• çərşənbə axşamı, 23 aprel, 20:40
  • Baku Bakı 20°C

Avropa Ukrayna məsələsində geri çəkilir

17.12.16 10:45 1083
Avropa Ukrayna məsələsində geri çəkilir
Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən görüşü Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin daha 6 ay uzatmaq barədə qərarla yekunlaşıb. Müdafiə, energetika və maliyyə sektorlarını əhatə edən sanksiyaların uzadılması prosesinə gələn həftənin əvvəlindən başlanılacaq. "Blumberq” isə Aİ nümayəndəsinə istinadən prosesin artıq dekabrın 17-dən başlanacağını bildirib. Görüşdə Fransa və Almaniya Ukraynaya dair Minsk razılaşmasına əməl olunmadığına görə Rusiyanı kəskin tənqid ediblər. Ümumiyyətlə isə Rusiyanın əvvəlcə Ukraynaya, sonra isə Suriyaya müdaxiləsi Aİ sammitində aparıcı mövzu olub. İtaliya və Slovakiya Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsinə çağırıblar. Bu ölkələr bildirirlər ki, Moskva üzərinə qoyulmuş sanksiyalara görə Aİ ixracatçıları milyardlarla avro itirirlər. Buna baxmayaraq, Aİ sammitinin keçirildiyi vaxt Rusiyanın Hələbi bombardman etməsi ona qarşı sanksiyaların yüngülləşdirilməsi perspektivini daha da uzaqlaşdırıb. Odur ki, Avropa Rusiyaya qarşı 2014-cü ildə Krımın ilhaqından bəri qoyulmuş sanksiyaları qaldırmağı düşünmür. Bununla belə, bu sammit həm də Ukrayna barədə ümumi tonun dəyişməsi ilə yadda qalacaq.
Avropa İttifaqı bildirir ki, Hollandiyada Ukraynanın ittifaq üzvlüyünə dair referendumda "yox” cavabının alınması ilə bağlı siyasətinə müəyyən düzəlişlər etməli olub. Belə ki, Ukrayna ilə bağlanmış assosiasiya sazişində Avropa İttifaqına üzvlük perspektivi barədə maddə dəyişdirilib. İndi artıq Ukraynaya ittifaqa üzvlük təklif olunmur. Bundan başqa Avropa İttifaqı Ukraynaya hərbi yardım öhdəliyi də götürmür və bildirir ki, bu məsələ hər bir ittifaq üzvünün fərdi işidir. Başqa sözlə, Avropa İttifaqı Ukrayna məsələsində xeyli geri çəkilmiş olur ki, prinsip etibarilə Moskvanın da tələbi bu idi. Bu sammitdə Avropanın müdafiə sisteminin möhkəmləndirilməsi məsələsi də müzakirə olunub. Brüssel Aİ-NATO münasibətlərinin bundan sonra da möhkəmləndiriləcəyini bildirsə də, ümumən öz müdafiəsini müstəqil qurmaq barədə fikirlər səsləndirir. Burası da var ki, hələlik konkret olaraq Avropa Ordusu məsələsi gündəmə çıxarılmır. Bu ideya Avropa Komissiyasının rəhbərliyi tərəfindən ciddi təbliğ olunsa da, keçmişlərdə ona qarşı Britaniya çıxırdı. Lakin Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarı ilə vahid ordu məsələsi barədə fikirlər yenidən səslənir. Polşa və Baltika ölkələri artmaqda olan Rusiya təhlükəsinə görə həyəcan keçirirlər.
ABŞ-da prezident seçilmiş Donald Trump seçki kampaniyası zamanı Vaşinqtonun NATO qarşısında öhdəlikləri məsələsini şübhə altına almışdı. Təhlilçilər bildirirlər ki, onun administrasiyası bu siyasəti davam etdirsə, Avropanın alternativ müdafiə sistemi qurmaq ideyası ciddi şəkildə gündəmə gələcək. Görünür elə buna görə də sammitdə müdafiə məsələsinin müzakirəsi yanvar ayına keçirilib. Qeyd edək ki, Macarıstan və Çexiya Respublikasının baş nazirləri Avropa İttifaqının öz ordusunu qurmağa çağırıblar. "Bu, çox ciddi bir münasibət dəyişikliyidir. İndiyədək Avropa ölkələri təhlükəsizlik məsələlərini NATO vasitəsilə həll ediblər, Birlik diqqətini daha çox iqtisadi məsələlərə yönəldib. Həm də NATO-ya öncəlik verilməsi Vaşinqtonun arzularını əks etdirirdi, ABŞ-ın Trans-Atlantik təhlükəsizlik qərarlarına nəzarətini təmin edirdi. Bu nəzarətin də bədəli kiçik olmayıb, Avropa müttəfiqləri Vaşinqtonun təhlükəsizlik sahəsindəki nüfuzundan geninə-boluna istifadə ediblər”, - deyə "Newsweek” yazır.
Yeri gəlmişkən, görüşdə Türkiyə məsələsi də gündəmdə olub. Avropa Şurasının rəhbəri Donald Tusk gələn ay Türkiyədə bir zirvə görüşü təşkil olunacağını açıqlayıb. Tusk Ankara ilə dialoqun davam etdiriləcəyini vurğulayıb: "Türkiyə ilə müzakirə ediləcək xeyli məsələ var. Gələn ay Türkiyədə bir zirvə keçirəcəyik. Dialoqu davam etdirməliyik. Bəzi ortaq fikirləri reallaşdırmaq lazımdır, təkcə vizaların ləğvindən söhbət getmir. Çətin vəziyyətdə olduğumuzu qəbul etməyimiz vacibdir. Bütün bunlara baxmayaraq, əlimizdən gələni edəcəyik”. Türkiyə ilə dialoqu bu səviyyədə toplantılarla davam etdirmələrinin vacibliyinə toxunan Tusk deyib ki, "nəticə əldə edilməsi lazım olan bir sıra ortaq təşəbbüslərimiz var. Viza rejiminin ləğvi ilə yanaşı, gömrük sahəsindəvə qaçqın məsələsində əməkdaşlıq kimi müxtəlif mövzular müzakirə ediləcək”. Avropa İttifaqının bir rəsmisi isə zirvə toplantısının təxminən baharda keçiriləcəyini ifadə edib.
Xatırladaq ki, 24 noyabrda Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
O ki qaldı Gürcüstana, yanvar ayında Avropa millət vəkilləri Gürcüstan üçün birbaşa vizasız rejimi nəzərdə tutan sənədi səsə qoyacaqlar. Ukrayna üçün belə bir səsvermənin bəlkə də fevralda keçiriləcəyi gözlənilir. Lakin həqiqi vizasız rejimin tətbiqindən əvvəl Avropa Parlamenti bu rejimi dayandıran və ya ləğv edən mexanizm barədə sənədi qəbul etməlidir.
Avropa İttifaqı və Avropa Parlamenti Ukrayna və Gürcüstan vətəndaşlarına vizasız rejimin tanınması barədə payızın əvvəllərində razılıq veriblər, lakin vizasız rejimin lazım gəldikdə necə dayandırılmasına dair mexanizm ətrafında fikir ixtilafları qalır. Əldə olunmuş kompromis razılaşmaya görə, Aİ-nin ayrı-ayrı üzvlərinə və Avropa Parlamentinə vizasız rejimi birtərəfli qaydada dayandırmaq hüququ verilib. Bu da qeyd olunur ki, vizasız rejim Ukrayna və ya Gürcüstan vətəndaşlarının kütləvi qaydada bu rejimdən sui-istifadə etməsi, yəni nizamsız olaraq Aİ ərazisində olması, bu ölkələrdən kütləvi şəkildə sığınacaq müraciətlərinin daxil olması və ya Avropaya səfər edənlərin qayıtmaması halında müvəqqəti olaraq dayandırıla bilər.
Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Gürcüstan və Ukraynanın hər ikisi Rusiyanın təcavüzünə məruz qalsa da, texniki baxımdan Şengen zonasına daxil olmaq üçün gürcülər daha şanslı görünür.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər