• cümə, 29 Mart, 06:25
  • Baku Bakı 5°C

Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın maraqlarına xidmət edir

09.07.19 17:54 1260
Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın maraqlarına xidmət edir
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış bu sənəd onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan ilə Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edib. Sonrakı illərdə ölkəmizin Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan etibarən Aİ ilə ölkəmiz arasında münasibətlər tamamilə yeni müstəviyə keçib. Bu gün Azərbaycanla Aİ arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat və enerji, insan hüquqları və demokratikləşdirmə sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Qürurla deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir. Bundan başqa, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsündə də iştirak edir.Qətiyyətlə deyə bilərik ki, bütün bu platformalar çərçivəsində Azərbaycanla Aİ arasında bərabərhüquqlu maraqlara xidmət edən əlaqələr mövcuddur. Bütün bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün tərəflərin qarşılıqlı səfərləri xüsusilə diqqət çəkir.


Cari ilin fevral ayında həm Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V iclası Dövlət Başçısının iştirakı ilə Bakıda keçirilib, həm də Avropa Komissiyasının Büdcə məsələləri və İnsan resursları üzrə Komissarı Günter Ottinger, Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak kimi rəsmilər Azərbaycana səfər ediblər. Onların Azərbaycan Prezidenti səviyyəsində qəbul ediliblər. Eyni zamanda, strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqları davam etdirmək üçün Aİ-nin nümayəndə heyəti Azərbaycanda olub, Aİ-Azərbaycan arasında imzalanması planlaşdırılan yeni saziş layihəsi üzrə intensiv danışıqlar aparılıb.

Bu siyasətin davamı olaraq, Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfər edib.İyulun 9-da isə Aİ Şurasının Prezidenti Donald Tusk ölkəmizə səfərə gəlib. O, Prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək, ardınca işçi lanç çərçivəsində geniş tərkibdə görüş keçirib. Görüşlərdən, aparılan müzakirələrdən sonra Prezident İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev əminliklə vurğulayıb ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişafı davam etdiriləcək və bu, Azərbaycanın maraqlarına xidmət edir. Dövlət başçısı indiyə qədər D.Tuskla çox sayda görüş keçirdiyini diqqətə çatdıraraq, çox uğurla inkişaf edən Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı geniş spektrli məsələlərin müzakirə edildiyini söyləyib. Qeyd edib ki, bu, çox sahələri əhatə edir və tərəfdaşlığın yeni səviyyəyə yüksəldilməsinə nail olunub. Aİ-Azərbaycan arasında əməkdaşlığın gələcəyindən söhbət açan Prezident İlham Əliyev deyib ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Aİ-Azərbaycan əlaqələrinin inkişaf etdiyini xatırladıb. D.Tuskun Azərbaycan səfərinə gəlincə, o bildirib ki, Aİ Şurasının Prezidenti Bakıya vidalaşmağa gəlib. Millət vəkilinin sözlərinə görə, D.Tusk yaxın aylarda vəzifəsindən gedəcək: "Donald Tuskun Azərbaycana səfəri Avropa İttifaqı üçün ölkəmizin önəmini bir daha nümayiş etdirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji münasibətləri, qarşılıqlı maraqlara söykənən əlaqələri var. Azərbaycanın yaratdığı nəqliyyat dəhlizi ticari əlaqələrin inkişaf etdirilməsi baxımından Avropa İttifaqı ölkələri üçün də mühüm amildir. Ticari, siyasi, iqtisadi, humanitar əlaqələrlə bərabər, Avropa İttifaqı üçün Azərbaycanı cəlb edici edən ölkəmizin dəyərləri, multikulturalizm, tolerantlıq ənənələri, zəngin mədəniyyətidir. Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcısı olan insanların sabitlik, əmin-amanlıq içində yaşadığı böyük ailədir. Hazırda Avropada yaşanan hadisələr fonunda Azərbaycanın qeyd edilən istiqamətdə zəngin tarixi təcrübəsi, ənənəsi, həyat tərzi avropalılar üçün maraq kəsb edir. Ən nəhayət, Donald Tuskun Bakı səfəri Avropa İttifaqının Azərbaycana verdiyi əhəmiyyətin, dəyərin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə marağın növbəti dəfə təsdiqidir”.


Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da qəzetimizə açıqlamasında bildirib ki, Aİ Şurasının Prezidenti D.Tusk Prezident İlham Əliyevlə dəfələrlə görüşüb. O D.Tuskun Bakıya səfər etməsini, ölkənin ali rəhbərliyi ilə görüşlər keçirərək qarşılıqlı əlaqələrin gələcək inkişafına dair müzakirələr aparmasını mühüm hadisə, Azərbaycana verilən dəyər kimi qiymətləndirib: "Azərbaycanın Avropa İttifaqının üzvü olan bir sıra dövlətlərlə strateji münasibətləri var. Avropa İttifaqı ilə ölkəmiz arasında da strateji münasibətlərə dair yeni sazişin imzalanması istiqamətində ciddi müzakirələr aparılıb, çoxsaylı görüşlər keçirilib. Gələcəkdə sazişin imzalanması münasibətlərimizi daha da irəliyə doğru inkişaf etdirəcək. Avropa İttifaqı və bu quruma üzv olan ölkələrlə münasibətlərin inkişaf etdirilməsi yalnız Azərbaycana fayda gətirə bilər. Ümid edirəm ki, Donald Tuskun Bakı səfəri də bu istiqamətdə münasibətlərimizə töhfə verəcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər