• şənbə, 20 Aprel, 06:15
  • Baku Bakı 14°C

“Avropa Oyunlarında uğur qazanmaq istəyirəm” - Portret

09.05.15 07:24 4787
“Avropa Oyunlarında uğur qazanmaq istəyirəm” - Portret
Azərbaycan qadın cüdosu Kifayət Qasımova, Ramilə Yusubova, Sona Əhmədli və başqaları kimi güclü idmançıların şahididir. Onların qazandıqları uğurlar yeni nəslin formalaşmasında böyük rol oynayıb. Sevindiricidir ki, gənc cüdoçu qızlarımız arasında böyük perspektiv vəd edənləri az deyil. Onlardan biri, Bakıdakı Avropa Oyunlarının iştirakçısı olacaq Aişə Qurbanlıdır. Gənclər arasında Avropa Kubokunun sahibi, dəfələrlə Azərbaycan çempionu, çoxsaylı beynəlxalq turnirlərin iştirakçısı və mükafatçısı olan idmançı ilə söhbət edərək onun karyerasına nəzər saldıq.
- Aişə xanım, idmana getmək fikri haradan yaranmışdı?
- Mən 28 may 1993-cü ildə Bakıda anadan olmuşam. Düzü, ilk vaxtlarda cüdoya getmək istəmirdim. Sadəcə, buna yox, ümumiyyətlə idmana həvəsli deyildim. Sonra Məlik adlı bir tanışım məni məcbur elədi başlamağa. Başladım, sonra həvəsim artdı, böyüdü. İdman hər gün keçdikcə daha maraqlı oldu. Artıq bunsuz yaşaya bilmirəm.
- Deyəsən, hansı idmanla məşğul olmağın fərqi yox idi sənin üçün…
- Elədir. Başqa seçim də edə bilərdim. Ancaq ilk getdiyim yer məhz cüdo olduğundan belə alındı. İlk o idi, son da o oldu.
- Neçə yaşında getdin məşqə?
- 4-cü sinifdə oxuyurdum. 11 yaşında.
- Ailənizdə səndən başqa idmançı varmı, ya olubmu keçmişdə?
- Yox, tək mənəm.
- Əslində, soruşmaq istədiyim şey budur: evdən narazılıq etdilərmi ki, bəs “qız uşağısan, niyə cüdoya gedirsən?”
- Yox. Qız uşağı cüdoya gedə bilməz ki?
- Əksinə! Getməsi sevindirici və çox vacibdir. Sənin idmanda olmağın digər qızlara da sənin kimi addımlar atmağa yardımçı ola bilər...
- Məhz buna görə də, mən idmandayam. Bilirsiniz, hər insan fərqli xasiyyətdədir. Mən başqalarının adından heç nə deyə bilmərəm. Yalnız onu bilirəm ki, idman çox əziyyətli bir peşədir.
- Bəli, işin bu tərəfi də var. Məşqlər, toplanışlar ağır olur. Gündə neçə saat məşq edirsən?
- 3-4 saat. Çox vaxt gündə iki dəfə tatamiyə çıxırıq.
Təvazökarlıq…
- Çox yorulursan, yəqin. Bezib “bir də məşğul olmayacam” dediyin vaxtlar çox olub?
- Yorğunluq normal şeydir. İdmançıyam, fiziki çalışmalarla məşğulam, ona görə də belə olmalıdır. O qədər olub ki, yarımçıq qoyub getmək istəmişəm. Ancaq 5 dəqiqədən sonra sözüm yadımdan çıxıb. Sonra “daha çox məşq edib yaxşı olacam” demişəm. İnşallah, məhz belə də olacaq.
- İnşallah! İndiyə qədər hansı nəticələri əldə etmisən?
- Elə də böyük nəticələrim yoxdur, amma içimdə bir ümid var.
- Ümid az şey deyil. Bildiyimə görə, Avropa Oyunları vəsiqə qazanmısan…
- Adlar hələ açıqlanmayıb, böyük ehtimalla iştirak edəcəyəm. Azərbaycanı Oyunlarda təmsil etmək mənim ən böyük arzumdur.
- İndiyə qədər hansı yerli və beynəlxalq yarışlarda iştirak etmisən?
- Demək olar ki, hamısında: Qran-Prilər, Avropa və dünya Kubokları, dünya və Avropa çempionatları.
- Nəticəsiz qalmazsan, yəqin…
- Polşada keçirilən Avropa Kubokunda qızıl, Türkiyədə keçirilən eyni yarışda bürünc medal əldə etmişəm. Nəticələrim çox azdır.
- Bunlar azdır? Yanılırsınız, Avropa Kubokunun sahibi olmaq hər kəsin nail olacağı uğur deyil. Azərbaycan çempionatında hansı çıxışlarınız var?
- 14 dəfə çempion olmuşam.
- Həyatımda ilk dəfədir ki, bu qədər təvazökar idmançıya rast gəlirəm. Çox təvazökarsız, hətta həddindən artıq! 14 dəfə çempionluq möhtəşəm nəticədir. Bu çempionluqlar həm yeniyetmə, həm gənclər, həm də böyüklərdə qazanılıb?
- Bəli. Hazırda “Qəbələ” klubunun heyətində yarışlara qatılmaqda davam edirəm.
Hazırlıq…
- İdeal saydığın, özünə kumir seçdiyin biri varmı?
- Kişilərdə yunan cüdoçu İlias İliadis, qadınlarda isə kosovolu Maylinda Kelmendini bəyənirəm. Çox güclü idmançılardırlar. Onların güləş tərzi, mübarizliyi xoşuma gəlir. Görüşlərinə baxır, öyrənirəm.
- Nə öyrənirsən, məsələn? İlk saniyələrdən hücuma keçmək, ya rəqibin səhv etməsini gözləmək?
- Hələ çox şey öyrənməliyəm. Adətən rəqibdən daha çox səhvlər edirəm. Ölkə xaricində təlim-məşq toplanışında olanda əcnəbi idmançıların dedikləri eyni olur: çox güclüsən, ancaq necə olur ki, uduzursan? Toplanışlarda yaxşıyam, ancaq yarışlarda tətbiq edə bilmirəm.
- Yenə təvazökarlıq edirsən. Bəli, nəticələrin daha güclü olar bilər, amma indiyə qədərkilər də yetərincə çoxdur.
- Qələbələrim də var. Tatami üzərində rəqibdən çəkinmirəm, var gücümü sərf edib, tez zəfər çalmağa çalışıram.
- Adətən görüşdən əvvəl rəqib haqqında məlumat əldə etməyə çalışırsan, yoxsa rəqibin kimliyi əhəmiyyət daşımır?
- Yox, maraqlanmıram. Çünki necə güləşdiyini bilməyəndə rahat olur. Mənim öz tərzim var, ona sadiq qalıram. Qarşıdakının kimliyi fərq etmir. Düzdür, bəzən videolarını izləyib, özümü ona hazırlayıram. Ancaq bu, həmişə belə olmur.
- Sevimli - "koronnı" fəndin varmı?
- Bəli, bizim dildə “dizdən” adlanır. Cüdoçular daha çox “skalen” rus sözü ilə tanıyırlar. Bu fəndi yaxşı yerinə yetirirəm. Ondan çox istifadə edirəm. Bir-iki digər sevimli fəndlərim də var.
Hadisə…
- İndiyə qədər qarşılaşdığın çətinliklər nə olub? Haqsızlıqla üzləşmisənmi?
- Kim nəyə layiqdirsə, o da başına gəlir. Şükürlər olsun ki, problemim olmayıb.
- Başına gələn maraqlı, əyləncəli hadisələrdən birini danışa bilərsənmi?
- Əsasən komanda ilə birlikdə olanda daha əyləncəli olur. Deyib-gülürük. Bir dəfə Almaniyadaydıq. Məşqdən qayıtmışıq. Komanda yoldaşım “cüdogi”nin şalvarını atmışdı gecə lampasının üstünə. Otağı təmizləyən qadın gəlib həmin lampanı yandırmışdı. Biz məşqdən qayıdanda gördük ki, otaqdan nəsə tüstü qoxusu gəlir. Nə qədər axtardıq, nə olduğunu ayırd edə bilmədik. Mən 5 dəqiqə gözləyib aşağı xəbər verdim. Onlar gələnə kimi şalvar başladı yanmağa. Üstümüzə düşdülər ki, bəs siz bunu qəsdən etmisiz. Həmin otaqdan çıxartdılar, qovdular başqa otağa. Əslində, gülməli deyildi, ancaq biz çox gülmüşdük o vaxt.
Dərslər…
- Məktəbdə necə oxumusan?
- 9-cu sinfə kimi normal oxumuşam. Etiraf edim ki, elə də həvəsli olmamışam. İdmanın da məsələyə aidiyyəti olmayıb. Sadəcə, maraq göstərməmişəm.
- Bəs indi necə?
- Fikirlərimdə bir qədər dəyişiklik var. Bu yay İdman Akademiyasına sənəd vermək haqda düşünmüşəm. Son qərarı yaxınlarda verəcəyəm.
- İdmançı üçün oxumaq çətin olsa da, təhsil də vacibdir. Boş vaxtlarınızı necə keçirirsən?
- Ya qızlarla şəhəri gəzirik, ya da evdə oluram.
- Sosial şəbəkədə fəal görünürsən. Hobbin saymaq olarmı bunu?
- Deməzdim ki, çox fəalam. Bunu heç məşğuliyyət də saymaq olmaz. Arada girirəm. Gündə bəlkə 500 mesaj gəlir mənə. Çoxunu heç oxumadan silirəm.
- Belə çıxır ki, populyarsan və pərəstişkarların çoxdur…
- Bu haqda heç nə deyə bilmərəm.
Avropa Oyunları
- Artıq bir aydan sonra Bakıda Avropa Oyunları keçiriləcək. Bu yarış barədə nə deyə bilərsən?
- Bu mötəbər turnir ilk dəfə olacaq və Azərbaycanda keçiriləcək. Bu, ölkəmiz üçün çox əhəmiyyətli məqamdır. Bütün dünya Azərbaycanın təşkilatçılıq bacarığını görəcək, idman ölkəsi olduğumuza əmin olacaqdır. Mən də bu yarışa daha çox arzu kimi baxıram. Ümid edirəm ki, orada iştirak edib, ölkəmizi layiqincə təmsil edəcəyəm. Hədəflərim böyükdür. Avropa Oyunlarında da, dünya çempionatında da, Olimpiadada da çıxış etmək, uğur qazanmaq istəyirəm. Qismətimdə varsa, buna nail olacağam.
- Qəzetimizdə gedəcək bu müsahibə həm də gənclər üçün nəzərdə tutulub. Sən də gəncsən. Həmyaşıdlarına, səndən nümunə götürə biləcək başqa, daha gənc insanlara nə deyə bilər, hansı tövsiyələri verə bilərsən?
- Bir idmançı kimi onu deyə bilərəm ki, insan hansı sənəti seçməyindən asılı olmayaraq işinə həvəs və sevgiylə yanaşmalıdır. Bu olsa, gec-tez uğur gələcək. Mütləq gələcək, buna şübhəniz olmasın. İdmanı sevirəm, idmançı olduğumla da fəxr edirəm.
Portreti
Aişə Qurbanlı gənc, enerji dolu idmançı, gözəl bir qızdır. Cüdo ilə məşğuldur və buna görə çox sevinclidir. Təvazökardır, hətta çox təvazökardır. Ancaq bu, onun böyük peşəkarlığından irəli gələn bir xasiyyətidir. Əsl idmançı belə olmalı, əldə etdiyi uğurları norma kimi qəbul edib, yeni zirvələrin fəthi üçün çalışmalıdır. Böyük qələbələr məhz belə qazanılır. Aişə də gələcək zəfərlərinə bu cür hazırlaşır: təvazökar və peşəkar idmançı kimi.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər