AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Liqası: “Neftçi” üçün son şans

Avropa Liqası: “Neftçi” üçün son şans

İdman
08 Noyabr 2012, 17:12 1418
Noyabrın 8-də futbol üzrə Avropa Liqasında IV turun oyunları keçiriləcək. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Neftçi” Rusiyanın “Rubin” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Manuel Jorje Neves Moreyra de Souzaya Bertino Kunya Miranda və Rui Lisino Barbosa Tavares yan xətt hakimləri, Nuno Filipe Santos Tomas Pereyra 4-cü hakim, Joao Karlos Santos Kapela və Joao Fransisko Lopes Ferreyra əlavə hakimlər qismində yardımçı olacaqlar.

3 turdan sonra “Rubin” İtaliya “İnter”i ilə birgə hərəyə 7 xalla H qrupunda 1-2-ci yerləri, “Neftçi” və Serbiya “Partizan”ı isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür. “Rubin” və “İnter” arasında 2 həftə öncə Kazanda keçirilmiş görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib. Rusiya təmsilçisi Bakıda da qələbə qazansa, 1/16 finala vəsiqəni böyük ölçüdə təmin edəcək. Qrupun digər matçında “Partizan” “İnter”i yenə bilməsə, “Rubin” növbəti mərhələyə yüksələcək. “Neftçi” qalib gələ bilməsə, “İnter” isə Serbiyadan xalla ayrılsa, Azərbaycan təmsilçisinin qrupda qalacağı dəqiqləşəcək. Bu baxımdan, flaqman kazanlılarla ev oyununa son şans kimi yanaşır. Baş məşqçi Böyükağa Hacıyev, eləcə də futbolçulardan İqor Mitreski və Flavinyo görüş öncəsi keçirdikləri mətbuat konfransında qələbə hədəfi ilə meydana çıxacaqlarını bildiriblər.

Hər iki komandanın heyətində itkilər var. Zədə üzündən “Neftçi”də Flavinyo və Cavid İmamverdiyev, “Rubin”də isə Aleksandr Ryazantsev və Salvatore Boketti çıxış etməyəcək.

Günün oyunları:

A qrupu

21:00. “Anji” (Rusiya) – “Liverpul” (İngiltərə)
22:00. “Udineze” (İtaliya) – “Yanq Boyz” (İsveçrə)

B qrupu

22:00. “Akademika” (Portuqaliya) – “Atletiko” (İspaniya)
22:00. “Viktoriya” (Çexiya) – “Hapoel” (Təl-Əviv, İsrail)

C qrupu

22:00. “Marsel” (Fransa) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
22:00. “Fənərbağça” (Türkiyə) - AEL (Kipr)

D qrupu

22:00. “Brügge” (Belçika) – “Nyukasl” (İngiltərə)
22:00. “Bordo” (Fransa) – “Maritimu” (Portuqaliya)

E qrupu

22:00. “Molde” (Norveç) – “Styaua” (Rumıniya)
22:00. “Kopenhagen” (Danimarka) – “Ştutqart” (Almaniya)

F qrupu

22:00. “Napoli” (İtaliya) – “Dnepr” (Ukrayna)
22:00. AİK (İsveç) - PSV (Hollandiya)

G qrupu

00:05. “Bazel” (İsveçrə) – “Videoton” (Macarıstan)
00:05. “Sportinq” (Portuqaliya) – “Genk” (Belçika)

H qrupu

21:00. “Neftçi” (AZƏRBAYCAN) – “Rubin” (Rusiya)
00:05. “Partizan” (Serbiya) – “İnter” (İtaliya)

İ qrupu

00:05. “Atletik” (İspaniya) – “Lion” (Fransa)
00:05. “Hapoel” (Kiryat-Şmona, İsrail) – “Sparta” (Çexiya)

J qrupu

00:05. “Latsio” (İtaliya) – “Panatinaikos” (Yunanıstan)
00:05. “Tottenhem” (İngiltərə) – “Maribor” (Sloveniya)

K qrupu

00:05. “Metallist” (Ukrayna) – “Rusenborq” (Norveç)
00:05. “Bayer” (Almaniya) – “Rapid” (Vyana, Avstriya)

L qrupu

00:05. “Tvente” (Hollandiya) – “Levante” (İspaniya)
00:05. “Hannover” (Almaniya) – “Helsinqborq” (İsveç)

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.