• cümə, 29 Mart, 16:04
  • Baku Bakı 14°C

Avropa İttifaqı koronavirus sınağından üzüağ çıxa bilmir

31.03.20 17:31 1165
Avropa İttifaqı koronavirus sınağından üzüağ çıxa bilmir
Pandemiya onilliklər ərzində qurulmuş avrointeqrasiyanı asanlıqla dağıdır

Dünyanın başı üzərini Domokl qılıncı kimi kəsdirən COVİD-19 pandemiyası bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyub. İqtisadi, siyasi və sosial həyat tam çöküb, insanlar kütləvi şəkildə karantinə alınıb. İnfeksiya onilliklər ərzində formalaşan və sınaqlardan çıxan birlikləri və ittifaqları da çətin duruma salıb. Birləşmiş Ştatlar prezidenti Donald Trampın birtərəfli qaydada Avropa İttifaqı vətəndaşları üçün sərhədləri bağlaması Avropa paytaxtları ilə Vaşinqton arasında hiss olunacaq şəkildə gərginlik yaradıb. Avropa İttifaqının özündə isə qarşılıqlı münasibətlər hiss olunacaq dərəcədə gərilib, narazılıq və incikliklər artıb.
Fransa İngiltərəyə qarşı
Ötən bazar Fransanın "Liberation” qəzeti prezident Emmanuel Makronun aparatına istinadən belə bir xəbər yaydı ki, rəsmi Paris Britaniya baş naziri Boris Consona təzyiq edir. Makron britaniyalı həmkarından tələb edib ki, ölkəsi ərazisində koronavirusun yayılmasına qarşı adekvat addımlar atsın. Dumanlı Albionun pandemiya təhlükəsinə qarşı ilk gündən gözləmə mövqeyi tutması ağır nəticələrə gətirib çıxardı. Bu səbəbdən də Makron bəyan edib ki, əgər Britaniya hakimiyyət orqanlarının fəaliyyətsizliyi davam edərsə, Fransa Böyük Britaniya ilə sərhədlərini bağlayacaq. Şübhə yoxdur ki, Parisin ardınca Avropa İttifaqının digər üzvləri də analoji addımı atacaqlar. Böyük Britaniya yalnız bütün bunlardan sonra insanların kütləvi şəkildə bir yerə toplanmasını qadağan etdi. Bu qərardan bir neçə gün sonra isə ölkədə tam karantin elan edildi. İndi bir çoxları Consonu tənqid edirlər ki, atılan qərarlar çox gec idi və özünün riskli eksperimenti ilə nəinki Böyük Britaniyanın səhiyyə sistemini kollaps vəziyyətinə saldı, ən əsası, bütövlükdə Avropanın səhiyyə sistemi risk altına almış oldu.

Baltikaynı ölkələr Polşadan inciyib

Tam şəkildə öz sərhədlərini qapadan Polşa birdən-birə bütün qonşuları - Litva, Latviya, Estoniya ilə münasibətləri kəskinləşdirdi. Bu ölkənin vətəndaşları, sözün əsl mənasında evlərinə getmək üçün Polşanın quru sərhədlərində ilişib qaldılar. Polşa tərəfi qəti şəkildə bəyan etdi ki, quru sərhədi keçmək mümkünsüzdür. Sərhəddə işişib qalan insanları belə bir sual düşündürür – ümumiyyətlə Avropa İttifaqı prinsip etibarilə mövcuddurmu? Onlarda formal olaraq vətəndaşları olduqları qurumun mənasızlığı qənaəti formalaşmağa başlayıb. Nəticədə insanları bərələrlə təcili qaydada Almaniya ilə daşımaq qərarı verildi. Polşanın ardınca Avropa İttifaqına daxil olan digər ölkələr ona baxaraq analoji addım atdılar, digər dövlətlərlə nəqliyyat əlaqələrini dayandırdılar. Vəziyyət qalmaqallı həddə çatdı. Pandemiya çox qısa zaman kəsiyində avropalıları öz sərhədləri daxilinə çəkilməyə vadar etdi. Və bununla da dövlət və siyasi, eləcə də Avropa humanizmi və həmrəyliyi sual altına düşmüş oldu. Sıravi avropalının nöqteyi-nəzərincə, Avropa İttifaqında hazırda qəribə və məntiqə sığmayan hallar baş verir. Yəni indiyə qədər ümumavropa evi, ümumavropalı ideyasını təbliğ edənlər necə gülünc vəziyyətə düşdüklərinin şahidi oldular. "Vahid Avropanın vətəndaşları” anlayışı sabun köpüyü kimi dağılmağa başladı.

Almanlar italyanlardan, qarşı tərəf də onlardan şikayət edir

İtaliyanın şimalında baş verən epidemiyanın mərkəzində olan italiyalı həkimləri adi bir sual düşündürür – indiyə qədər vahid iqtisadi məkanda təmsil olunan qonşu dövlətlər necə oldu ki, onlardan üz döndərib öz problemlərinin həllinə üstünlük verdilər? Özü də belə bir ağır durumda onlara ilkin yardım Avropa İttifaqından deyil, özü ağır durumda olan uzaq Çindən gəldi. Avropa İttifaqının əsas üzvü Almaniya qurum üzrə tərəfdaş üzvlərə tibbi avadanlıqlar göndərilməsində sərt xətt tutdu. Almaniya federal iqtisadiyyat nazirliyi yalnız 400 min maska göndərilməsi barədə qərar qəbul etdi. Bu günlərdə isə rəsmi Berlin yalnız istisna hallarda tibbi avadanlıqlar, maska və əlcəklərin göndərilməsi barədə qərar qəbul etdi. Yəni, Almaniyanın öz ehtiyacları ödənildikdən sonra adıçəkilən vasitələr göndərilə bilər. Hətta Avropa İttifaqının digər dövlətlərində insan həyatı təhlükə altına düşsə belə qoruyucu vasitələr göndərilə bilməz.
Avropalıların özlərinin qənaətincə, Avropa hələ də həmrəylik nümayiş etdirə bilmir. Avropa İttifaqında sözün əsl mənasında epidemiyanın qarşısının alınması məqsədilə vahid siyasət yoxdur. Nə federal, nə də regional səviyyələrdə zəruri informasiya həcmi və emal edilən fəaliyyət protokolunun olmaması şəraitində hakimiyyət orqanlarının fəaliyyəti spontandır və koordinə edilməyib. Adi bir misal. Hazırda tibbi materialların çatışmazlığı hiss olunur. Martın 20-dən sonra Avstriyanın iki hərbi nəqliyyat təyyarəsi Çindən ölkəyə 130 ton tibbi avadanlıq gətirmək üçün yola düşüb. Həmin avadanlıqlar İtaliyanın yalnız almandilli əhalisi arasında paylanılıb. İtaliya baş naziri Cüzeppe Konte avadanlıqların epidemiyanın yayıldığı digər ərazilərə də paylanmasına çağırıb. Söhbət virusun, sözün əsl mənasında paralizə etdiyi Lombardiya vilayətindən gedir.

Daşları yığmaq zamanıdır
Beynəlxalq əməkdaşlıq hazırda virus dalğaları kükrəyən dənizdə bir gəmiyə bənzəyir. Hazırda müttəfiqlik münasibətləri kağız üzərində qala bilməz. Mövcud durum çətin qərarların qəbulunu gözləyir və əgər onlar qəbul edilməzsə, vəziyyət pis olacaq. İtaliyanın sosial şəbəkələrində hazırda əsas hədəf Avropa İttifaqı və Birləşmiş Ştatlardır. İlk gündən onlardan kömək gözlədikləri halda heç bir dəstək olmadı. Ölkədə on mindən artıq ölü sayı var. Emosional məlumatlarda anlaşılmazlıq və dərin küskünlük hiss olunur. "Avropa sivilizasiyasının beşiyi olan İtaliyaya Avropa və bütövlükdə Qərbin münasibəti budurmu” deyə italyanlar sual verirlər. Avropa sivilizasiyası Avropa İttifaqının timsalında onu bir kənara atıb. Dünya arenasında həmrəylik tək abstrakt humanizm deyil, həm də siyasi nizam deməkdir.
Qlobalizm mövqelərini itirir

Qlobalizm son illər addım-addım populyarlığını itirir və hazırda dövlətlər açıq şəkildə "hər kəs özünə” prinsipi ilə oyun oynamağa başlayır. Cəmiyyət daha çox ənənəvi dövlətə və daha az qlobalist ideyalara etibar etməyə başlayır. Ənənəvi olaraq dövlət birinci plana keçir. Avropa İttifaqının müəyyən institutları pandemiya şəraitində öz effektivliklərini nümayiş etdirə bilmirlər. Onlar ya ümumiyyətlə işləmir, ya da vəziyyətin öhdəsindən gələ bilmirlər. Əksər dövlətlər prinsip etibarilə bioloji təhlükəyə hazır deyillər. Yaxın gələcəkdə artıq dövlətlər prioritet təhlükə olaraq tək kibermüharibələr və müharibələri deyil, istənilən növ bioloji hücumları da prioritet məsələ kimi nəzərdən keçirəcəklər.
Bu dəfəki pandemiya dünyanın inkişafını gerilətməklə yanaşı, insanların izolyasiya vəziyyətində olması sosial həyata da təsir edəcək. Sosioloqlar boşanma və bu kimi halların artacağını proqnoz edirlər. Çin artıq belə bir nümunə ortaya qoyub. Bütövlükdə baş verənlər qlobal yoxlama kimi də qiymətləndirilir və bu ictimai, dövlətlərarası münasibətləri bütün səviyyələrdə silkələyəcək. Gələcəyin yeni cəmiyyətinin necə olacağı isə hələ bəlli deyil.

Azər
banner

Oxşar Xəbərlər