• çərşənbə, 24 Aprel, 04:21
  • Baku Bakı 14°C

Avtobus sürücülərinə dair tələblər sərtləşdirilir

02.06.16 11:52 2357
Avtobus sürücülərinə dair tələblər sərtləşdirilir
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na dəyişiklik edib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılırlar. Qeyd edək ki, bundan əvvəl "D" kateqoriyası üzrə ən aşağı yaş həddi 21, "DE" kateqoriyası üzrə isə 24 idi.
Bəs, ümumiyyətlə, avtobus sürücülərinə qoyulan ümumi tələblər necədir? Yaxşı sürücü olmaq üçün təkcə yaş məhdudiyyəti kifayət edirmi? İnsanların həyatına cavabdehlik daşıyan şəxslərin daha hansı xüsusiyyətlərinə önəm verilməlidir?
Ekspert Azər Allahverənovun fikrincə, avtobus idarə edən sürücü üçün təkcə yaş kateqoriyası deyil, o cümlədən təcrübə və bacarıqlar da çox vacibdir: "Avtobus sürücüləri gün ərzində minlərlə insanın daşınması işini görür və onların həyatına görə cavabdehlik daşıyırlar. Bu, xüsusi səriştə və bacarıq tələb edən bir peşədir. İstər avtobusun sürətindən irəli gələn məsələləri, istərsə də gün ərzində yüzlərlə insana xidmətin göstərilməsini nəzərə alsaq, avtobusu idarə edən şəxs birmənalı şəkildə müəyyən təcrübəyə malik olmalıdır. Bu təcrübə həm peşə bacarıqları, həm də onun yaşı ilə bağldır. Məsələ burasındadır ki, bu gün avtobusu idarə edən sürücülərin əksəriyyəti gənclərdir. Həmin gənclər isə ordudan tərxis olunan şəxslərdir. Onlar orduda hərbi maşınların idarə olunması işinə baxıblar. İndi isə onlar sərnişindaşıma işi ilə məşğuldurlar. Bunun müsbət cəhətlərindən biri odur ki, həmin gənclər təcrübəyə malikdirlər. Lakin nəzərə almalıyıq ki, bunlar fərqli nəqliyyat vasitələridir”.
Ekspertin fikrincə, yaş həddinin 23-ə qaldırılması çox müsbət addımdır: "Yaşı çox olan sürücülərin həyata baxışı bir qədər fərqli olur. Beynəlxalq təcrübədə də bu amilə xüsusilə diqqət yetirilir. Misal üçün, Skandinaviya ölkələrində sürücülər iki il ərzində xüsusi hazırlıq kursu keçirlər. Həmin şəxslərin sürücülük vəsiqəsi və müəyyən qədər təcrübəsi olsa belə, orada sürücünü işə götürərkən kurslar təşkil olunur. Bu kurslarda sürücülər bütün peşə bacarıqlarına yiyələnmiş olurlar. Bu baxımdan yaşın artırılması, təcrübənin tələb olunması vacib şərtlərdir”.
A.Allahverənov qeyd edir ki, sürücü həm də psixoloji cəhətdən kifayət qədər dayanıqlı olmalıdır: "Biz dəfələrlə sürücülərin emosional şəkildə davrandığının şahidi oluruq. Hətta sürücülər haqsız olduğu təqdirdə belə mübahisə edirlər. Bu kimi hallar isə yolverilməzdir. Sürücünün psixi vəziyyəti, stressə davamlılığı, tez bir zamanda depressiyaya qapılmaması məsələsinə diqqət yetirilməlidir. Fikrimcə, təkcə yaş kateqoriyası kifayət etmir. Sürücülər müəyyən hazırlıq keçməlidirlər. Tutaq ki, sürücünün "D” kateqoriyası var. Lakin bu kateqoriya əslində nəzəri cəhətdən qazanılıb. Faktiki cəhətdən sürücü yollarda təcrübə keçməlidir. Hər yolun özünün ayrı xüsusiyyəti var. Şəhərdaxili yollar, dağlıq ərazilər, aran bölgəsində olan yolar tamamilə fərqli xüsusiyyətlərə malikdir. Bu baxımdan təkcə yaş amili kifayət etmir. Psixoloji amil, xüsusi bacarıq, səriştə, sürücünün yola bələd olması, sürücünün texniki biliklərinin olması və digər parametrlərə diqqət yetirilməlidir. Qeyd edim ki, texniki biliklər də burada mühüm rol oynayır. Avtobusda hər hansı bir nasazlıq baş verərsə, sürücü bunu aradan qaldırmağı bacarmalıdır. Adətən sürücülərin bilik və bacarıqları təkcə avtobusu idarə etməklə məhdudlaşır”.
«Digesta» firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov qəzetimizə açıqlamasında sözügedən qərarın hüquqi aspektindən söz açdı: "Avtobus elə bir nəqliyyat vasitəsidir ki, onu idarə edən şəxs məsuliyyətli olmaqla yanaşı, təcrübəli və bacarıqlı da olmalıdır. Yaş həddinin qaldırılması ona yönəlib ki, daha təcrübəli və məsuliyyətli şəxslər sürücü kimi fəaliyyət göstərsin. 50-60 nəfər sərnişini daşıyan sürücü üçün 21 yaş azdır. Yaşla əlaqədar olaraq həm təcrübə, həm də məsuliyyət hissi artır”.
Hüquqşünas bildirdi ki, burada təkcə yaş kateqoriyası nəzərə alınmamalıdır: "Sürücünün "D” kateqoriyasının olmasına baxmayaraq, onun xüsusi hazırlığı yoxdursa, avtobus idarə etməsi düzgün deyil. Bu baxımdan sürücülərin sağlamlıqları, texniki bacarıqları da mütləq nəzərə alınmalıdır ki, mənfi halların sayı azalsın”.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova öz açıqlamasında bildirdi ki, təhlükəsiz idarəetmənin prinsiplərinə uyğun olaraq və sürücünün üzərində olan məsuliyyəti artırmaq üçün yaş tələbi 23-yə qaldırılıb: "Əvvəl 18 yaşında sürücülük vəsiqəsi alan və 3 il təcrübəsi olan sürücülər avtobusu idarə edirdilər. Yaş kateqoriyası ona görə artırıldı ki, sürücü idarəetmədə öz məsuliyyətini artırsın. Bununla bağlı olaraq Bakı Nəqliyyat Agentliyi nəqliyyat konsepsiyası hazırlayır”.
N.Allahyarovanın sözlərinə görə, həmin konsepsiyanın avtobuslarla bağlı olan bölməsi yaş tələbindən əlavə, sürücülərin üzərinə digər tələblər də qoyur: "Həmin şərtlərdən ən vaciblərindən biri də sürücülərin təlim mərkəzində yoxlamadan keçməsidir. Sürücü bizim treninq mərkəzimizdə yoxlamadan keçdikdən sonra avtobusun idarə edilməsi vəsiqəsini qazanacaq. Həmçinin sürücülərin sağlamlıq məsələləri də mühüm rol oynayır. Psixoloji və idarəetmə bacarıqlarının tam təşkil olunması üçün digər şərtlər də qoyulub. Bu şərtlər sözügedən qərarın icrası ilə birlikdə yaxın gələcəkdə çox uğurlu nəticələr əldə etməyə imkan verəcək”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər