AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropadan Qarabağ münaqişəsinə vahid yanaşma nədən qaynaqlanır?

Avropadan Qarabağ münaqişəsinə vahid yanaşma nədən qaynaqlanır?

Siyasət
24 İyun 2020, 18:43 606
Ekspertlərin fikrincə, beynəlxalq təşkilatların obyektiv qətnamələri Dağlıq Qarabağ probleminin tənzimlənməsində ölkəmizə üstünlüklər qazandırır

Son vaxtlar Avropa İttifaqının bütün institutlarında ərazi bütövlüyü və milli suverenlik məsələsinə münasibətdə vahid yanaşmaya istiqamətlənmə müşahidə olunur. Təkcə bu il Avropa İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli qurumları səviyyəsində 3 əsas sənəd qəbul olunub ki, onların da hər birində ərazi bütövlüyünə hörmət və sadiqlik ifadə edilir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilən sənədlərdə də bu hal müşahidə olunur. Avropa institutlarının ərazi bütövlüyü prinsipinə üstünlük verməsi və Azərbaycana yanaşmada konkret mövqe ortaya qoymalarının səbəbi nədir?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, əslində beynəlxalq qurumlar tərəfindən dünyadakı bütün münaqişələrə baxış bucağında ərazi bütövlüyü və milli suverenlik məsələsi öndə olmalıdır: "Amma təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ukraynadakı Krım, Gürcüstandakı Abxaziya, Osetiya, Moldovadakı Dnestr məsələlərinə milli suverenlik və ərazi bütövlüyü çərçivəsində baxırdılarsa, xüsusi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü ilə bərabər, yanlış olaraq öz müqəddəratını təyin etmə prinsipini də önə çəkirdilər. Yəni, bu prinsipi əlavə olaraq qeyd edirdilər. Lakin təkcə iyunun 10-dan indiyə qədər Avropa İttifaqı, Avropa Parlamenti tərəfindən Cənubi Qafqazdakı problemlə və ümumiyyətlə Ermənistanın münaqişədəki davranışı ilə bağlı qəbul edilmiş üç sənədin heç birində xalqların öz müqəddəratını təyin etmə prinsipindən bir cümlə belə verilmir. Sənədlərdə ərazi bütövlüyü, milli suverenlik məsələlərinə toxunulur və bildirilir ki, münaqişə bu çərçivədə həllini tapmalıdır. Eyni zamanda işğal, xüsusilə xarici müdaxilə faktorları da sadalanır və bu da o deməkdir ki, Ermənistanın ərazi bütövlüyü pozulmayıb. Pozulan ərazi bütövlüyü və milli suverenlik Azərbaycana məxsusdur və Ermənistan xarici faktor olaraq Azərbaycan torpaqlarını işğal edib”.
 
Z.Məmmədov qeyd etdi ki, əslində qəbul edilən sənədlərdə birmənalı  şəkildə deyilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir: "Bu, kifayət qədər ciddi məsələdir. Çünki uzun müddətdir ki, bu kimi formulaları birmənalı şəkildə qeyd etməkdən Avropa Parlamenti və Avropa İttifaqı çəkinirdi. Amma indi bunu dilə gətirirlər. Bunun da kökündə bir neçə obyektiv və subyektiv səbəblər dayanır. Bütün bunlara baxmayaraq, ayrı-ayrı ölkələrin, o cümlədən beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın lehinə verdiyi ayrı-ayrı bəyanatlar, qərarlar münaqişənin sülh və ya digər yollarla nizamlanmasında Azərbaycana üstünlüklər qazandırır, eyni zamanda ölkəmizə yeni imkanlar açmış olur”.
 
Beynəlxalq idarəetmə üzrə araşdırmaçı Əhməd Əlili bildirdi ki, son 3 ildə Azərbaycanla Avropa İttifaqı arasında intensiv danışıqlar prosesi gedir: "Azərbaycan 2015-ci ildən etibarən öz iqtisadiyyatında islahatlar aparmaq üçün xarici mənbələr, o cümlədən burada həm maliyyə, həm də institusional dəstək, ekspertiza verə biləcək mənbələr axtarışında idi. Həmçinin də Avropa İttifaqı Mərkəzi Asiya və Qafqaz regionundakı siyasətinə bir qədər fərqlilik gətirməyə çalışırdı. Ona görə də təxminən üç il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında çox intensiv danışıqlar prosesi gedirdi. Düşünürəm ki, bu məsələnin nəticəsi kimi həm Azərbaycanda, həm də Avropa İttifaqında bir-birilərinə istiqamətlənmiş hədəflər var. Fikrimcə, hər bir tərəf hədəfinə çatıb. Çünki Avropa İttifaqının əsas istəyi ondan ibarətdir ki, Azərbaycanda bir sıra hallarda daxili islahatlar keçirilsin, o cümlədən hökumət və qeyri-hökumət təmsilçiləri arasında münasibətlər tənzimlənsin. Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli mövqe nümayiş etdirməsinə görə Avropa İttifaqına daim irad tuturdu. Belə olan halda, danışıqlar prosesinin nəticəsi kimi gördük ki, həm Avropa İttifaqının, həm də Azərbaycanın mövqeyində çox ciddi dəyişikliklər baş verib. Əlbəttə, son zamanlar həyata keçirilən islahatların nəticəsidir ki, ayrı-ayrı idarəedici kadrların yenilənməsi ilə yanaşı, ölkə prezidentinin dəfələrlə müxalifət-iqtidar dialoqu ilə bağlı etdiyi çağırışları, həmçinin parlament seçkilərini, o cümlədən əvvəlcədən ehtimal olunmayan şəxslərin parlamentə düşməsi kimi addımları gördük”.
 
Ə.Əlili vurğuladı ki, əvvəllər Avropa institutları Dağlıq Qarabağı digər münaqişələrdən fərqləndirirdi və Azərbaycan da haqlı olaraq bunu irad tuturdu: "Lakin qeyd etdiyim kimi, son üç ilə ərzində aparılan danışıqların nəticəsi olaraq Avropa İttifaqı qəbul etdi ki, bu yanaşma dəyişməlidir. Ona görə də 2017-ci ilin dekabrında Brüsseldə keçirilən Sammitdə qəbul edilən sənəddə ilk dəfə "Şərq Tərəfdaşlığı”nda təmsil olunan ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olundu. Artıq Dağlıq Qarabağ münaqişəsi hər hansı bir formada fərqləndirilmədi. Biz tədricən gördük ki, Avropa İttifaqının bütün qurumları bu istiqamətdə eyni yanaşma sərgiləməyə başladılar. İş o yerə gəlib çatdı ki, Avropa İttifaqı strukturları içərisində əlçatan qurum olan Avropa Parlamenti özü ard-arda Azərbaycanın xeyrinə olan qətnamələr qəbul etdi. Son olaraq, Avropa Komissiyası və digər qurumlarda məsləhət xarakterli sənədlər də qəbul olundu. Buradan da görürük ki, Avropa Parlamenti də ərazi bütövlüyü məsələsini xüsusi vurğulayır. Düşünürəm ki, biz Azərbaycan-Avropa İttifaqı danışıqlar prosesinin nəticəsi kimi bir çox yeni elementləri də görəcəyik”.
 
BƏXTİYAR