Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq - Fotolar
Azərbaycan ilə Avropa
İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi (TƏS) qoyulub. 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış bu
sənəd onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1
iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün
müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan ilə Aİ arasında münasibətlərə
yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət,
investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində
genişmiqyaslı əməkdaşlığı əhatə edib. Sonrakı illərdə ölkəmizin Avropa Qonşuluq
Siyasətinə (AQS) daxil edilməsi ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm
addım olub. Bu gün Azərbaycan Aİ ilə nəqliyyat və enerji, insan hüquqları və
demokratikləşdirmə sahəsində geniş əməkdaşlıq edir. Bununla yanaşı, ölkəmiz Aİ-nin
Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirak edir. Hazırda Aİ ilə Azərbaycan arasında
əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə
əlaqələrin tam potensialını inkişaf etdirmək üçün müvafiq addımlar atılır.
Bütün bu tədbirlərin davamı
olaraq, Aİ-nin Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Aİ Şurasının
Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti oktyabrın 4-də Bakıda
səfərdə olub. Səfər çərçivəsində avropalı qonaqları Prezident İlham Əliyev də
qəbul edib. Azərbaycanın nisbətən gənc müstəqil dövlət olduğunu xatırladan
dövlət başçısı ötən 26 il ərzində müxtəlif sahələrdə ciddi irəliləyişə nail
olunduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycan gələcəyə çox aydın baxışı
olan sabit, müasir, inkişaf edən ölkədir. O, inkişafımız və problemlərimiz,
xüsusən də Dağlıq Qarabağ münaqişəsindən də söhbət açıb. Bildirib ki, münaqişə,
dağıntılar və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf etməyə
müvəffəq olub. Prezident bildirib ki, Azərbaycanın iqtisadi göstəriciləri Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi
beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə də əks olunub.
Onun sözlərinə görə, Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi
iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatında Azərbaycan
iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb.
Prezident İlham Əliyev
Azərbaycanın böyük enerji ehtiyatları olan ölkə kimi tanındığını bildirib. Qeyd
edib ki, bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr
yatırılır. Onun sözlərinə görə, bu gün Avropa İttifaqının üzvü olan bəzi
ölkələr üçün enerji balansında Azərbaycan nefti təqribən 25-30 faiz təşkil
edir. Beləliklə də Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin
olunmasında öz rolunu oynayır. O, bu yaxınlarda aparıcı beynəlxalq enerji
şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsi imzalandığını xatırladan
dövlət başçısı deyib ki, bu müqavilə Azərbaycana nəhəng neft yataqlarımızın
2050-ci ilə qədər işlənməsinə imkan verəcək, sabit neft istehsalat profilini
saxlamaq üçün on milyardlarla əlavə investisiyalar yatırılacaq. Azərbaycan
dövlət başçısı Aİ ilə əməkdaşlığımızla bağlı digər məqamlara da toxunub. O,
cari ilin fevral ayında Brüsselə çox uğurlu səfərinin olduğunu söyləyib.
Bildirib ki, səfərdən bir gün sonra Avropa İttifaqı və Azərbaycan arasında yeni
saziş üzərində rəsmi danışıqlara başlanılıb. Prezident bildirib ki, Avropa irsi
həmişə Azərbaycanda mövcud olub və indi təhlükəsizlik, siyasi inkişaf, ticarət,
enerji, nəqliyyat, multikulturalizm kimi bütün vacib məsələləri özündə ehtiva
edəcək yeni sazişlə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf
edəcəyinə ümid edir: "Bu arada biz vaxt itirmədik, biz Avropa İttifaqına üzv
ölkələrlə ikitərəfli formatda fəal çalışdıq və indi Azərbaycanın Avropa
İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq
formatı var, ya saziş, ya bəyannamə formasında. Beləliklə, biz Avropa
İttifaqına üzv ölkələrin üçdəbirindən çoxu üçün strateji tərəfdaş hesab
olunuruq. Hesab edirəm ki, bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək
saziş üçün yaxşı zəmindir və bayaq qeyd etdiyim kimi, mənim Brüsselə uğurlu səfərimdən
çoxlu gözləntilərimiz var və nəticələr çox yaxşı idi”.
Prezident İlham
Əliyev bildirib ki, Azərbaycan Avropa ilə müsəlman dünyası arasında coğrafi
körpü rolu ilə yanaşı, mədəni və müəyyən dərəcədə siyasi körpü rolu da oynayır.
Dövlət başçısı bildirib ki, Azərbaycanda enerji sahəsinin inkişafı
sərhədlərimizin hüdudları ilə məhdudlaşmır. Enerji təhlükəsizliyimizə gəldikdə,
prezident qeyd edib ki, bu sahədə bütün işlər görülüb, Azərbaycan müxtəlif
istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edir. Azərbaycanda
azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, Prezident
İlham Əliyev deyib ki, Azərbaycan xarici medianın kəskin hücumuna məruz
qalmaqdadır: "Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək
arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu
totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir
ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident
seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif
səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük
siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların
payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini
əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət
yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim
daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu
siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan
ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin
mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci
ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz dəmək olar ki, yüz faiz
Avropa standartlarına uyğundur”.
Prezident
bildirib ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70
faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə
genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır. Ölkə başçısı bir
daha vurğulayıb ki, Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılmasından
söhbət gedə bilməz və belə bir niyyət yoxdur: "Daha bir azadlıq toplaşma
azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və
müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə
yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların
üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları
cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin
mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət
qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə,
hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət
gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis
zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz,
çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis
zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və
zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri
səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını
biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid
olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni
zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul
edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq.
Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim
Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq”.
Azərbaycanın Avropa
Şurasından çıxmaq məsələsinə toxunan dövlət başçısı deyib ki, hər hansı
azərbaycanlı rəsmi belə bir fikir bildirməyib. Ölkəmizdə medianın azad olduğunu
xatırladan Prezident İlham Əliyev Avropa Şurası ilə bağlı ictimai rəyin o qədər
də müsbət olmadığını söyləyib: "Bunun bir neçə səbəbi var. Birincisi, bu
təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq
Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə
uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün
əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən
Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa
Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm.
Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı
münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz
həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı
kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik.
Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə
yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul
edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə
milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən
hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”.
Prezident İlham
Əliyev təəssüflə qeyd edib ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri
Azərbaycana qarşı yeni hücum təşkil ediblər: "Onlar bizi üzvlükdən məhrum etmək
və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim
siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya
nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları
Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra
Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər.
Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif
səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda
Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə,
olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum
məyusluq yaradır və "bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana
gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada
çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası
və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün
prioritet budur”.
Dövlət başçısı
İlham Əliyev Azərbaycanın 16 ildir ki, Avropa Şurasının üzvü olduğunu diqqətə
çatdırıb. Səmimi, dostcasına qeyd edib ki, Azərbaycan Avropa Şurasını tərk
etsə, heç kəs buna əhəmiyyət verməyəcək: "Həyatımızda heç nə dəyişməyəcək, biz
bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan
haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları
hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan
Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi
inkişaf etdirmək məqsədilə edirik”.
Rufik İSMAYILOV