• cümə, 29 Mart, 19:06
  • Baku Bakı 14°C

Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü tədbiri keçirilib

17.02.17 16:45 1549
Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü tədbiri keçirilib
Fevralın 16-da Avropa Azərbaycan Məktəbinin (AAM) geniş iclas salonu yenə qapılarını Beynəlxalq Ana Dili Günü ərəfəsində müəllimlərin, şagirdlərin, valideynlərin və məktəbə dəvət olunmuş qonaqların üzünə açıb. Azərbaycanın tanınmış mədəniyyət xadimləri – Azərbaycan İncəsənət Universitetinin Səhnə Danışığı kafedrasının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov və kafedranın dosenti, bədii qiraət ustası Məleykə Alı qızı məktəblilərlə görüşə gəliblər.
Avropa Azərbaycan Məktəbinin 2016-2017-ci dərs ilinə aid illik planlaşdırmasında nəzərdə tutulmuş "Beynəlxalq Ana Dili Günü” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri idi.
Tədbirə hazırlaşarkən məktəbin şagirdləri Azərbaycan yazılı və şifahi ədəbi dili üzrə bacarıqlarını yaxşılaşdırmaq üçün mütaliə, ifadəli oxu, aktyorluq bacarıqlarının nümayişi istiqamətində müxtəlif fəaliyyətlərə cəlb olunmuşdular. Nümunəvi çıxış edə bilən şagirdlər tədbir zamanı öz bacarıqlarını tamaşaçılar qarşısında nümayiş etdiriblər.
Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, Əməkdar müəllim H.Şahbəndəyev açaraq ələmətdar günün tarixi, görüşün məqsədi haqqında məlumat verib. Görüşün sonrakı axarı məktəblilərin ixtiyarına verilib.
Əməkdar artist Azad Şükürovun dilimizə məhəbbət və vətənpərvərlik ruhunda çıxışı, "Yetim segah”ın sədaları altında söylədiyi müharibə acılarından bəhs edən şeir məktəblilərin yaddaşında uzun zaman yaşayacaq.
Xəlil Rza Ulutürkün "Mənim dilim” şeirini ifa edən Aytac Aslanlının və Gülsüm Cəfərovanın çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılanıb.
İsmayılzadə Nur "Şirin dil” mahnısını ifa edərkən təkcə musiqi istedadını nümayiş etdirmirdi, həm də dilimizə məhəbbətini öz müəllimləri və şagird dostları ilə bölüşürüb.
Bədii qiraət ustası Məleykə xanım Alı qızının Azərbaycan dilinə məhəbbət aşılayan çıxışı, tövsiyələri və ifaçılıq mədəniyyəti salondakılar tərəfindən hərarətlə alqışlanıb.
S.Vurğunun "Vaqif” pyesindən kiçik bir hissəni səhnələşdirən 6-7-ci sinif şagirdlərinin - Qərib Hacıyev, Murad Hacıyev, Nihad Vəlili, Fəxri Qacar və Murad Əliyevin çıxışları olduqca gözəl təsir bağışlayıb. Şagirdlərin natiqlik məharəti, nitq mədəniyyəti və aktyor sənəti haqqında suallarına qonaqlar tərəfindən əhatəli və səmimi cavablar verilib.
Tədbir AAM-ın Kadrlar və İR üzrə direktoru Amalya Sezgin tərəfindən yekunlaşdırılıb. O, hörmətli qonaqlara AAM-da təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün təşəkkürünü bildirib.
Sonda müəllim və şagirdlərlə qonaqlar xatirə şəkilləri çəkdirdilər. Tanınmış səhnə ustaları ilə görüş məktəb həyatında yaddaqalan saatlardan, şərəfli səhifələrdən biri kimi tarıxə qovuşdu.


banner

Oxşar Xəbərlər