• çərşənbə axşamı, 16 aprel, 12:24
  • Baku Bakı 19°C

Avropa Parlamentinin deputatları və ermənilər ortaq mövqedən çıxış edir

11.06.15 10:45 959
Avropa Parlamentinin deputatları və ermənilər ortaq mövqedən çıxış edir
İyunun 3-də Avropa Parlamentində Avropa İttifaqı-Ermənistan Dostluq Qrupunun və Brüsseldə fəaliyyət göstərən Avrasiyada Demokratiya Avropa Erməni Federasiyasının birgə təşkilatçılığı ilə “Münaqişələr və öz müqəddəratını təyinetmə” adı altında dəyirmi masa keçirilib. Tədbirdə Avropa Parlamentinin cəmi 2 deputatı iştirak edib. Bunlar dostluq qrupunun rəhbəri, Avropa Parlamentinin üzvləri - Yunan Kiprini təmsil edən deputat E.Teokarus və Böyük Britaniyanı təmsil edən deputat Çarlz Tannok olublar. Ümumilikdə salon, 3 nəfər istisna olmaqla, erməni diasporunun təmsilçiləri ilə doldurulub. Tədbirdə Polşanın Krakov Universitetinin professoru, Yunan Kiprinin təmsilçisi və Belçikadan olan alimdən başqa hamı erməni mənşəli insanlar olublar. Konfrans ümumi münaqişələrə həsr olunsa da çıxışçıların hamısı Dağlıq Qarabağ münaqişəsindən danışıblar. Təbii ki, bütün bu çıxışlarda ermənipərəst mövqe ortaya qoyulub, daha çox öz müqəddəratını təyinetmə prinsipindən danışılıb. İyunun 10-da isə Avropa Parlamentinin plenar iclasında isə “İdman, insan hüquqları və Bakı 2015: birinci Avropa Oyunları” mövzusunda dinləmələr keçirilib. Bu dinləmələrdə də ölkəmiz əleyhinə ən müxtəlif fikirlər səsləndirilib.
Yaddan çıxarmaq lazım deyil ki, ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı da Bakıda keçiriləcək Avropa Oyunlarını boykot çağırışı ilə çıxış edib. Məlumat üçün bildirək ki, bu çağırışla çıxış edən ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır.
Bu iki fakt bir daha onu göstərir ki, indiyə kimi bizim I Avropa Oyunlarına qarşı çıxan dairələrin ermənipərəst qüvvələr tərəfindən idarə olunması ilə bağlı yazdıqlarımız tam reallıqdır. Sözügedən dairələri erməni diasporuna bağlı şəxslər idarə edirlər və bütünlükdə proses vahid mərkəzdən idarə olunur. Məqsəd də aydındır. Azərbaycanın güclənməkdə olan mövqeyinin imkan daxilində zəiflədilməsi. Bu da onunla bağlıdır ki, ermənipərəst qüvvələr bu cür təzyiqlərlə Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqedən çəkindirmək, işğal faktı ilə barışdırmaq istəyirlər. Bununla onlar Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına çalışır, hər vəchlə bu yolda ermənilərə dəstək verirlər. Çox təəssüf ki, həmin dairələr Avropa İttifaqının nüfuzlu orqanlarından biri sayılan Avropa Parlamentini də öz məqsədləri üçün alətə çevirməyi bacarıblar.
Ümumiyyətlə, son illər Avropa Parlamentinin müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr bu qurumun müstəqilliyinə və obyektivliyinə ciddi şəkildə kölgə salıb.
Bir qədər əvvəl qeyd etdiyimiz kimi indiyədək Avropa Parlamentində Azərbaycanla bağlı bütün müzakirələr və səsvermələr təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı ilə keçirilib və Azərbaycanda hər hansı mühüm bir hadisə vaxtına təsadüf edib. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq məqsədi daşıdığını, Avropa Parlamentinin adından sui-istifadə edən bir qrupun və onların başında duran parlamentin sədri Martin Şultsun vasitəsilə həyata keçirildiyini deməyə tam əsas yaradır. Əslində, cənab Şults heç vaxt Azərbaycanı tənqid etmək fürsətini qaçırmayıb. Hətta Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Macarıstandan ekstradisiya olunduqdan sonra da ermənilərlə eyni mövqedən çıxış edərək xüsusi bəyanatla çıxış edərək “narahatlığını” bildirib. 2014-cü il noyabrın 26-da Strasburqda akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində isə Avropa Parlamentinin sədri emosional şəkildə Azərbaycanı insan haqlarının pozulmasında ittiham edib. M.Şultsun Azərbaycanın Avropada fərqli şəkildə təqdim olunması üçün Avropa Parlamentinin prezidenti kimi əlində olan bütün mümkün vasitələrdən istifadə etdiyi artıq hər kəsə bəllidir.
Avropa Parlamentində Azərbaycan əleyhinə dinləmələr, ölkəmizə qarşı qərəzli münasibət Milli Məclisin deputatı, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən də narazılıqla qarşılanır. O, Avropa Oyunları ərəfəsində Azərbaycana düşmən qüvvələrin aktivləşməsinin Avropa Parlamentində də özünü göstərdiyini bildirib. Deyib ki, bu, hansısa insan haqları ilə bağlı müzakirə yox, birbaşa Azərbaycanın imicini ləkələmək cəhdinin qarşıya məqsəd qoyulmasıdır. Millət vəkili bu işin arxasında erməni lobbisinin dayandığını diqqətə çatdıraraq, bütün bunların Avropa Parlamentinin özünün imici üçün əsl ləkə olduğunu vurğulayıb. Ə.Hüseynli avropalı deputatların bu yolla ayrı-ayrı ölkələrin suveren hüquqlarına təcavüz etdiklərini bəyan edib: “İdman və insan haqları” adlı dinləmələrin keçirilməsi, onu göstərir ki, idmandan da siyasi amil kimi istifadə etmək əsas hədəf kimi götürülüb. Azərbaycanda belə mötəbər oyunların keçirilməsi, Azərbaycanın bu oyunlara ev sahibliyi edərək dünya qarşısında etimadını bir daha artırması erməniləri narahat edir. Bu narahatlıq Avropa Parlamentində bəzi şəxslərində də müşahidə olunur. Əgər onlar üçün Azərbaycanda hansısa problem maraqlı olsaydı, indiyə qədər Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə bağlı heç olmasa bir dəfə müzakirələr keçirərdilər. Amma keçirmirlər, çünki erməni lobbisi onlara icazə vermir. Ona görə də dinləmələri Azərbaycan ünvanına gerçəkləşdirilən qarayaxma kampaniyasının tərkib hissəsi sayıram. Bu, nə tərəfdaşlığa, nə hüququn aliliyinə nə də parlamentarilik statusuna sığmayan məkrlilikdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər