AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa üçün yeni, alternativ enerji mənbəyi

Avropa üçün yeni, alternativ enerji mənbəyi

Siyasət
28 Fevral 2020, 18:59 2503
Cənub Qaz Dəhlizi "qoca qitə”nin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə də töhfə verəcək
 
Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanan Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. İndiyə qədər ötən vaxt ərzində Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Belə ki, 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Həmin ilin iyununda TANAP qaz boru kəməri istifadəyə verilib, 2019-cu ildə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə davam edir. İndiyə qədər işlərin 92 faizi yekunlaşıb. Yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir. Bu il TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.
 

 
Enerji sahəsində əməkdaşlıq
 
Belə bir fonda fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. İclasda layihə üzrə iştirakçı ölkələrin müvafiq sahə üzrə nazirləri, bu layihədə iştirakda maraqlı olan dövlətlərin təmsilçiləri, BP, SGC, "Botaş”, TPAO, TANAP, TAP, "Snam”, Fluxys, "ICGB AD”, "Transgaz”, "SNGN Romgaz SA”, "Uniper Global”, "Bulgargaz EAD”, "SACE”, "Plinacro” şirkətlərinin və Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının üzvləri iştirak edib. Məlumat üçün bildirək ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycanın Energetika Nazirliyinə tapşırılıb. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası 2015-ci ildə keçirilib. Həmin vaxtdan indiyə qədər ənənəvi olaraq hər il ölkəmizdə keçirilən bu toplantıda Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası üçün görülən və görüləcək işlər ətrafında fikir mübadiləsi aparılır.
 

 
Ən mühüm və iddialı layihələrdən biri
 
Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Cənub Qaz Dəhlizi boru xətti Xəzər dənizinin Azərbaycan hissəsindəki karbohidratların Avropa bazarına ixracı üçün nəzərdə tutulmuş nəhəng, beynəlxalq əhəmiyyətli layihədir. O, bu layihənin əsas təşəbbüskarının və təşkilatçısının Azərbaycan olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məhz ölkəmizin təşkilatçılığı ilə hazırda dünyada ən böyük layihə hesab olunan Cənub Qaz Dəhlizinin son tamamlanma işləri həyata keçirilir: "Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir”.
 

 
Regional təhlükəsizliyə töhfə
 
Millət vəkili deyib ki, TAP-ın bitməsi ilə Azərbaycan qazı Avropa bazarına çıxacaq və beləliklə ölkəmizə qazın satışından əlavə gəlirlər daxil olacaq: "Azərbaycanın "Şahdəniz” və "Şahdəniz-2” yataqları böyük qaz resurslarına malikdir. Təbii ki, əgər Cənub Qaz Dəhlizi boru xətti çəkilməsəydi, bu yataqlardakı qazın xarici bazarlara ixrac edilməsi mümkün olmayacaqdı. Ona görə də Cənub Qaz Dəhlizinin Azərbaycan üçün çox mühüm əhəmiyyəti var. Müstəqil ölkə olaraq biz öz enerji resurslarımıza, ehtiyatlarımıza sahibik və onu sərbəst şəkildə dünya bazarlarına çıxarırıq. Cənub Qaz Dəhlizinin region üçün də böyük əhəmiyyəti var. Bu boru xətti bir neçə ölkənin ərazisindən keçir. Həmin dövlətlər də tranzit ölkə olaraq bu layihənin icrasından mənfəət əldə edəcəklər. Eyni zamanda həmin ölkələr qarşılıqlı razılaşma yolu ilə qazla da təmin olunacaqlar. Artıq Türkiyə bundan bəhrələnir. "Enerjinin İpək yolu” adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib. Digər tərəfdən, Cənub Qaz Dəhlizi boru xətti beynəlxalq layihə olduğu üçün onun keçdiyi ərazilərdə sabitliyin, əmin-amanlığın olması dövlətlərin hər birini qayğılandıracaq. Yəni, hər bir ölkə maraqlı olacaq ki, sabitlik olsun, bu boru xəttinin işləməsi nəticəsində davamlı, stabil gəlir əldə etsin. Regionda təhlükəsizliyin təminatı baxımından da Cənub Qaz Dəhlizi diqqət mərkəzindədir, əhəmiyyətli layihədir. Ona görə də hər il ənənəvi olaraq Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı keçirilir, görülən və görüləcək işlər müzakirə olunur”.
 

 
Cənub Qaz Dəhlizinə üzv ölkələrin ümumi məqsədləri
 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bizimlə söhbətində bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən toplantısında çıxış edən Prezident İlham Əliyevin bu məqamı xüsusi qabartdığını dilə gətirib: "Avropa üçün enerji təhlükəsizliyi önəm daşıyır. Bu mənada Cənub Qaz Dəhlizinə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən toplantısında qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinə böyük beynəlxalq maraq var. Belə bir fonda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycanın ev sahibliyi etməsi də mühüm amildir. Bu, ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm məqamlardan biridir. Azərbaycan üçün enerji təhlükəsizliyinin təmin edilməsinə gəlincə, cənab Prezidentin vurğuladığı kimi, bu, ilk növbədə enerji marşrutlarının şaxələndirilməsidir. Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması enerji mənbələrinin şaxələndirilməsidir. Azərbaycan müxtəlif istiqamətlər üzrə öz enerji ehtiyatlarını səmərəli şəkildə beynəlxalq bazarlara çıxarmağa çalışır. Avropa isə müxtəlif mənbələrdən enerji almaqla öz tələbatını ödəməyə cəhd edir”.
 
Rufik İSMAYILOV