AZE | RUS | ENG |


Avtobus sürücüləri daha məsuliyyətli və peşəkar olacaqlar

Avtobus sürücüləri daha məsuliyyətli və peşəkar olacaqlar
Ekspertlər beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə dair tələblərin artırılmasını müsbət qiymətləndirirlər

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə dair tələblər artırılıb. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edib.
 
Beləliklə, bundan sonra ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərdən Nazirlər Kabineti tərəfindən iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçmək tələb olunacaq.
Hazırlanan tədris proqramının məqsəd və nəticələrinin nələrdən ibarət olduğunu öyrənməyə çalışdıq. 
 
Bütün daşıyıcı şirkətlərə məlumat verilib 
 
Bakı Nəqliyyat  Agentliyinin  mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyir ki, müntəzəm olaraq şəhərdaxili sərnişin daşıma ilə məşğul olan avtobus sürücüləri ilə bağlı olan qaydalar əvvəlcədən  mövcud idi: "Yenilik isə budur ki, yükdaşıma ilə məşğul olan sürücülərə də bu qaydalar şamil edilib. Digər bir yenilik də odur ki, əvvəllər tədris proqramı Nəqliyyat Nazirliyi tərəfindən tərtib olunurdu, indi isə bu iş Nazirlər Kabinetinə həvalə edilib. Paytaxt ərazisində müntəzəm sərnişin daşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə artıq bununla bağlı məlumat verilib. Və yaxın zamanda nəqliyyat şəbəkəsində çalışan bütün sürücülər Bakı Nəqliyyat Agentliyinin sürücü təlim mərkəzində təşkil olunacaq təlimlərə cəlb ediləcək. Bu təlimlər Nazirlər Kabineti tərəfindən hazırlanan tədris proqramları əsasında həyata keçiriləcək”.
 
Müsahibimizdən proqramda hansı təlimlərin tədris olunacağını və təlimlər bitdikdən sonra sürücünün keçilənləri nə dərəcədə mənimsədiyini necə biləcəklərini soruşduq. Mayis bəyin sözlərinə görə, həmin təlim proqramında ictimai nəqliyyatda çalışan sürücünün bilməsi lazım olan bütün məqamlar öz əksini tapacaq: "Sürücünün peşəkarlıq səviyyəsinin artması, yol hərəkəti qaydalarına əməl etməsi, sərnişinlərlə münasibəti, bundan əlavə, onun bilməli olduğu digər nüansların hamısı proqramda əhatə olunacaq. Eyni zamanda, təlimləri başa vurduqdan sonra sürücü imtahan verəcək. İmtahandan uğurla keçib sertifikatı aldısa, o artıq fəaliyyətini davam etdirə biləcək. Yox əgər təlim proqramının sonunda o, imtahanda müsbət nəticə göstərə bilməsə, təbii ki, artıq onun sükan arxasında oturması mümkün olmayacaq. Bu təlim prosesinə Bakı şəhərində müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən bütün daşıyıcı şirkətlərin sürücüləri  cəlb ediləcək. Və bu, məcburi qaydada olacaq. İslam Oyunları yekunlaşdıqdan sonra təlimlər başlayacaq”.
 
Həmsöhbətimiz təlimlərin keçirilməsinin məqsədindən də danışdı. Bildirdi ki, sərnişin daşıma ilə bağlı nə qədər hüquqi baza formalaşdırılsa da, nə qədər yeni nəqliyyat vasitələri gətirilsə də, ən müasir texnologiyalar tətbiq edilsə də, sonda bütün bunları ictimaiyyətə sürücü təqdim edir. Hər şey sürücüdən və onu peşəkarlığından asılıdır. Bunun üçün də mütləq şəkildə sürücülər bu kursdan keçməlidirlər: "Və biz əmin olmalıyıq ki, sərnişinlərin həyatı qeyri-peşəkara deyil, işini bilən,  peşəkara etibar edilib”. 
 
"Bu təlimlər indiyədək heç vaxt real olaraq həyata keçirilməyib” 
 
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirir ki, mətbuatda müxtəlif formada təqdim edilsə də, qaydalarda elə də ciddi bir dəyişiklik yoxdur: "Bu qaydalar əvvəldən də mövcud idi. Sadəcə, əvvəllər tədris proqramını Nəqliyyat Nazirliyi hazırlayırdı, bundan sonra isə Nazirlər Kabineti tərtib edəcək. Bu təlimlər Sovet dövründən Azərbaycan qanunvericiliyində nəzərdə tutulub. Amma  indiyə qədər heç vaxt real olaraq həyata keçirilməyib. Kağız üzərində qalıb. Yeganə olaraq "BakuBus” yaradıldıqdan sonra onlar öz sürücülərinə təlim keçiriblər. Həmçinin yeni yaradılan qurum olan Bakı Nəqliyyat Agentliyi artıq xüsusi təlim mərkəzi hazırlayıb. Və yaxın gələcəkdə, İslam Oyunlarından sonra təlimlərə başlayacaqlar. İlk mərhələdə Bakı şəhərində olan sürücülər bu təlimlərə cəlb olunacaqlar. Təlimlərin üstünlükləri isə ondan ibarətdir ki, həmin proqramı keçən sürücü daha peşəkar, diqqətli və məsuliyyətli olacaq”. 
 
Sürücü bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi vacibdir
 
Məsələ ilə bağlı "BakuBus”un Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyevin də fikrini öyrəndik. Onun sözlərinə görə, son illər ölkəmizin nəqliyyat sistemində həyata keçirilən islahatlar və yenidənqurma işləri bu sahədə müsbət nəticələrin əldə olunmasına və inkişafına gətirib çıxarır: "Paytaxtın nəqliyyat sisteminin təşkilində aparılan işlər bizə yaxın gələcəkdə doğma şəhərimizi dünyanın inkişaf etmiş digər böyük şəhərləri sırasında görməyə imkan verəcək. Ümumiyyətlə sərnişindaşıma xidməti çoxtərəfli münasibətlər üzərində qurulan xidmət növüdür. Burada yol hərəkəti iştirakçıları, daşıyıcı şirkətlər, sərnişinlərlə yanaşı sürücülərin də rolu xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, mövcud sürücü bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi müstəsna rol oynayır. Təcrübə göstərir ki, sürücülərin təkmilləşdirilməsi ilə bağlı aparılan işlər uzun illərdən bəri sürücü-sərnişin münasibətlərində mövcud olan problemlərin aradan qaldırılmasına və keyfiyyətli sərnişindaşıma xidmətinin təşkilinə imkan yaradır. Düşünürəm ki, keçirilən bu təlim proqramlarının sonunda sürücülər daha məsuliyyətli və peşəkar olacaqlar. Çünki onlar avtobus sükanı arxasında əyləşərək hər gün yüzlərlə insan həyatı üçün məsuliyyət daşıyırlar”. 
 
Günel Azadə 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7084
GBP 1 İngilis funt sterlinqi 2.1911
TRY 1 Türk lirəsi 0.4862
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2104
EUR 1 Avro 2.0081
CHF 1 İsveçrə frankı 1.7650
USD 1 ABŞ dolları 1.7008