• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

Avropanın çöküşünün qarşısını necə almalı?

22.10.16 10:39 1891
Avropanın çöküşünün qarşısını necə almalı?
Avropanın az qala bir nömrəli probleminə çevrilən miqrant məsələsi və onun yaratdığı fəsadlar qitənin gündəmini zəbt edib. Artıq Qərb dünyası anlamağa başlayır ki, Yaxın Şərq və Şimali Afrikada mövcud rejimləri devirməsi onu necə ciddi problemlərlə üz-üzə qoyub. Artıq Qərbin bir sıra dairələrində belə bir qənaət var ki, ölkələrdə vətəndaş müharibələri və qarşıdurmalara rəvac vermələri səhv addım olub. Bir vaxtlar NATO, Avropa Müdafiə Agentliyi (EDA) kimi nüfuzlu qurumlara rəhbərlik etmiş Havyer Solana da bu qənaətdədir. Keçmiş diplomat "The New York Times” qəzetində dərc edilən "Avropanın çöküşünün qarşısını necə almalı?” başlıqlı məqaləsində problemin nə qədər ciddi xarakter aldığını araşdırmağa çalışıb. Onun qənaətincə, son 70 ildə dünyanın böyük bir hissəsini əhatə edən Birləşmiş Ştatlar, Kanada və Avropa müddət ərzində firavanlıq və demokratiyanı özlərində ehtiva ediblər: "Hazırda transatlantik cəmiyyət genişlənib, bu gün əhalisinin sayı 900 mln-a çatıb və özündə 30-dan artıq ölkəni birləşdirir”.
Havyer Solananın qənaətincə, "bu qədər əhəmiyyətli bölgəni əhatə edən transatlantik məkan Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya regionunda regional əməkdaşlığa önəm verir, liberal dünya düzəninin əsasını təşkil edir”. Lakin əlavə edir ki, bu dəyərlər bu gün təhlükə altındadır: "Avropa ilə əlaqələr artıq zəifləmə xətti götürüb və bu il münasibətlərin tarixinə ən pis il kimi düşüb. Ötən ay Avropa İttifaqının rəsmisi Jan Klod Yunker bəyan edib ki, Aİ ekzistensial (mövcudiyyət) böhranla üzləşib. Bununla yanaşı, Amerikanın iki partiyasının Avropa və Asiya ilə ticarət razılaşmalarına marağı azalıb. ABŞ-da respublikaçı namizəd Donald Tramp Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayır, Qərbin həmrəyliyinə qarşı çıxan və onu zəiflətməyə çalışan Rusiyanın hazırkı rəhbərini müdafiə edir, ABŞ-ın ənənəvi müttəfiqlərini lağa qoyur. Bu cür neqativ şəraiti nəzərə alaraq, bu qənaətə gəlmək olar ki, gələn il Qərbin öz problemlərinin öhdəsindən gələ biləcəyi sual altına düşür”.
H. Solana vurğulayır ki, müasir dövrdən çıxarılan əsas dərs odur ki, beynəlmiləlçilik dünyanı sabitləşdirir, hərbi millətçilik isə xaos yaradır. O hesab edir ki, Birinci Dünya müharibəsindən sonrakı dövr çoxsaylı axmaq addımlar və iflas ilə yadda qalıb. Versal sülhü heç nəyə qadir olmayan bir vəziyyət yaratdı, Böyük durğunluq dövrü, səlahiyyətsiz Millətlər Cəmiyyəti totalitarizmin yaranmasına gətirib çıxardı. Bütün bunlar isə sonradan İkinci Dünya müharibəsinin qaçılmaz olmasına gətirib çıxardı: "İkinci Dünya savaşının qalibləri də özlərindən əvvəlkilərin səhvlərini təkrarlamaq istəmədilər. Qərb dünyasının ilk addımlarından biri Avropanın bir ailədə birləşməsi oldu - ilk addım kimi vahid kömür və polad ittifaqı yaradıldı. Bir vaxtlar müharibə aparan Fransa və Almaniya sülh dövründə sənaye və ticarət tərəfdaşlarına çevrildilər. Sözsüz ki, onlara bu planı həyata keçirməkdə Marşall planı əvəzsiz yardım göstərdi. Bunun ardınca Şimali Atlantika Bloku fəaliyyətə başladı və 42 il ərzində sovetlərə qarşı bir qalxan funksiyasını yerinə yetirdi. SSRİ-nin 1991-ci ildə süqutu Avropa iqtisadi cəmiyyətini Avropa İttifaqı cəmiyyətinə dönməsinə səbəb oldu. NATO öz sıralarına yeni dövlətləri daxil etmək barədə planını irəli sürdükdə, Aİ də belə bir addım atmalı oldu”.
Avropalı diplomatın qənaətincə, bütün bu dövr ərzində başlıca məsələ isə inteqrasiya, qloballaşma oldu. Onun sözlərinə görə, ötən əsrin 90-cı illərində iqtisadiyyat sürətlə inkişaf etdi, iş yerlərinin sayı artdı, gəlirlər sürətlə artmağa başladı. "2007-ci ildə Dou-Cons indeksi dollarla müqayisədə rekord həddə çatdı. Lakin az keçməmiş ABŞ-ın inşaat və bank sektorunda fəlakət yaşandı. Bu da öz növbəsində 30-cu illərdən bəri yaşanmayan maliyyə böhranına gətirib çıxardı. Təqribən 9 milyon amerikalı iş yerlərini itirdi və bir o qədər də ev sahibi evlərindən məhrum oldu. Ən çox zərər çəkən isə yoxsullar və orta təbəqədir. Böyük ressesiya ən ağrılı zərbəni Avropaya vurdu. Ətraf aləmlə xüsusən də Aralıq dənizi ölkələri ilə ticarətin həcmi azaldı, işsizlik artdı. İqtisadi böhran Aİ-nin daxilində ciddi problemlərə yol açdı. Hətta yaxşı vaxtlarda belə kreditor ölkələrlə borclu dövlətlər arasında gərginlik hökm sürürdü. Vahid valyuta - avronun tətbiqindən sonra ümumi pul-kredit siyasəti yürüdülməyə başlansa da, vergi-büdcə inteqrasiyası həyata keçirilmədi. Bu çatışmazlıq üzündən Avropa dövlət borc böhranlarına reaksiya verə bilmir və bu da məşğulluq səviyyəsinin aşağı düşməsinə səbəb olur”.
H.Solana qeyd edir ki, ötən il bir fəlakət başqası ilə əvəzlənirdi: "Terror aktları təhlükəsizliklə bağlı narahatçılıqları atdırdı. Britaniyanın Aİ-dən çıxması isə bu nümunənin təkrarlana biləcəyi təhlükəsini artırdı. Yaxın Şərq və Şimali Afrika ölkələrindən miqrant axını əmək bazarında yüklənməyə səbəb oldu, cəmiyyətdə narahatçılıqlar artmağa başladı. Avropa İttifaqının yaşanan miqrant böhranına kəskin reaksiyası, iqtisadiyyatda proteksionizm, xarici siyasətdə izolyasiya cəmiyyətdə şovinist əhval-ruhiyyə və ksenofobiya hallarının artmasına səbəb olmaqdadır. Bu kimi təhlükəli halların qarşını almaq üçün Aİ dövlətləri qərarların qəbulunu sürətləndirməli, əməkdaşlığı sürətləndirməlidirlər. İlk növbədə terrorçulara qarşı effektiv mübarizə apardıqlarını sübut etməlidirlər. Terror təhlükəsinin artması bu təhlükəyə qarşı uzunmüddətli strategiyanın hazırlanmasını zəruri edib”. H.Solana hesab edir ki, miqrantları ayrıca anklav ərazilərdə yerləşdirmək əvəzinə, bəzi dövlətlər onlara ucuz evlərlə təmin edir, təhsil və peşə qazanmaqda yardım göstərir.
Avropalı diplomat bütün bunların fonunda sonda Rusiya prezidenti Vladimir Putinin uğurlu formada Qərbdə uğursuzluqlar qarşısında qorxu əhval ruhiyyəsini gücləndirdiyini vurğulayır. Onun qənaətincə, Kreml avroskeptikləri müdafiə edir, qonşularını qorxudur, sanksiyaların ləğvinə çalışır: "Bütün bunlara qarşı isə NATO effektiv mübarizə aparmalı, Avropanın siyasi cəhətdən məhv olmasına qarşı çıxmalıdır. Bu həm də ABŞ administrasiyası üçün başlıca prioritet olmalıdır. Qərb ölkələri qloballaşmanın mənfi fəsadları ilə bağlı vətəndaşların haqlı narahatçılığı barədə düşünməlidir. Ən əsası isə evdəki çatışmazlıqları həll etmək gərəkdir”.
Azər
banner

Oxşar Xəbərlər