• çərşənbə axşamı, 23 aprel, 19:23
  • Baku Bakı 20°C

Avropada Qarabağ sədası

24.02.20 17:28 1553
Avropada Qarabağ sədası
Ekspertlərin fikrincə, Ümumavropa Qarabağ mitinqi erməni vəhşiliyinin dünyaya çatdırılması, ifşa olunması baxımından çox əhəmiyyətli bir tədbir olub

Qarabağ həqiqətləri və Xocalı soyqırımının dünyaya çatdırılmasını Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamət kimi müəyyənləşdirib və artıq 20 ildən yuxarıdır ki, bu davam edir. Bəzən bu işdə xaricdə yaşayan soydaşlarımızın dəstəyi də çox önəmlidir. Diaspor təşkilatlarının, xaricdə yaşayan soydaşların siyasi aktivliyi də Azərbaycanla bağlı məsələlərin doğru-dürüst çatdırılmasında mühüm rol oynayır. Artıq neçə illərdir ki, Xocalı soyqırımını və erməni vandalizminin dünyaya tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir, məqalələr nəşr edilir, kitablar çap olunur. Bu baxımdan bu günlərdə 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi qeyd etmək yerinə düşər. Aksiyada Avropa ölkələri ilə yanaşı, ABŞ-dan, Kanadadan və digər ölkələrdən soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağ Azərbaycandır!”, "Biz terrora yox deyirik!”, "Azərbaycan ədalət tələb edir!”, "Xocalıya biganə qalma!”, "Dinc və günahsızların qatillərinə ar olsun!”, "Erməni yalanlarına dur de!”, "İşğalı dayandırın!”, "Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Berlində Ümumavropa Qarabağ mitinqinin keçirilməsinin Azərbaycan haqqında və Xocalı soyqırımı barədə həqiqətlərin bütün Avropaya, dünyaya çatdırılması üçün çox böyük əhəmiyyəti var: "Onu da qeyd edim ki, bu mitinq çox böyük əks-səda verdi. Bu möhtəşəm tədbirdə Avropanın 30 ölkəsindən iştirakçılar var idi. Hətta ABŞ-dan, Kanadadan həmyerlilərimiz mitinqə qatılaraq öz həmrəyliklərini nümayiş etdirdilər. Onların bu addımları alqışlanmalıdır. Hesab edirəm ki, bizim Avropada, Amerikada, Kanadada yaşayan soydaşlarımız, həmçinin orada fəaliyyət göstərən diplomatik korpuslarımız, eləcə də diaspor təşkilatlarımız son dərəcə fəallaşıblar və çox yaxşı şəkildə də birlik, həmrəylik nümayiş etdirirlər. Bu məsələdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini müsbət qiymətləndirirəm”.
E.Məmmədov qeyd etdi ki, Ümumavropa Qarabağ mitinqində səsləndirilən şüarlar çox vacib məsələləri əhatə etdi: "Bu mitinqdə təkcə azərbaycanlılar iştirak etmirdi, başqa millətlərin nümayəndələri də var idi. Avropa mediası da aksiyanı işıqlandırdı. Mitinq keçirilən ərazidə olan avropalılar, səfərə gəlmiş əcnəbilər səsləndirilən şüarları eşidirdilər, diqqətlə izlədilər. Düşünürəm ki, bu mitinq erməni vəhşiliyinin çatdırılması, onların iç üzünün açılıb göstərilməsi, ifşa olunması üçün çox səmərəli tədbir oldu. Eyni zamanda, bu mitinq Prezident İlham Əliyevin apardığı xarici siyasətin təcəssümü və ifadəsidir. Çünki bu gün dünyada yaşayan azərbaycanlılar sözün həqiqi mənasında, həmrəylik göstərib bir yerə toplaşa və sözlərini deyə, səsimizi yaşadıqları dövlətlərdə çatdıra bilirlər. Mitinqdən öncə də fikrimi bildirmişdim və bu gün də qəzetiniz vasitəsilə mitinqin təşkilatçılarına öz adımdan və xocalılar adından təşəkkürümü bildirirəm və onları alqışlayıram”.
Millət vəkili Sahib Alıyev bildirdi ki, Azərbaycan bu mitinqlə hayları din faktoruna görə özləri üçün doğma meydança saydıqları Avropada yerlərində oturda bilib: "Fevralın 22-də 30-a yaxın ölkədəki diaspor təşkilatlarımızın təşəbbüsü ilə Berlində Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Qarabağ mitinqinin keçirilməsi diqqətimi çəkdi. Prezident İlham Əliyevin Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanı siyasi və diplomatik nokauta salmasından sonra belə bir tədbirin düzənlənməsi bir tərəfdən dövlətimizin eyni məqsəd uğrunda necə düşünülmüş sinxron, ardıcıl siyasəti apardığını ortaya qoyursa, digər tərəfdən də Ermənistan rəhbərliyini nədən son günlər cəbhədəki vəziyyətlə bağlı qapalı toplantılar keçirdiyinə aydınlıq gətirir. Yəni bu cür diplomatik və siyasi həmlələrdən sonra da Ermənistan konstruktiv danışıqlar aparmaq istəməyəcəksə, onda Azərbaycanın bir yolu qalır ki, onun da nə olduğu hər kəsə, o sıradan haylara da aydındır. Orası da mümkündür ki, digər diplomatik hazırlıqların da baş verməməsi üçün haylar özləri cəbhədə vəziyyəti gərginləşdirməyə çalışsınlar və biz bu variantı da nəzərdən qaçırmamalıyıq”.
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, ümumiyyətlə Xocalı soyqırımı ilə bağlı dünyanın hər hansı bir nöqtəsində keçirilən istənilən xarakterli tədbirin Azərbaycan dövlətinin milli mənafelərinə və apardığı haqq mübarizəsinin mahiyyətinə uyğun olması şübhəsizdir: "Çünki Xocalı bizim tariximizdə ermənilər tərəfindən törədilmiş insanlığa və bütün türk dünyasına qarşı qanlı düşmənçiliyin əlaməti olan bir hadisədir. İndiyədək ermənilər bu hadisələrin törədilməsində birbaşa günahkar olmaqlarına baxmayaraq, hələ də dünya miqyasında elə rəy yaratmağa çalışırlar ki, guya Xocalıda baş verənləri Azərbaycan özü törədib, guya bunların mənbəyi ölkənin içində gedən siyasi proseslərlə bağlı idi”. A.Quliyev vurğuladı ki, Münxen Təhlükəsizlik konfransında da Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı bütün dünyanın gözü qarşısında ifşa etdi: "Ancaq Paşinyan yenə də dünyanın gözünə o qırmızı yalanları söyləməkdən çəkinmədi. Halbuki Paşinyandan qabaqkı prezident olan Serj Sarkisyan müsahibələrinin birində deyib ki, "Xocalı qırğınını biz törətdik və bununla Azərbaycana göstərdik ki, biz belə şeylərə qadirik”. İkinci bir tərəfdən isə Paşinyanın özü Münxendəki debatdan sonra bildirdi ki, "Xocalıdakı hadisələri Rusiya törədib”. Baxmayaraq ki, Ermənistanın bununla bağlı mövqeləri hədsiz dərəcədə ziddiyyətli və yanlışdır, amma yenə də dünyada o hadisələrin mahiyyətini Azərbaycana çevirmək cəhdlərindən əl çəkməyib. Belə olan şəraitdə Xocalının sözün həqiqi mənasında Azərbaycan xalqına və türk dünyasına qarşı bir genosid aktı olduğunu sübut edən, onun mahiyyətini açan istənilən dünya miqyasındakı tədbirin hüquqi, siyasi və beynəlxalq əhəmiyyəti var. Almaniyanın Berlin şəhərində təşkil olunmuş Ümumavropa Qarabağ mitinqi də həm Xocalının genosid mahiyyətini dünyaya göstərmək, həm də ermənilərin fitnəkar, qatil, təcavüzkar siyasət aparmağının mahiyyətini ifşa etmək baxımından olduqca əhəmiyyətlidir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər