AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avstriyada Premyer Liqa turnirinin ikinci günündə 8 karateçimiz mübarizəyə qoşulur

Avstriyada Premyer Liqa turnirinin ikinci günündə 8 karateçimiz mübarizəyə qoşulur

İdman
29 Fevral 2020, 14:15 546
Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən Karate1 Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mövsümün 3-cü mərhələsində 14 idmançımız gücünü sınayır. Yarışın ikinci günündə 8 karateçimiz mübarizəyə qoşulur. Kişilər arasında Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata) mübarizə aparır. Qadınların yarışında isə İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) güclərini sınayırlar.
Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışır. Turnir karateçilərə, həmçinin dünya və Olimpiya reytinqi xalları qazandıracaq.
Qeyd edək ki, turnirin birinci günündə karateçilərimizdən Rafiz Həsənov (67 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İtaliya təmsilçisi Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.
Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş Karate1 Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar. Bununla yanaşı, İ.Zaretska Tokio Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.
Premyer Liqa turnirinə martın 1-də yekun vurulacaq.