağı məsələsinə gəldikdə isə, ekspert deyir ki, xüsusi avtobus zolaqları yaradılan küçədə fərdi avtomobillərin sayı buna proporsional azaldılmalıdır: "Dünyada ideya belədir. Fərdi avtomobillərin sayı yollarda azaldıqda, problem yaranmır. Bunun əksinə, çəkilən zolaqdan avtobus da istifadə etməyəcək, boş qalacaqsa, bununla yanaşı, minik avtomobilləri də keçə bilməyəcəksə, bu zaman əlavə problem yaranacaq”.

Aygün
banner

Oxşar Xəbərlər