• cümə axşamı, 28 mart, 14:41
  • Baku Bakı 16°C

Avropa İttifaqı Özbəkistanı strateji tərəfdaş elan etdi

19.07.17 09:00 830
Avropa İttifaqı Özbəkistanı strateji tərəfdaş elan etdi
Avropa İttifaqı Özbəkistanda ümumi dəyəri 168 mln. avro olan bir neçə layihəni reallaşdırmağı planlaşdırır. Bu barədə Avropa İttifaqı-Özbəkistan Əməkdaşlıq Şurasının Brüsseldə keçirilən toplantısında məlumat verilib. Görüşün yekununda Özbəkistan xarici işlər naziri Abdulaziz Kamilov Avropa İttifaqının ölkənin aqrar sektorunun inkişafını nəzərdə tutan və dəyəri 21 mln. avro olan yeni layihəni maliyyələşdirilməsi ilə bağlı sənədə imza atıb. "Avropa İttifaqı-Mərkəzi Asiya” yeni strategiyasında hər bir ölkə ilə fərdi əməkdaşlığa üstünlük verilir. Özbəkistan da bu siyahıda birincidir. Ötən həftənin sonu Daşkənddə olan Avropa Komissiyasının beynəlxalq inkişaf və əməkdaşlıq üzrə baş direktoru Stefano Manservizi bildirib ki, Avropa İttifaqı Özbəkistanı strateji tərəfdaş kimi nəzərdən keçirir. Onun sözlərinə görə, Aİ Özbəkistanın iqtisadi fəallıq dərəcəsinin artırılmasında, yeni iş yerlərinin yaradılmasında, eləcə də, özbək sahibkarlarını Avropa təcrübəsi ilə tanış etməkdə maraqlıdır. Əlavə edib ki, Aİ özbək layihələrinə maliyyənin artırılmasına da çalışır. "Özbəkistanda Avropa şirkətlərinin sayı artırılacaq”, - deyə Manservizi vurğulayıb. Onun sözlərinə görə, əlavə investisiyalar kənd təsərrüfatına, energetikaya, su təsərrüfatının modernləşməsi layihələrinə yönəldiləcək. Brüssel bundan əvvəl Özbəkistana maliyyə yardımının artırılması barədə qərarını təsdiq edib. Buna müvafiq olaraq Özbəkistan 2014-2020-ci illərdə 168 mln. avro həcmində yardım alacaq. Lakin bu da son hədd deyil. Rəsmi Daşkənd Avropa İttifaqının Mərkəzi Asiya üçün nəzərdə tutulan regional proqramlarında da iştirak edə bilər.
Özbək iqtisadçısı Bəxtiyar Erqaşov bildirir ki, hazırda Avropa İttifaqının Mərkəzi Asiya siyasətində kardinal dəyişikliklər baş verir. "Əgər əvvəlki illərdə Avropa İttifaqı və Mərkəzi Asiyanın tərəfdaşlıq strategiyası siyasi islahatlar, qeyri-hökumət təşkilatları, insan haqları sahəsində ciddi komponentləri nəzərdə tuturdusa, bu gün prioritet artıq iqtisadi layihələrdir”, - deyə B.Erqaşev bildirib. O bildirib ki, Özbəkistanda reallaşması nəzərdə tutulan layihələri tədqiq edərkən bəlli olur ki, Aİ əvvəlki yanaşmanı dəyişib. Əvəzində bütün məsələlər Özbəkistanın 2021-ci il üçün nəzərdə tutduğu İnkişaf Strategiyasına uyğunlaşdırılır. Strategiyada əhalinin gəlirlərinin, iş yerlərinin artırılması, özəl sektorun, regional ticarətin inkişafı və s. məsələlər öz əksini tapıb. Aİ-nin layihələri də bu istiqamətlər üzrə işlərin aparılmasını nəzərdə tutur. Qurum ölkədə iqtisadi aktivliyin artırılmasını, yeni iş yerlərinin yaradılmasını, xüsusən də kənd yerlərində artırılmasını nəzərdə tutur. Kənd yerlərinin inkişafı üçün 21 mln. avroluq layihə nəzərdə tutulub. Özəl sektorun inkişafını stimullaşdırmaq üçün Fərqanə vadisində daimi iş yerlərinin yaradılması prioritetdir. Planda regional ticarətin yolunda maneələrin aradan qaldırılması üçün bir sıra layihələrin reallaşdırılması, nəqliyyat-tranzit məsələlərinin həlli, kiçik biznesin ixrac imkanlarının artırılması da var.
Dialoqun aktivləşdirilməsi və davam etdirilməsi həm də onunla təsdiq olunur ki, "Mərkəzi Asiya-Avropa İttifaqı” formatı çərçivəsində növbəti dəfə nazirlərin görüşü bu ilin noyabrında Səmərqənddə davam etdiriləcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin də bu məqsədlə Özbəkistana gələcəyi nəzərdə tutulub. Postsovet məkanı üzrə ekspertlər hesab edirlər ki, Avropa İttifaqı həmişə müəyyən layihələrə hədəflənir. Bu layihələrin məqsədi də hər bir ölkədə iqtisadiyyatın müəyyən sahəsinin sabitləşdirilməsidir. Hazırkı halda isə win-win vəziyyəti nəzərdən keçirilir. Yəni hər iki tərəf - Özbəkistan və Avropa İttifaqı bu layihənin reallaşmasından mənfəət əldə edir. Özü də söhbət hansısa bir özəl kapital qoyuluşundan deyil, Özbəkistan infrastrukturuna investisiya qoyuluşundan gedir. Hazırda Özbəkistanı Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsi kimi nəzərdən keçirmək gərəkdir. "Avropa İttifaqı ölkə prezidenti Şövkət Mirzoyevin iqtisadi və hüquqi sahədə, biznes-mühitin və valyuta bazarının liberallaşdırılması ilə bağlı islahatların aparacağı ilə bağlı verdiyi vədləri necə yerinə yetirdiyini diqqətlə izləyir və ilkin qiymətləndirmələr müsbətdir. Avropa İttifaqında Özbəkistan rəhbərliyinin ölkənin həyati əhəmiyyət kəsb edən sahələrində köklü dəyişikliklərin aparılması ilə bağlı təşəbbüsləri ruh yüksəkliyi ilə qəbul edilib”, - deyə Aİ-nin Özbəkistandakı nümayəndə heyətinin rəhbəri Eduards Stiprays Prezident yanında strateji və millətlərarası tədqiqatlar üzrə İnstitutunun analitikləri ilə görüşdə bildirib. "Podrobno” saytının yaydığı xəbərə görə, Stiprays Brüsseldə Özbəkistanın dövlət idarəetməsi sahəsi üzrə aparılan islahatları yüksək qiymətləndirilib. O bildirib ki, Daşkəndin yeni xarici siyasət kursu dünyanın bir sıra regionları ilə, o cümlədən Avropa ilə əməkdaşlıq üçün yeni perspektivlər açır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər