• cümə, 29 Mart, 12:01
  • Baku Bakı 14°C

Avropa bu il ciddi sınaqlarla üzləşə bilər

10.01.17 10:00 890
Avropa bu il ciddi sınaqlarla üzləşə bilər
Sözsüz ki, başa çatan 2016-cı il Avropa İttifaqı (Aİ) üçün ciddi sınaqlar ili kimi yadda qalacaq. Ard-arda terror aktları, miqrant böhranı, Ukraynaya görə Rusiya ilə yaşanan gərginlik, ən əsası, Böyük Britaniyanın qurumu tərk etmək barədə qərar qəbul etməsi – ittifaqın daxilindəki ziddiyyətləri daha da artırmış oldu. Lakin məsələ ondadır ki, bu il də Aİ-yə pozitiv nəsə vəd etmir. Nüfuzlu Qərb nəşrlərinin gəldiyi qənaət budur. Məsələn, Birləşmiş Ştatların "Project Syndicate” nəşrində dərc edilən "Avropa İttifaqı populizmi üstələyə biləcəkmi?” məqaləsində müəllif Daniel Qross vurğulayır ki, bu il də Aİ-nin mövcudluq təhlükəsinin yaşandığı təhlükəli il kimi yadda qala bilər. Yaxşı xəbər yalnız budur ki, Aİ 2016-cı ilin ən qalmaqallı hadisəsini Böyük Britaniyanın Aİ-dən çıxmaq barədə referendumunu (Breksit) ağrısız keçirə bildi. Yəni proses idarəolunan səviyyədə getdi. Pis xəbər isə odur ki, bu il Fransa və İtaliyada hakimiyyətin populistlər tərəfindən ələ keçirilməsi perspektivi realdır. Hər iki halda bu, Avropa İttifaqının mövcudluğunun sonu demək olacaq.
Müəllif yazır ki, Aİ artıq populistlərin əsas məqsədinə çevrilib. Onların da məramı Aİ-dən uzaqlaşmaqdır. Bu təhlükə ilk dəfə Yunanıstanda qeydə alınıb - 2015-ci ilin yanvarında solyönümlü "Siriza”nın hakimiyyətə gəlməsi ilə. Düzdür, bu partiya Yunanıstanı Aİ-dən çıxarmağı qarşıya məqsəd qoymamışdı, sadəcə, kreditor ölkələrlə razılaşma şərtlərini asanlaşdırmaq niyyətində idi. Onlar isə Yunanıstan üçün ağır büdcə şərtləri irəli sürürdülər. Ən önəmlisi isə odur ki, solların mövqeyi vətəndaşların mövqeyi ilə üst-üstə düşürdü. Bu səbəbdən də 2015-ci ilin iyununda seçicilərin əksəriyyəti kreditorların Yunanısan üçün təklif etdiyi təklifləri rədd etdilər. Həmin təkliflər isə dövlət xərclərinin kəskin şəkildə azaldılmasını nəzərdə tuturdu.
Digər ölkələrdə də vəziyyət ürəkaçan deyil. Avstriyada sağların populizm ideyalarını dəstəkləyənlərin sayı artır. Almaniyada da analoji vəziyyətdir. Bu il Avropa İttifaqının bel sütununu təşkil edən bu ölkədə seçkilər keçiriləcək və onun nəticəsi hazırkı kansler Angela Merkel üçün acınacaqlı ola bilər.
Ən ağrılı məsələlərdən biri olan miqrantlar məsələsi də əksər Avropa ölkələrində bütün çılpaqlığı ilə üzə çıxıb. Əksər ölkələr ümid edirdilər ki, Türkiyə ilə əldə olunan razılaşma problemi həll edəcək. Lakin bu, baş vermədi. Əksinə, rəsmi Ankara ilə Brüssel arasındakı ziddiyyətlər daha da dərinləşdi. Türkiyənin PKK və onun havadarı HDP-yə qarşı apardığı mübarizə Avropaya xoş gəlmədi və nəticədə Türkiyə üzvlük barədə danışıqları dondurulması təklifi gündəmə gəldi. Rəsmi Ankara da buna cavab olaraq Brüsseli ikili standartlardan çıxış etməkdə günahlandırdı.
Yeri gəlmişkən, nüfuzlu "Eurasia Group”un nəşr etdiyi hesabatda da 2017-ci ildən gözləntilər öz əksini tapıb.Dünyanın ən böyük siyasi məsləhət şirkəti "Eurasia Group”a görə, 2017-ci il Donald Trampın rəhbərlik edəcəyi ABŞ, yoluna eyni iqtisadi artım rəqəmləri ilə davam edən Çin və yeni ilə zəifləyən baş naziri ilə başlayan Almaniya üçün ikinci dünya müharibəsindən bu yana ən dalğalı il ola bilər. Şirkət hesabatında"beynəlxalq müharibə və ya iri dövlət müəssisələrinin iflası düşünülə bilər” ifadələrinə yer verib. "Eurasia”nın hesabatına görə, Trampın Rusiya ilə "buzları” əridəcəyisiqnalları verməsi, NATO-ya şübhə ilə yanaşması və Avropada yüksələn sağ ilə yaxınlığı, İkinci dünya müharibəsindən sonra yaranmış qlobal sistemi zəiflədir."Eurasia Group” Almaniya, Fransa, Niderlanddakı seçkiləri, Böyük Britaniyanın Avropa İttifaqından çıxma prosesinin başlamasını, ABŞ-da güc nisbətlərinin dəyişməsinin inkişaf edən iqtisadiyyatlarda yaratdığı təzyiqi və Avropadakı qaçqın böhranını 2017-ci ilə sabitliyə yönələn başlıca təhdidlər arasında görür.
Hesabata görə, Çinin dövlət başçısı Tsi Cinpin ABŞ-ın ölkəsi ilə bağlı siyasətini dəyişməsinə sərt cavab verə bilər: "O, milli sabitliyi təmin etmək üçün hər hansı bir iqtisadi problemə də həddən artıq reaksiya verə bilər. Aİ-Türkiyə arasında imzalanan, ancaq həyata keçməyən qaçqın müqaviləsi, Yunanıstanın borc böhranı və Brexit-dən sonrakı atmosferlə üzbəüz olan Almaniya kansleri Angela Merkel payızda seçki yarışına girəcək”. Merkelin ardıcıl dördüncü dövrdə də qələbə qazanacağını nəzərdə tutan "Eurasia”yaya görə, Fransada apreldə baş tutacaq seçkilərdə ifrat sağçı Milli Cəbhənin qalib çıxması ehtimalı böyükdür. "Bloomberg” televiziyasına danışan Nyu-York Universitetinin iqtisadiyyat üzrə professoru Nouriel Roubini, Milli Cəbhə lideri Marina Le Penin Fransada prezident seçkisindən qalib çıxmasının Avropa üçün ən böyük risk olduğunu deyib:"Əgər Le Penvəzifəyə gələrsə, İtaliyada da Aİ əleyhdarı bir partiya qalibolarsa,bu, Avropa və avrobölgəsinin sonu ola bilər”. Ümumiyyətlə, "Eurasia”nın 2017-ci il üçün nəzərdə tutduğu digər risklər belədir:
1."Müsbət gedişatda” olan Çin xaric, aralarında Türkiyə, İtaliya, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Birləşmiş Krallığın da olduğu 14 ölkədə iqtisadi islahatların çatışmazlığı,
2.Siyasətçilərin iqtisadi çətinliklərdə başda Amerika FED olmaqla, mərkəzi bankları ittiham etmələri. "Eurasia Group” bu tip "ittihamların” 2017-də qlobal bazarlar üçün risk yaradacağını deyir,
3. Şimali Koreyanın nüvə proqramının ABŞ üçün təhlükə yaratması.
4.Türkiyədə dövlət nəzarətinin artması, faizlərin aşağı saxlanılması üçün təzyiqin güclənməsi və iqtisadiartımda yavaşlamanı dayandırmaq üçün maliyyə təşviqlərinə olan asılılığın artması.
Beləliklə, hər iki nəşrin yazdıqlarından bu qənaətə gəlmək olar ki, 2017-ci il dünya tarixinə ciddi sınaqlar və silkələnmələr ili kimi düşə bilər. Keçirilən son sorğular və verilən proqnozlar da bunu deməyə əsas verir.
Azər
banner

Oxşar Xəbərlər