• cümə, 29 Mart, 18:19
  • Baku Bakı 14°C

Avropa Şurasından növbəti qərəzli addım

12.10.17 10:30 3480
Avropa Şurasından növbəti qərəzli addım
Avropa Şurasının ötən gün keçirilən iclasında növbəti dəfə Azərbaycanı tənqid edən qərəzli qətnamələr qəbul edilib. Əslində bu və daha əvvəl qəbul edilən qətnamələrlə Avropa Şurası və onun rəhbərliyi Azərbaycana olan münasibətinin dəyişmədiyini göstərir.
Onsuz da son dövrlər bir sıra Avropa qurumlarının Azərbaycana qarşı ikili standartlarla yanaşmasının şahidi olmaqdayıq. Xüsusilə, bu məsələdə Avropa Şurası birincilik uğrunda mübarizə aparır. Buna misal kimi, AŞ-nin baş katibi Turbyern Yaqlandın sentyabrın 13-də AŞ-a daxil ölkə səfirlərinin iclasında Azərbaycana qarşı səsləndirdiyi fikirləri göstərmək olar. O, ölkəmizin Avropa Şurasından çıxarılmasını təklif etmişdi. Təbii ki, onun səsləndirdiyi fikirlər heç bir əsası olmadığı üçün dəstək qazanmadı. Lakin bu onu göstərdi ki, AŞ-dəki anti-Azərbaycan qüvvələr zaman-zaman fürsət əldə etdikdə, ölkəmizi hədəf seçməkdən çəkinmirlər. Bütün bunlar ondan qaynaqlanır ki, Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçirilən siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və buna görə də ölkəmizə qarşı əsassız qarayaxma kampaniyaları həyata keçirilir.
Əslində əsas fəaliyyət istiqamətinin demokratik prinsiplər və insan hüquqlarının müdafiəsi olduğunu bəyan edən Avropa Şurası rəhbərliyində təmsil olunan insanların siyasi kampaniyaların başında durması həmin qurumun nüfuzdan düşməsindən xəbər verir. AŞ rəhbərliyində təmsil olunan şəxslərin Azərbaycana qarşı ikili standartlar yürütməsi, Avropa Şurasına üzv olan 47 ölkə arasında yalnız Azərbaycana münasibətdə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlardan narahatlıq keçirməsi, təbii olaraq ölkəmizdə bu quruma birmənalı münasibət formalaşdırmır.
Baş katib T.Yaqlandın Azərbaycanın qurumdan çıxarılması ilə bağlı təklifi və onun bu mövqeyinə tənqidi yanaşanlara sosial şəbəkə vasitəsilə aqressiya nümayiş etdirməsi bu insanın qeyri-demokratik düşüncəyə sahib olduğunu ortaya qoydu. Çox maraqlıdır ki, Azərbaycanı guya Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməməkdə təqsirləndirən bir adam Böyük Britaniya, İtaliya, Fransa və digər dövlətlərlə bağlı Avropa Məhkəməsinin qəbul etdiyi 10 mindən artıq qərarın yerinə yetirilməməsi barədə bir kəlmə belə söyləmir. Yaqland yalnız Azərbaycan haqqında danışır və yalanla, iftira ilə dolu, ziddiyyətli fikirlər səsləndirir. Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin yekdil olaraq Yaqlandın bu anti-Azərbaycan mövqeyinə qarşı çox sərt mövqe ortaya qoyması və onun bu mövqeyini tənqid etməsinə baxmayaraq, Avropa Şurasının baş katibi nəticə çıxararaq, öz ifadələrinə, bəyanatlarına diqqət yetirmək əvəzinə, elə bəyanatlar, fikirlər səsləndirməyə başlayıb ki, bu, Avropa Şurası ilə Azərbaycanın münasibətlərinə çox böyük kölgə salır. Nəticə etibarı ilə Avropa Şurası və onun baş katibinin həyata keçirdiyi bu siyasət sözügedən münasibətlərinin kəsilməsinə gətirib çıxara bilər.
Onu qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və elə o vaxtdan bu yana ölkəmiz əsassız ittihamlara tuş gəlib. Bu qurumun baş katibi olan Yaqland isə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi ilə bağlı bir dəfə də mövqe nümayiş etdirməyib. Avropa İnsan Haqları Məhkəməsinin bir insanla bağlı çıxardığı qərar "insan haqları”ndan, "demokratiya”dan danışmağa "əsas verdiyi” halda, niyə 25 ilə yaxın bir müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz el-obalarından didərgin düşən insanların pozulan hüquqları bunu dilə gətirməyə əsas vermir? Niyə Ermənistan qoşunlarının dinc əhaliyə açdığı atəş nəticəsində uşaqların qətlə yetirilməsinin səbəbkarları Avropa tərəfindən sanksiyalara məruz qalmır? Sərsəng su anbarı ilə bağlı yaranmış təhlükə və Ermənistanın uzun illərdir vurduğu ekoloji zərərlə bağlı elə Avropa qurumlarının qəbul etdiyi qətnamələr niyə icra olunmur?
Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi son qətnamələr isə həqiqətən də bu qurumun əsil mahiyyətini ortaya qoymuş oldu.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov gedən müzakirələr zamanı ölkəmiz əleyhinə səsləndirilən fikirlərə cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin ittihamlarına sərt münasibət bildirib: "Cənab Omtzigt, siz burda çox da canfəşanlıq edib, Azərbaycanda demokratiya naminə verdiyiniz bəyanat və çıxışlarınızla özünüzü obyektiv biri kimi göstərməyə çalışmayın. Biz çox yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Siz ermənilərlə birgə işləyirsiniz. Siz yalnız dırnaqarası obyektiv ola bilərsiniz”.
S.Seyidov qeyd edib ki, ümumilikdə AŞPA Azərbaycanla bağlı qeyri-obyektiv və ikili standartlar siyasəti yürüdür: "Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üstünə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?"
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxışında Omtzigt Pyeter, Şvabe Frank kimi parlamentarların erməni lobbi təşkilatlarının maraqlarını təmsil etdiklərini bildirib.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər