Avropa Komissiyası “Şimal axını-2”yə nəzarət etmək istəyir
Rusiyanın başıbəlalı "Şimal axını-2” layihəsi ilə
bağlı qalmaqal və gərginlik səngimir. Layihə indi də Avropa Komissiyası və
ekoloqların müqaviməti ilə üzləşib. Rusiya mətbuatı iddia edir ki, Avropada
layihənin başı üzərində "qara buludlar” güclənib. Belə ki, Avropa Komissiyası
"Şimal axını-2” layihəsinə nəzarət etmək iddiası ilə çıxış edib. Bu qurumun
Rusiyanın qaz nəhəngi "Qazprom”la və Rusiyanın hakimiyyət orqanları ilə
danışıqlar aparmaq üçün mandat əldə etdiyi iddia olunur.
Layihədə maraqlı olan Almaniya və Rusiya "Şimal
axını-2” layihəsini Rusiya qazını Avropaya çatdırmaq istiqamətində ən ucuz
vasitə hesab edirlər. Lakin "Şimal axını-2”-nin çox ciddi əleyhdarları var.
Həmin qüvvələr layihənin baş tutmaması, dayandırılması üçün çalışır, əlavə
olaraq siyasi tələblər irəli sürürlər. Rusiyadan əsas tələb Ukrayna ərazisindən
qaz tranzitini dayandırmamaqdır. Bundan əlavə, "Şimal axını-2” layihəsinə qarşı
təbiət qoruyucuları - ekoloqların da iddiası var. Onlar adıçəkilən layihənin
adları "Qırmız kitab”a düşən fauna və flora növlərinə neqativ təsirlərinin
olduğunu bildirirlər.
"Rusiya Federasiyası Avropa Komissiyasının Avropa İttifaqı
ölkələrindən "Şimal axını-2” layihəsi ilə bağlı mandat almaq barədə sorğusunu
öyrənməli, tədqiq etməlidir”, - deyə Rusiyanın energetika naziri Aleksandr
Novak bildirib. Nazir vəd edib ki, "Şimal axını-2” layihəsi Avropa
Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviçlə avqustun sonu,
sentyabrın əvvəlində görüşdə müzakirə mövzusu olacaq. İddia olunur ki, bir
qədər əvvəl Avropa Komissiyası Avropa İttifaqı Şurasına sorğu ilə müraciət
edərək Rusiya Federasiyası ilə xüsusi hüquqi bazanın yaradılması məqsədi ilə
danışıqlar aparmaq üçün mandat istəyib. Avropa Komissiyasının qənaətincə, bunun
əsasında "Şimal axını-2” gələcəkdə fəaliyyətə başlaya biləcək. Lakin
"Qazprom”un nəzarətində olan "Nord Stream-2” ötən gün mətbuat üçün yaydığı bəyanatda
Avropa Komissiyasının "Şimal axını-2” layihəsi üçün xüsusi hüquqi rejimin
yaradılması barədə iddiaları rədd edilir. "Nord Stream-2”də hesab edirlər ki,
Avropa İttifaqı ilə Rusiya arasında "Şimal axını-2” layihəsi ilə bağlı
beynəlxalq razılaşmaya ehtiyac yoxdur. Çünki Avropada bu cür "əcnəbi” boru
kəmərləri ilə bağlı ümumi qəbul edilən hüququ baza mövcuddur.
Avropa Komissiyasının layihə ilə bağlı iddialarını
çoxları siyasiləşdirilmiş hesab edirlər.
"Avrobürokratların ayrıca götürülmüş layihələr üçün
xüsusi hüquqi rejim müəyyən etmək cəhdləri hüquqi qeyri-müəyyənlik və
investorlar üçün risklər yaradır. Siyasi cəhətdən motivləşdirilmiş ittihamlar
özlüyündə ciddi əsaslara malikdir. Avropalılar faktiki olaraq Rusiyadan
Ukraynanın maliyyələşdirilməsinin saxlanılmasını tələb edirlər. Bir sıra Avropa
ölkələrinin liderləri açıq şəkildə bəyan edirlər ki, layihəyə qarşı mübarizə
yollarını arayırlar”,- deyə Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır.
Yayılan məlumatlara görə, Ukrayna Ali Radasının
spikeri Andrey Parubiy Birləşmiş Ştatlara səfər edib. Spiker keçirəcəyi əsas
görüşlərdə "Şimal axını-2” layihəsinin Avropada təhlükəsizliyə zərbə vurduğunu
müzakirə etmək fikrindədir.
O ki qaldı ekoloqlara - onlar da ayrıca siyahı
hazırlayıblar. "Rus borusu”nun yolunda alman fermerləri də dayanıb. Maraqlıdır
ki, Rusiyanın özündə də ekoloqlar həyəcan təbili çalırlar. Onlar bildirirlər
ki, boru xətti nadir Kurqal qoruğunu məhv edə bilər. Ötən il burada bir sıra
nadir quş növləri tapılsa da, onların sevinci uzun sürməyib. Bəlli olub ki, bu
ərazidə boru xətti inşa ediləcək. Ən pisi odur ki, 85 metr enlikdə bütün
ağacların qırılması nəzərdə tutulub. Problem artıq beynəlxalq səviyyəyə kimi
yüksəlib və ekoloqları Kurqal qoruğunda yaşanan problemlərlə bağlı Fransanın
RFİ radiosuna dəvət ediblər. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin
professoru İvan Potavnıy hesab edir ki, "qoruq ərazisi ilə boru xəttinin keçməsi
həm Rusiya, həm də beynəlxalq təbiət qanunvericiliyə ziddir. Bu hal heç bir
halda diqqətdən qaçırıla bilməz”. Onun sözlərinə görə, bu ilin aprelində
prezident Vladimir Putin Rusiyanın 2025-ci ilədək Ekoloji təhlükəsizlik üzrə
Strategiyasını təsdiq edib. Burada layihələrin ətraf mühitə təsiri baxımından
strateji ekoloji qiymətləndirilmələri nəzərdə tutulub.
Aydındır ki, "Şimal axını-2” layihəsinin beynəlxalq
statusda əsaslandırılması mütləq qaydada həyata keçiriləcək. Hələ ki bu
layihəyə o qədər də əlverişli münasibətin olmadığı barədə ictimai diskussiya
formalaşdırılır. Kreyndlin açıqlayıb ki, "bu birinci dəfə deyil ki, Rusiya
ərazisində qorunan ərazilərdə qaz kəmərləri inşa edilir. "Şimal axını-1” kəməri
"Xərçəng gölü” ərazisindən keçib. Düzdür, orada boru kəməri mövcud olan qaz
xətti ilə getsə də, problem var idi. Analoji hal "Şimal axını-2” layihəsi ilə
də bağlıdır. Kolqanpya burnu ilə çəkiləcək qaz kəməri Kotelsk qoruğuna toxunur.
"Nord Stream-2” şirkəti sübut etmək istəyir ki, Kurqal qoruğu ilə keçəcək xətt
daha ekolojidir. Lakin Kotelskdə artıq neft kəməri, dəmir yolu xətti qoyulub.
Bu dəhliz vasitəsilə yeni bir qaz xəttinin inşası ətraf mühitə elə də ciddi
təsir etməyəcək”. Ekoloq xatırladır ki, qoruq ərazisindən birbaşa magistral qaz
xətlərinin inşası qadağandır. Onu inşa etmək üçün bütövlükdə qanunu dəyişmək
gərəkdir. "Nord Stream-2” şirkəti də məhz buna çalışır.
Azər