• cümə, 19 Aprel, 22:26
  • Baku Bakı 24°C

Avropa üçün Kataloniya başağrısı

12.10.17 12:00 3070
Avropa üçün Kataloniya başağrısı
Kataloniyada qanunsuz keçirilən referendumun ardınca İspaniyada siyasi vəziyyət daha da gərginləşib. Belə ki, Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar. Hakim koalisiyadan qeyd olunan bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını bildirib. Barselona və Madrid arasında böhranın nizamlanmasına dair danışıqların uğursuz nəticələnəcəyi təqdirdə, sənəd təsdiqlənməsi üçün parlamentdə səsverməyə çıxarılacaq.

Bunun ardınca isə İspaniya hökuməti Kataloniya rəhbəri Karles Puçdemonun bölgənin müstəqilliyinə dair bəyanatını yolverilməz hesab etdiyini vurğulayıb. Hökumət nümayəndəsi Kataloniya rəhbərinin bəyanatının qanunsuz olduğunu, onun əsaslandığı referendum haqqında qanunun isə İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salındığını xatırladıb.

Göründüyü kimi, Kataloniya ətrafında cərəyan edən hadisələr Avropanı gərgin duruma salıb. Maraqlıdır ki, Kataloniyadakı durum dünyadakı digər separatçı rejimlər üçün presedent olacaqmı? İndiki halda bu "nümunə”nin digər ölkələrdə təkrarlanmaması üçün Avropa hansı addımları atacaq? Gələcəkdə, Kataloniyadan ilhamlanan bu böhran vətəndaş müharibəsinin başlanmasına gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, Kataloniyada keçirilən referendum Avropada olan digər separatizmə meylli qüvvələr üçün də bir siqnal olacaq: "Bildiyimiz kimi, bu hadisədən sonra Avropa Birliyində qurulan sistemin çökmə ehtimalı var ki, bu da yaxşı heç nə vəd etmir. Kataloniya rəhbərliyi bəyan etdi ki, müstəqilliyin tanınması ilə bağlı məsələdə gözləmə mövqeyi tutmaq lazımdır. İspaniya hökumətinin mövqeyi və Avropa Birliyinin bununla bağlı münasibəti göstərir ki, mahiyyət etibarı ilə bu proseslər baş verən andan beynəlxalq güclərin diqqət mərkəzindədir. Çünki Kataloniyanın müstəqilliyinin tanınması təkcə İspaniyanın ərazi bütövlüyü və müstəqilliyi üçün ciddi təhlükə təşkil etməyəcək. Bu, gələcəkdə metastaz təsiri verə biləcək ciddi siyasi proseslərə gətirib çıxaracaq. Nəticə etibarı ilə bu proseslər qısa zaman kəsiyində Portuqaliyanı, İtaliyanı, Yunanıstanı və ümumiyyətlə Avropa Birliyindəki digər dövlətləri də əhatə edə bilər. İstisna deyil ki, Serbiyada, Kosovada, Albaniyada da bu cür proseslər yaşansın. Həmçinin, Rumıniyada da belə bir hal yaşana bilər. Faktiki olaraq, Moldovada baş verən hadisələr göz qabağındadır. Bu kontekstdə Kataloniya rəhbərliyinin parlamentə, eləcə də Avropa Birliyinə etdiyi müraciətlər göstərir ki, prinsip etibarı ilə baş verə biləcək proseslər Avropa Birliyi, hətta ABŞ-ın özü üçün bumeranq təsiri bağışlaya bilər. Çünki ABŞ-ın özündə də federativ dövlətin tərkibindən çıxmaq istəyən bir sıra ştatlar var və müxtəlif zamanlarda bu istiqamətdə müəyyən addımlar atılıb. Digər tərəfdən, federasiya dövlət idarəetmə sisteminə malik olan ölkələrin Kataloniya prosesindən uzaq duracağı birmənalıdır. Misal üçün, Rusiya bu proseslərdən özünü sığortalamağa çalışacaq. Yəni, federasiya mərkəzdənqaçma meyllərindən özünü sığortalamaq üçün çalışacaq. Bu baxımdan, yaxın perspektivdə buna bənzər hadisələrin Avropa Birliyini əhatə edən digər dövlətlərin ərazisində baş vermə ehtimalı yüksək deyil. Çünki proseslər artıq beynəlxalq güclərin diqqət mərkəzindədir. Belə hadisələr onların maraqları ilə ziddiyyət təşkil etdiyi üçün hüquqi kontekstdə bunun qarşısını almağa cəhd göstərəcəklər”.

E.Manafov vurğuladı ki, Kataloniya məsələsində artıq ox yaydan çıxıb. Onun sözlərinə görə, indiki vəziyyətdə Kataloniyanın Avropaya ciddi problemlər yaşadacağı da istisna edilmir.

Politoloq Qabil Hüseynli bildirdi ki, Kataloniyada referendumdan sonra yerli rəhbərlik müstəqilliyin elan edilməsinin müəyyən vaxtadək təxirə saldı: "Buradan görünür ki, Kataloniya ilə bağlı gərgin bir situasiya yaranıb. Avropa Birliyi Kataloniyanın müstəqilliyini qəbul etmir, İspaniya hökuməti isə bura qoşun yeritmək istəyir. Fikrimcə, Kataloniyanın müstəqil olmasına imkan verilməyəcək və elə Avropa Birliyi də bunu istəyir. Ümumiyyətlə, Avropanın mərkəzində separatizmin dirçəlməsinə imkan verilməyəcək. Bu da dolayı yolla Azərbaycanın Dağlıq Qarabağın azadlığı uğrunda apardığı mübarizədə əhəmiyyətli rol oynaya bilər. Gələcəkdə erməni separatizminin qarşısının alınması üçün Kataloniya təcrübəsindən istifadə edə bilərik”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər