Avropa Parlamentindən Ermənistana ağır zərbə
Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək göstərir
ki, işğalçı ölkənin mövcud status-kvonu legitimləşdirmək cəhdləri əbəsdir
İyunun 10-da Avropa Parlamentinin Azərbaycan,
Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya
Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi
Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ
bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə
bəyanat yayıblar. Avropa Parlamentinin saytında yerləşdirilən bəyanatda bu
qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun
beynəlxalq hüququn pozulması olduğu qeyd edilib.Sənədin müəllifləri ATƏT-in Minsk qrupu
həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə
dəstəyi bir daha bəyan ediblər. Onlar bu vasitəçiliyin uğur qazanması üçün Ermənistan
və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan
sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz
öhdəliklərini gücləndirməyə çağırıblar.Belə bir bəyanatın qəbul olunması bir daha onu
göstərir ki, Avropa institutları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləyirlər.
Təcavüzkara təzyiq
göstərilməlidir
İlk növbədə ondan başlayaq ki, sözügedən bəyanatda "Azərbaycanın
işğal altında olan əraziləri” ifadəsi işlədilib. Bu da Avropa təsisatları
tərəfindən işğal faktının təsdiq olunması deməkdir. Bəyanat Ermənistan
tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət
həyata keçirildiyini göstərir, infrastrukturu dəyişdirmək cəhdlərinin
yolverilməzliyini diqqətə çatdırır. Avropa təsisatları, beynəlxalq ictimaiyyət
artıq görür və əmindirlər ki, Ermənistan infrastrukturu dəyişdirməyə cəhd
göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın
nəticələrini qanuniləşdirmək istəyir. Qeyd olunan bəyanatda tərəflərin səmimi
danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır.
Çünki
beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal
olunmuş ərazilərdə qeyri-qanuni əməliyyatlar həyata keçirən rəsmi Yerevanın
sözü ilə əməlinin bir-birinə tərs-mütənasib olduğunu müşahidə edir. Belə olan
halda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın qeyri-qanuni
əməllərinə münasibət bildirməli, işğalçını öz adı ilə çağırmalı, BMT
Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin qeyd-şərtsiz
yerinə yetirilməsini təmin etməlidirlər. Beynəlxalq ictimaiyyət, xüsusən də BMT
Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, bilavasitə münaqişənin sülh
yolu ilə nizamlanmasına məsul olan həmsədr ölkələr ədalətin öz yerini tapması
üçün işğalçı Ermənistana təzyiq göstərməlidirlər.
Aprel döyüşləri və
Günnüt əməliyyatı təcrübəsi
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə
bölüşən Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət
Babaoğlu deyib ki, Avropa Parlamentinin hər üç Cənubi Qafqaz respublikası
üzrə Parlament Əməkdaşlıq Komitəsinin birgə bəyanatı hər şeydən öncə bu
təşkilatın beynəlxalq hüquqa və bu hüquqda təsbit edilmiş dövlətlərin
ərazi bütövlüyü prinsipinə obyektiv, ədalətli yanaşması kimi başa
düşülməlidir. Deputatın sözlərinə görə, bu mövqe həm də digər beynəlxalq
təşkilatlar,ilk növbədə ATƏT-in Minsk Qrupu üçün nümunə olmalıdır.Millət vəkili qeyd edib
ki,Ermənistanəgər yeni nəqliyyat kommunikasiyası yaratmaqla işğal
etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata
keçirərək,beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq
istəyirsə,kökündən səhv edir. Çünki Azərbaycan buna heç vaxt yol
verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun,mütləq
bərpa edəcək: "Məsələ ondadır ki, işğalçı Ermənistan regionda işğalçılıq
siyasətini davam etdirməklə bərabər, həm də mövcud nəqliyyat-kommunikasiya
xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçün isə işğal altında olan
Azərbaycan torpaqlarından istifadə edir.Bu cür davranış əsla qəbul
edilə bilməz. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin
bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə
vurğu edilir. Eyni zamanda,bəyanatda problemin sülh yolu ilə həll
edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir. Azərbaycan
öz torpaqlarının bundan sonra da uzun müddət işğal altında qalmasına əsla
dözməyəcəkvə mütləq qətiyyətli addımlar atacaq. Nəticəni isə
proqnozlaşdırmaq o qədər də çətin deyil. Çünki hamıya yaxşı məlum olan Aprel
döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var. Ermənistan bunlardan dərs
çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır”.
Ermənistanın daha çox
zərbə aldığının şahidi olacağıq
Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev isə Parlament Əməkdaşlıq Komitəsinin birgə
bəyanatında qeyd olunan fikirləri Ermənistan hakimiyyətinə ciddi xəbərdarlıq
kimi qiymətləndirib. Sözügedən bəyanatı müsbət sənəd adlandıran millət vəkili qeyd
edib ki, bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə təkan
verəcək:"Bəyanatı təhlil etsək, görərik ki, Azərbaycanın işğal
olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti yaxından izlənilir.
Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin məhz Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırışın əks
olunması,sözügedən magistral yolun inşası qərarının Azərbaycanın
səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilməsi və bunun beynəlxalq
hüququn pozulması kimi göstərilməsi, bu addımın Dağlıq Qarabağın və ətraf
rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilməsi və bunun etimad,
sülh və barışıq mühiti yaratmağa kömək etməməsinin qeyd olunması Ermənistan
hakimiyyətinin münaqişənin həllində qeyri-konstruktiv mövqeyini göstərir. Ermənistan
indiyə qədər müxtəlif vasitələrlə beynəlxalq təşkilatları aldatmağa cəhd
göstərib. Təəssüflər olsun ki, bəzi hallarda buna nail olunub. Hazırkı məqamda
isə Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti nəticəsində Ermənistanın
bu yalanları ifşa olunur. Hesab edirəm ki, bu proses davamlı olacaq və biz
Ermənistanın daha çox zərbə aldığının şahidi olacağıq”.
Rufik İSMAYILOV