• cümə, 19 Aprel, 11:24
  • Baku Bakı 13°C

Avropa Trampla ortaq məxrəcə gələ bilmədi

27.05.17 10:00 1334
Avropa Trampla ortaq məxrəcə gələ bilmədi
Brüsseldə ciddi təhlükəsizlik tədbirləri altında NATO liderlərinin sammiti baş tutub. Mançesterdəki terror hücumundan sonra terrorizmlə mübarizə sammitdə əsas müzakirə mövzusu olub. Bundan əlavə, NATO-nun 28 üzvünün müdafiə xərclərini artırması və terrorçuluqla mübarizə diqqət mərkəzində saxlanılıb. Ən önəmlisi o olub ki, Alyans faktiki olaraq ABŞ-ın yeni prezidenti Donald Trampın gündəliyini qəbul edib. Bu tələb Rusiyaya qarşı sərt qərarların müzakirəsini terrorizmə qarşı mübarizəyə yönəltmək olub. Qarşıya qoyulan məsələlər sırasına Əfqanıstandakı NATO kontingentinin artırılması da daxildir. Bundan əlavə, NATO rəsmən İraqda terrorizmlə mübarizəyə qoşulmuş olub. Bu da qurum rəhbərliyinin qənaətincə, Bağdada siyasi siqnal göndərəcək və müttəfiqlərlə fəaliyyəti kordinə etməyə imkan verəcək.
Tədbirdə NATO-nun baş katibi Cens Stoltenberq deyib ki, Alyans Avropada terrorçuluqla daha yaxşı mübarizə məqsədilə plan razılaşdıracaq və antiterror əməliyyatları üzrə koordinator təyin edəcək. Onun qənaətincə, NATO İŞİD terror qruplaşması ilə mübarizə koalisiyasına formal olaraq qoşulub. Bu o demək deyil ki,NATOkoalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak edəcək: "Biz,NATO-nun 28 üzv dövlətin iştirakı ilə koalisiyanın üzvü olmasına dair razılığa gəldik. Bu o demək deyil ki, biz koalisiyaya üzv olmaqla hərbi əməliyyatlarda iştirak edəcəyik. Bu, təlim və müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə əlaqələndirilmə də daxil olmaqla,NATO-nun siyasi müzakirələrdə iştirak etməsinə imkan yaradacaq. Bizİraqhərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik.NATO-nun təlimi sayəsində partlayıcı qurğuları zərərsizləşdirməyi bacaran İraq hərbçiləri bacarıqlarını artıq Mosul uğrunda döyüşlərdə tətbiq edirlər”, - deyə baş katib bildirib. Stoltenberq bundan əvvəlNATO-nun əməliyyatlarda iştirak etməyəcəyini dəfələrlə bəyan edib. O, Alyansın sammitinin yekunlarına dair açıqlamasında rəhbərlik etdiyi təşkilatın Rusiya ilə qarşıdurmaya can atmadığını bildirib: "NATOmüdafiə ittifaqıdır, Rusiya ilə qarşıdurmaya can atmır. Rusiya bizim ən iri qonşumuzdur və bu cür də qalacaq, biz Rusiya ilə daha yaxşı və konstruktiv münasibətlər qurmağa çalışırıq”.
Yeri gəlmişkən, seçkiqabağı kampaniyaları zamanı NATO-nun əks-terrorizm siyasətini yararsız adlandıran ABŞ prezidenti Donald Tramp ilk dəfə tədbirə qatılıb. O, NATO liderlərini müdafiə xərclərini artırmağa və diqqətlərini daha çox terrorizmlə mübarizəyə yönəltməyə çağırıb. "NATO gələcəkdə terrorizm, mühacirət, habelə Rusiya və qurumun şərq və cənub sərhədlərindən gələn təhlükələrə diqqət verməlidir. Ciddi təhlükəsizlik narahatlıqları mənim baş katib Stoltenberlq və alyans üzvlərinə açıq şəkildə söyləyəcəyim məsələdir. NATO üzvləri maliyyə öhdəliklərinə əməl etməlidir”, - deyə ABŞ dövlət başçısı bildirib. Tramp deyib ki, NATO-nun 28 üzvünün 23-ü üzərinə düşən payı bölüşmür, bu isə Amerika xalqına qarşı ədalətsizlikdir. Avropadakı son hücumlar Amerika dövlət başçısının alyansla əməkdaşlığını artıracağına dair ümidləri artırıb. Tramp həmişə olduğu kimi üzv ölkələri NATO qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb. Hazırda mövcud olan razılaşmaya əsasən, 27 NATO üzvünün hamısı 2024-cü ilədək öz ümumi daxili məhsullarının 2 faizini müdafiə sistemlərinə xərcləməlidir. Hazırda bu razılaşmanı yalnız Britaniya, Estoniya, Yunanıstan, Polşa və ABŞ yerinə yetirir. Prezident Tramp Brüsseldə NATO nizamnaməsinin 5-ci maddəsi məsələsinə toxunmayıb. Bu maddə bir NATO üzvü təcavüzə məruz qaldıqda bütün alyansın onun müdafiəsinə qalxmasını tələb edir.
Bu barədə Vaşinqtonda jurnalistlərin suallarına cavab verən Ağ Evin sözçüsü Şon Spayser deyib ki, 5-ci maddənin son dərəcə mühümlüyünü ayrıca qeyd etməyə ehtiyac yoxdur.
Tədbir zamanı maraq doğuran məsələ Aİ-ABŞ münasibətləri olub. Belə ki, Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, ABŞ prezidenti Donald Tramp və Avropa İttifaqının rəhbərliyi Brüsseldə keçirilən görüşdə bir sıra məsələlər barədə ortaq məxrəcə gələ bilməyiblər. Tusk deyib ki, antiterror mübarizəsi əməkdaşlığı kimi sahələrdə yekdillik olsa da, iqlim və ticarət kimi bir sıra məsələlər açıq qalır. Tramp özünün ilk xarici səfəri əsnasında Avropa Komissiyasının prezidenti Jan-Klaud Junker, Aİ-nin xarici işlər komissarı Federika Moqerini və Avropa Parlamentinin rəhbəri Antonio Tajani ilə görüşlər keçirib.
Bu görüşlər Britaniyanın Mançester şəhərində törədilmiş və 22 nəfərin həyatına son qoymuş bomba partlayışından bir neçə gün sonraya təsadüf edib. Avropa İttifaqının liderləri bu görüşdə Trampdan Avropaya dair aydın mövqe ifadəsi gözləyirdilər, belə ki ABŞ prezidenti hələ seçki kampaniyası dövründə Britaniyanın Avropadan ayrılmaq qərarını alqışlamışdı. İclasda iştirak etmiş mənbənin verdiyi məlumata görə Tramp Brexitə görə ABŞ-da işsizlik olacağından narahatlıq ifadə edib. Tusk deyib ki, o və ABŞ prezidenti Ukraynaya dair eyni mövqedən çıxış etsələr də, eyni həmrəyliyi Rusiyaya münasibətdə görə bilməyib.
Yeri gəlmişkən, Trampın Brüsselə səfərinin cədvəlini politoloqlar "kiçik diplomatiya şedevri” adlandırıblar. O mənada ki, cədvəldə görüşlərin sayı artırılıb, həmin görüşlərdən sonra gözlənilən ictimaiyyət və media nümayəndələri qarşısında çıxışların sayı isə minimuma endirilib.
Sammit zamanı kurioz da yaşanıb. Tramp Monteneqronun baş naziri Duşko Markoviçi itələyib qabağa keçib. Lakin baş nazir bildirib ki, kollektiv şəkil çəkdirmə mərasimi zamanı Tramp tərəfindən necə itələndiyini heç hiss də etməyib.
Azər
banner

Oxşar Xəbərlər