• cümə axşamı, 28 mart, 23:54
  • Baku Bakı 13°C

Avropa İttifaqının ayırdığı 7,2 milyon avro necə xərclənəcək?

30.06.16 12:10 1263
Avropa İttifaqının ayırdığı 7,2 milyon avro necə xərclənəcək?
Avropa İttifaqı (Aİ) Kənd Təsərrüfatının İnkişafına Dəstək Proqramı (RDSP) çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb. Aİ-nin ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, layihə kənd yerlərinin və regionların inkişafı üçün nəzərdə tutulub.
Layihə ərzaq təhlükəsizliyinin, qida məhsullarının təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin olunması vasitəsilə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur.
Proqram çərçivəsində Aİ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və s. ilə əməkdaşlıq edəcək.
Kənd Təsərrüfatının İnkişafına Dəstək Proqramının ümumi büdcəsi 19 milyon avrodur. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib: "Azərbaycan əhalisinin 46 faizi demək olar ki, kənd yerlərində və kiçik şəhərlərdə yaşayır. Bu və ya digər layihələrlə Avropa İttifaqı kənddə həyat səviyyəsinin yüksəlməsini dəstəkləyir”.
Məlum olduğu kimi, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mütəmadi olaraq işlər görülür, müxtəlif stimullaşdırıcı addımlar atılır. Bəs Aİ-nin bu yardımı nəyə hesablanıb? Bu maliyyə ilə kənd təsərrüfatında hansı işlər görülə bilər?
İqtisadçı ekspert Rəşad Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, bu maliyyənin ayrılmasında məqsəd kənd təsərrüfatında instutisional imkanların genişləndirilməsi, biznes mühitinin normallaşdırılmasıdır: "Böyük ehtimalla burada ilk növbədə maarifləndirmə işləri həyata keçiriləcək, biznes planların hazırlanması istiqamətində təlimlər veriləcək, yaxud hansısa formada regionlarda, kənd yerlərində nümayəndəliklər yaradılacaq. Nümayəndəliklərdə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün biznes planlar hazırlanacaq. Bundan başqa, regionun kənd təsərrüfatı potensialı istiqamətində, eyni zamanda təsərrüfat subyektləri arasında bazarlama ilə bağlı məlumatlandırma aparıla bilər. Yaxud hansısa formada sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün hüquqi xidmətlər təklif oluna bilər. Hüquqi xidmətlər təsərrüfatçılıqla məşğul olmaq istəyənlərin fəaliyyətə başlama prosesini asanlaşdıracaq. Müəyyən layihə çərçivəsində ayrı-ayrı regionlarda, kəndlərdə təsərrüfatçılıqla məşğul olanların qarşılaşdıqları maneələrin araşdırılıb aradan qaldırılması istiqamətində müzakirələr aparıla, hansısa təkliflər hazırlana bilər. Layihə çərçivəsində bu kimi dəstəkverici, maarifləndirici funksiyaları yerinə yetirən addımlar atılacaq. Ona görə bu dəstəyi ölkədə kənd təsərrüfatının inkişaf imkanlarının genişləndirilməsi, təsərrüfat fəaliyyətində gəlirliliyin yüksəkdilməsinə cəhd kimi qiymətləndirmək olar”.
R.Həsənov deyir ki, bu kimi layihələrin həyata keçirilməsi zamanı daimi olaraq monitorinqlər aparılır və monitorinqlərin nəticələri ictimailəşdirilir: "Kənd təsərrüfatına nə dərəcədə təsir etməsi baxımından qiymətləndirsək, Aİ tərəfindən bu istiqamətdə 7,2 milyon avro vəsaitin ayrılması müsbət məqamdır. Bu, instutisional və biznes mühitinin yaxşılaşdırılması istiqamətində sərf olunacaqsa, təqdirəlayiq haldır. Bütövlükdə götürəndə Azərbaycanda aqrar sektorun kifayət qədər dərin və fundamental problemləri var. Aqrar sektor hazırda gəlirli deyil. Ciddi inkişafdan söhbət gedirsə, rəqabət, ixrac qabiliyyətli aqrar sektordan danışırıqsa, kompleks tədbirlərin görülməsinə ehtiyac var. Aİ-nin ayırdığı məbləğ bu istiqamətdə dövlət tərəfindən görülən işlərə bir dəstək olacaq”.
İqtisadçı onu da bildirdi ki, Aİ-nin illik büdcəsinin təsdiqi zamanı yardım məqsədilə ayrılan vəsaitlərin hansı təyinat üzrə sərf olunacağı müəyyənləşdirilir: "Söhbət regionların sosial-iqtisadi inkişafından gedir. Azərbaycanın aqrar ölkə olduğunu, əhalisinin 37 faizinin bu sektorda məşğul olduğunu nəzərə alsaq, kənd təsərrüfatı prioritetlərdən birinə çevrilib. O baxımdan daimi olaraq Aİ Azərbaycanda aqrar sektorun inkişafına elmi texniki, hüquqi dəstəyin təmin olunması, maarifləndirmə istiqamətlərində, hətta kiçik biznes layihələrinin qrantlar vasitəsilə maliyyələşməsi istiqamətində layihələr həyata keçirir. Bu da fərdi təsərrüfatçılıq təşəbbüslərinin artırılmasına xidmət edir. Ola bilsin ki, növbəti illərdə də bu proses davam etdirilsin”.
Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov bu maliyyənin kənd təsərrüfatında məhv olmaq üzrə olan sahələrin inkişafı üçün işlər görülməsinə ayrılmasının daha məqsədəuyğun olduğunu dedi. Bildirdi ki, bu sahələrdən biri camışçılıqdır: "Camışçılıq əsrdən əsrə bizə gəlib çıxıb. 1967-ci ildə respublikamızda 450 min baş camış varıydı. İndi 220 min baş olub. Ana camışların sayı da 119 mindir. Təxminən iki dəfə azalma gedib. Camış qatığının əvəzi yoxdur. Xalq arasında da deyilir, həkimlər də bildirirlər ki, camış qatığı xərçəng xəstəliyinə qarşı ən yaxşı mübarizə tədbiridir. Camışın yağı, qatığı əvəzsizdir. Eyni zamanda, camış ətində xolesterin olmur. Şəkər, ürək-damar xəstəliklərinin müalicəsində böyük təsir edir. Bu sahə ildən-ilə inkişafdan qalır. Bu istiqamətə dövlətin qayğısı hələ ki yoxdur. Aİ-dən ayrılmış vəsaitin müəyyən hissəsinin camışçılığa ayrılması çox faydalı olardı”.
Ç.Fərəcov deyir ki, Hövsan soğanı, Ağdamın Əfətli kəndində yetişdirilən xiyar sortu, Naxçıvanda Şahtaxtı yemişi məhv olmaq üzrədir: "Eyni zamanda, Abşeronda "Ağ şanı”, "Qara şanı” deyilən üzüm sortları var. İndi qaraciyəri xəstə olanlar o üzümlərdən tapa bilmir. Masallı xiyarı, Masallı soğanı bərpa olunmalıdır. Məhv olmaq üzrə olan sortların bəprası üçün işlər görülməsinə ehtiyac var. Daha çox fayda əldə etmək üçün maliyyəni bu istiqamətlərə də yatırmaq yaxşı olar”.
Ç.Fərəcov onu da bildirdi ki, məhsulun sağlam yetişdirilməsi, tələf olmasının qarşısını almaq üçün zərərvericilərə, ziyanvericilərə qarşı mübarizədə elmi bir əsasnamənin hazırlanmasına ehtiyac var: "Quba zonasının meyvə bağlarında böyük xəstəliklər başlayıb. O xəstəliklərə qarşı mübarizə aparılmalıdır. Bu işə Qərb ölkələrinin məşhur alimləri cəlb olunmalı, bizim mütəxəssisləri öyrətməlidirlər. Bu kimi məsələrə yönəldilsə, həmin maliyyə daha böyük fayda vermiş olar”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər