AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropada qadağan olundu, bizdə necə...

Avropada qadağan olundu, bizdə necə...

Cəmiyyət
22 May 2020, 19:18 1107
Mütəxəssislər deyirlər ki, mentollu siqaretlərin Azərbaycanda da qadağan olunması vacibdir
 
Avropa İttifaqı (Aİ) ərazisində mentollu siqaretlərin satışı qadağan edilib. Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının qərarı mayın 22-dən qüvvəyə minir. Aİ-də tütün məmulatlarının satışına məhdudiyyətlər barədə qanunvericilik 2014-cü ildə qəbul olunmuşdu. Qanunvericiliyə əsasən, ətirli, o cümlədən mentollu siqaretlərin bazarlardan mərhələli şəkildə yığışdırılması nəzərdə tutulurdu. 2012-ci ildə ətirli siqaretlərin satışı Avropada ümumi tütün bazarının 5 faizini təşkil edirdi. Qeyd olunur ki, mentollu siqaretlərin populyarlaşmasından sonra tütün əleyhinə reklam kampaniyalarının səmərəliliyinin azalması müşahidə olunub. Bəs görəsən mentollu siqaretlərin orqanizmə hansı ziyanları var? Bizdə də bu qadağa tətbiq edilə bilərmi?
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, belə bir qadağa bizdə də tətbiq olunmalıdır: "Bir şeyi bilmək lazımdır ki, ziyansız siqaret yoxdur. Siqaret tütünündə olan inqredientlər, xüsusilə də nikotin törəmələri, birbaşa olaraq xərçəng şişinin əmələ gəlməsinə səbəb olur. Siqaret, həmçinin bronxitlərdə və mədə-bağırsaq sistemində xərçəng şişinə gətirib çıxarır. Mentollu siqaretlərdə, ola bilsin ki, tütünün və nikotinin konsentrasiyası nisbətən azdır. Ona görə də bu siqaretlərin yüngül və zərərsiz olduğu deyilir. Bu siqaret növləri orqanizmə tənbəkidən və tütündən daha az mənfi təsir göstərir. Amma istənilən halda siqaret çəkmək, birmənalı olaraq, orqanizmə zərərlidir. Siqaret ən böyük kanserogenlərdən biridir. Təsadüfi deyil ki, xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdən analiz götürülərkən onun hansı aralıqda siqaret çəkdiyi qeyd olunur.  Ona görə də, siqaretlərin hansısa növünün zərərsiz olduğuna aldanmaq olmaz. Təəssüflər olsun ki, Azərbaycan təcrübəsi, bəzən dünya təcrübəsi ilə uzlaşmaya bilir. Biz bəzən həyati kəsb edən məsələlərdə geridə qalırıq. Düşünürəm ki, müəyyən müddət sonra bizdə də qanunvericiliklə bu qadağa təsdiq oluna bilər”. 
Sosioloq Əhməd Qəşəmoğlu təəssüflə qeyd etdi ki, ölkəmizdə  siqaretlə mübarizə işləri qaneedici səviyyədə deyil: "İnsanın həyatına təhlükə gətirən bütün məhsullar haram və qadağan olunmalıdır. Mentollu siqaretlər dəbə düşdükdən sonra kütlə arasında böyük şövqlə qarşılandı. Çünki siqaret sənayesi çox pul gətirəndir. Tütünlə mübarizə kampaniyası xeyli müddətdir ki, bizdə də aparılır. Əslində insan sağlamlığı siqaret istehsalçılarının marağında deyil. Çünki bu, böyük biznes şəbəkəsidir və milyonlarla gəlir gətirir. Amma əgər Avropada bu siqaret növü qadağan olunursa, deməli, vəziyyət həqiqətən də ciddidir. Bu onu göstərir ki, mentollu siqaretlərin nə qədər təhlükəli olması ilə bağlı ciddi elmi-tədqiqat işi aparılıb. Bu tədqiqat işlərinin nəticəsi olaraq qanunvericilikdə belə bir qadağa irəli sürülüb. Hesab edirəm ki, belə bir qadağa bizim qanunvericiliyə də əlavə olunmalıdır. Belə siqaretlərin satışına bizdə də məhdudiyyət qoyulmalıdır. Bəzən bu siqaretlərin zərərsiz olmasına dair reklamlar yayılır. Amma bir şeyi bilmək lazımdır ki, siqaretin bütün növləri orqanizmə ziyandır. Düşünürəm ki, bu istiqamətdə maariflənmə işlərinin aparılmasına ehtiyac var. Yaxşı olar ki, gənclərimiz, ümumiyyətlə, siqaretdən imtina etsin. Xüsusilə, azyaşlılara siqaret satanlar ağır şəkildə cəzalandırılmalıdır”.
 
Sosioloq Sahib Altay Avropada mentollu siqaretlərin satışı ilə bağlı qadağanın tətbiqini müsbət addım kimi qiymətləndirir: "İnkişaf etmiş ölkələrin inkişafını gerçəkləşdirən şərtlər var. Bu ölkələrdə insan həyatının önəmi hər zaman qabardılır və  bu məsələlərə hüquqi çərçivədə nəzarət edilir. Azərbaycanda qaçaqmalçılıq yolu ilə gətirilib qara bazarda satılan siqaretlər var. Bəzi dünya brendinin tütün məhsulları var ki, onların üzərinə «Siqaret öldürür» ifadəsi yazılır. Avropada bu siqaretlər standart olaraq istehsal olunur. Bizdə siqaret çəkməyə dəb məsələsi kimi yanaşırlar. Bu gün istehsal olunan siqaretlərin hazırlanmasında filter və ximikatlardan istifadə olunur. Bu ximikatlar siqaretin dadını dəyişmək və xüsusi asılılıq yaratmaq məqsədi daşıyır. Bu asılılıqdan isə asanlıqla qurtarmaq olmur. Bəlkə də tütün asılılığından azad olmaq mümkündür, bu ximikatlardan imtina etmək isə çox çətin olur. Günümüzdə bu siqaretlərin yaratdığı asılılıq səviyyəsi daha güclüdür. Son dövrlərdə meyvə dadı verən siqaretlərin çeşidi xeyli artıb. Yaponiyanın, İsveçrənin, Amerikanın istehsal etdiyi brendlərin çeşidləri çoxalıb. Əgər beş il bundan əvvəl bu siqaretlərin 3-5 növü var idisə, indi bu rəqəm 30-40-dır. Meyvə dadı qatılan siqaretlər ağ ciyər və nəfəs borusunda müxtəlif problemlər yaradır. Sulu qəlyanlardan fərqli olaraq bu siqaretlərin tərkibinə meyvə tütünü qatılmır. Bu siqaretlərə xüsusi qatqılar əlavə olunur. Bu siqaretlər orqanizmə ikiqat zərərdir. Ona görə də Avropada bu siqaretlərin satışına qadağa qoyuldu. Əgər Avropada bu qadağan edilibsə, yəqin ki, bu məhsulların istehsalatı da dayandırılacaq. Düşünürəm ki, bu siqaretlərin satışının dayandırılması vacibdir”.
 
Şəbnəm