• şənbə, 20 Aprel, 14:27
  • Baku Bakı 23°C

Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq - Fotolar

06.10.17 11:00 1987
Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq - Fotolar
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyulub. 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış bu sənəd onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan ilə Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edib. Sonrakı illərdə ölkəmizin Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Bu gün Azərbaycan Aİ ilə nəqliyyat və enerji, insan hüquqları və demokratikləşdirmə sahəsində geniş əməkdaşlıq edir. Bununla yanaşı, ölkəmiz Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirak edir. Hazırda Aİ ilə Azərbaycan arasında əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək üçün müvafiq addımlar atılır.

Bütün bu tədbirlərin davamı olaraq, Aİ-nin Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti oktyabrın 4-də Bakıda səfərdə olub. Səfər çərçivəsində avropalı qonaqları Prezident İlham Əliyev də qəbul edib. Azərbaycanın nisbətən gənc müstəqil dövlət olduğunu xatırladan dövlət başçısı ötən 26 il ərzində müxtəlif sahələrdə ciddi irəliləyişə nail olunduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan sabit, müasir, inkişaf edən ölkədir. O, inkişafımız və problemlərimiz, xüsusən də Dağlıq Qarabağ münaqişəsindən də söhbət açıb. Bildirib ki, münaqişə, dağıntılar və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf etməyə müvəffəq olub. Prezident bildirib ki, Azərbaycanın iqtisadi göstəriciləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə də əks olunub. Onun sözlərinə görə, Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatında Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb.

Prezident İlham Əliyev Azərbaycanın böyük enerji ehtiyatları olan ölkə kimi tanındığını bildirib. Qeyd edib ki, bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırılır. Onun sözlərinə görə, bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti təqribən 25-30 faiz təşkil edir. Beləliklə də Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. O, bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsi imzalandığını xatırladan dövlət başçısı deyib ki, bu müqavilə Azərbaycana nəhəng neft yataqlarımızın 2050-ci ilə qədər işlənməsinə imkan verəcək, sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiyalar yatırılacaq. Azərbaycan dövlət başçısı Aİ ilə əməkdaşlığımızla bağlı digər məqamlara da toxunub. O, cari ilin fevral ayında Brüsselə çox uğurlu səfərinin olduğunu söyləyib. Bildirib ki, səfərdən bir gün sonra Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzərində rəsmi danışıqlara başlanılıb. Prezident bildirib ki, Avropa irsi həmişə Azərbaycanda mövcud olub və indi təhlükəsizlik, siyasi inkişaf, ticarət, enerji, nəqliyyat, multikulturalizm kimi bütün vacib məsələləri özündə ehtiva edəcək yeni sazişlə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf edəcəyinə ümid edir: "Bu arada biz vaxt itirmədik, biz Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışdıq və indi Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı var, ya saziş, ya bəyannamə formasında. Beləliklə, biz Avropa İttifaqına üzv ölkələrin üçdəbirindən çoxu üçün strateji tərəfdaş hesab olunuruq. Hesab edirəm ki, bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir və bayaq qeyd etdiyim kimi, mənim Brüsselə uğurlu səfərimdən çoxlu gözləntilərimiz var və nəticələr çox yaxşı idi”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa ilə müsəlman dünyası arasında coğrafi körpü rolu ilə yanaşı, mədəni və müəyyən dərəcədə siyasi körpü rolu da oynayır. Dövlət başçısı bildirib ki, Azərbaycanda enerji sahəsinin inkişafı sərhədlərimizin hüdudları ilə məhdudlaşmır. Enerji təhlükəsizliyimizə gəldikdə, prezident qeyd edib ki, bu sahədə bütün işlər görülüb, Azərbaycan müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edir. Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, Prezident İlham Əliyev deyib ki, Azərbaycan xarici medianın kəskin hücumuna məruz qalmaqdadır: "Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz dəmək olar ki, yüz faiz Avropa standartlarına uyğundur”.

Prezident bildirib ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır. Ölkə başçısı bir daha vurğulayıb ki, Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz və belə bir niyyət yoxdur: "Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq”.

Azərbaycanın Avropa Şurasından çıxmaq məsələsinə toxunan dövlət başçısı deyib ki, hər hansı azərbaycanlı rəsmi belə bir fikir bildirməyib. Ölkəmizdə medianın azad olduğunu xatırladan Prezident İlham Əliyev Avropa Şurası ilə bağlı ictimai rəyin o qədər də müsbət olmadığını söyləyib: "Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”.

Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər: "Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və "bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur”.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın 16 ildir ki, Avropa Şurasının üzvü olduğunu diqqətə çatdırıb. Səmimi, dostcasına qeyd edib ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək: "Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər